Azərbaycanda yeni növ yanacaqdoldurma stansiyaları inşa olunur - VİDEO
Azərbaycanda yeni yanacaq növü olan sıxılmış təbii qaz (CNG - Compressed Natural Gas) adlandırılan yanacağın istehsalı və satışı məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR-CNG” MMC adlı törəmə müəssisəsi yaradılıb. Avtosfer.az "report"a istinadən xəbər verir ki, açılacaq CNG stansiyaları vətəndaşlar üçün həm yeni iş yerləri, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadə etmək baxımından əhəmiyyətlidir.
"SOCAR-CNG” MMC-nin birinci layihəsi və müvafiq olaraq birinci qazdoldurma kompressor stansiyası yeni yaradılan “BakuBus” MMC-yə məxsus olan Zığ avtobus parkının yaxınlığında inşa olunub. Məhz bu stansiyada ilk Avropa Oyunları üçün fəaliyyətə başlayan depodakı avtobuslar yanacaqla təmin ediləcək. Stansiyada 4 saat ərzində 300 avtobusu yanacaqla (təxmini 50 min kubmetr) təmin etmək mümkündür.
Ümumi ərazisi 1,3 hektar olan Zığ stansiyasında İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.
Avropada ilk dəfə “Birləşmiş Qablar” metodu ilə işləyən texnoloji dizayn Zığ qazdoldurma stansiyasında tətbiq edilib və burada maye qaz kompressorlarda 200-250 bar təzyiqlə sıxlaşdırılır. Sıxılmış qazın maye qazdan (LPG) fərqi onun soyutma olmadan qaz halında çənə vurulması imkanındadır. Sıxılmış qazın tərkibindəki əsas maddələr isə metan, etan, butan və propandır: metan - 75-90%, etan - 5-15%, propan - 5%, butan - 5% olduğu halda, yanacağın oktanı təxminən 120-125-dir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin KİV-ə verdiyi məlumata görə, gələcəkdə CNG stansiyalarının sayının artılaraq ölkə üzrə hər 180 km-dən bir quraşdırılması nəzərdə tutulur.
Ənənəvi yanacaq növlərindən fərqli olaraq CNG-nin istifadəsi zamanı dəm qazı tullantıları 90% azdır. Onun tərkibində azot (N) və kükürd (S) olmadığı üçün təhlükəli NO və SO tullantıları olmur və yaxud sıfıra yaxındır.
CNG-dən təyyarə, gəmi, ağır yük avtomobilləri kimi hər tip nəqliyyatda istifadə edilə bilər. Dünyada CNG-dən ən çox nəqliyyatda istifadə olunur və təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasıyasının son illər üçün məlumatına görə təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı ikirəqəmli əmsalla artıb.
Qeyd edək ki, CNG-nin ən çox istifadə edildiyi ölkələr sırasında İran, Pakistan, Argentina, Braziliya, Çin, Hindistan, İtalya və s. var, dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı isə 20 mln.-a yaxındır.