AZPROMO: Azərbaycan məhsullarının Ukraynada daha geniş yer tapmasına dəstək veriləcək

Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycan və Ukraynanın hər iki ölkədəki səfirlərinin təşəbbüsü ilə “Ukrayna-Azərbaycan: Qlobal çağırışlar zamanı iqtisadi əməkdaşlıq” mövzusunda onlayn konfrans keçirilib.
Avtosfer.az "Reporta" istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, konfransda iştirak edən ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova qeyd edib ki, pandemiya dövründə Azərbaycan və Ukrayna arasında iqtisadi və ticarət əlaqələri uğurla davam etdirilir:
“İki ölkə arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial böyükdür. Nəqliyyat daşımalarında qiymət siyasətinə yenidən baxılması və Ticarət Evlərinin daha effektli fəaliyyəti üçün dövlət dəstəyi artırılmalıdır. Ukrayna şirkətləri üçün Azərbaycana investisiya yatırmaq əlverişli və təhlükəsizdir”.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə Ukraynada fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə lazımi dəstəyin verilməsi üçün güclərini səfərbər edəcəklərini və Azərbaycan şirkətlərinin öz milli məhsullarının Ukrayna bazarlarında daha geniş yer tapmasına dəstək verəcəklərini bildirib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan pandemiya dövründə nəqliyyat dəhlizindən səmərəli və təhlükəsiz istifadə üçün üzərinə düşən bütün öhdəlikləri həyata keçirib: “Ona görə də bu ilin 5 ayında yük daşımaları ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Onun sözlərinə görə, Ukraynadan gələn yüklərin deklarasiya məsələsində bəzən problemlər olur. Bu da yüklərin daşınmasında əngəllər yaradır”.
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Azər Əliyev çıxışında regional logistik platformanın yaradılması konsepsiyası, GUAM Nəqliyyat Dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan və Ukrayna yük daşımalarında qiymət siyasətinə dair ortaq məxrəcə gəlmək üçün müvafiq işlər görülür.
Qeyd edək ki, onlayn konfransdan öncə Azərbaycanın Ukraynadakı səfiri E.Axundova ilə Ukrayna Ticarət və Sənaye Palatasının sədri Gennadi Çijikov arasında ikitərəfli görüş keçirilib.













