Banner

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi birmənalıdır

Gündəm 20 İyul 2020 13:10 Oxunub 1046
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi birmənalıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tənzimlənməlidir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək tənzimlənməməsinin əsas səbəbi dünya birliyinin bu ədalətsizliyə obyektiv yanaşmaması, həmçinin işğalçı ölkənin qeyri-konstruktiv münasibətidir. 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Bu və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, indiyədək yerinə yetirilməyib. Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurasının digər ölkələrlə bağlı qəbul etdiyi qətnamələr dərhal yerinə yetirilir, ancaq sözügedən dörd qətnamənin qəbulundan 27 il keçsə də, hələ də “icra mexanizmi tapılmır”.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, münaqişənin tənzimlənməsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən bu vaxta qədər səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Hər dəfə işğalçı ölkədə hakimiyyət dəyişikliyi baş verəndə yerli əhalinin heç bir əhəmiyyəti olmayan münaqişəyə son qoyulacağına və Ermənistanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşacağına ümidləri alt-üst olur. Çünki bu ölkədə faşizm ideologiyasına əsaslanan təcavüzkar siyasət prioritet təşkil edir. Digər səbəb isə odur ki, münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan rəhbərliyinin əsas məqsədi danışıqları imitasiya üçün aparmaq, yəni, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmək və bu yolla status–kvonu saxlamaqdır.

Ermənistanda sonuncu dəfə hakimiyyət dəyişikliyi baş verəndə və Nikol Paşinyan rəhbərliyə gələndə həm yerli, həm də beynəlxalq ictimaiyyətdə ölkədə əsaslı siyasi dönüş yaradılacağına böyük ümid yaranmışdı. Ancaq baş nazirin küçə təfəkkürlü olması bu ümidləri puça çıxardı. Onun meydanlarda verdiyi vədlərin yalan olduğu bir daha özünü açıq şəkildə büruzə verdi. Ölkəyə rəhbərliyindən sonra baş verənlər isə Paşinyanın sələfləri ilə müqayisədə daha qəddar və aqressiv olduğu özünü çox gözlətmədi. Onun yersiz şəkildə Azərbaycanın işğal altındakı ərazilərinə səfərləri, hətta oğlunun da Dağlıq Qarabağda “hərbi xidmət keçməsi” münaqişənin daha da sərtləşdiriləcəyindən xəbər verirdi. Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərində keçirilən toplantılarda “Qarabağ Ermənistandır” deməsi onun danışıqlar masasından birdəfəlik uzaqlaşmasına mesaj idi. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də riyakar beynəlxalq təşkilatlar seyrçi mövqe tutdu. Bu da Paşinyanı daha da quduzlaşdırdı. Nəticədə sərhədboyu ərazilərdə yeni təxribatlara, günahsız insanların qətllərinə rəvac verildi. Söz yox ki, hər dəfə də Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını aldılar.

Azərbaycan dövləti, o cümlədən dünya ictimaiyyəti bu günə qədər beynəlxalq təşkilatların, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, konkret bəyanatlar verməyi gözləyir. Dünya birliyinə də bəllidir ki, münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Çünki biz daim həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Dövlət başçısı mühüm beynəlxalq tədbirlərdə, həmçinin xarici ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərində Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşizm ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəklədiyini bütün dünyaya bəyan edib.

Bu il iyulun 12-də Azərbaycanın Tovuz rayonu ərazisində törədilən təxribatlar, silahlı qüvvələrimizin mövqeyinin və kəndlərimizin artilleriya qurğusundan atəşə tutulması nəticəsində bir neçə hərbçinin və kənd ağsaqqalının qətlə yetirilməsi Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürü idi. Beynəlxalq təşkilatların susqunluğu Ermənistanı növbəti təxribata şirnikləndirdi. İşğalçı ölkə bu təxribatı ilə ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmağa cəhd edirdi.

Təbii ki, bu dəfə də Ermənistan ordusu Silahlı Qüvvələrimiz tərəfindən ciddi təzyiqlə üzləşdi və Aprel döyüşlərində olduğu kimi, ağır itkiyə məruz qaldı. Dövlətimizin başçısı da bu günlərdə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu faktı diqqətə çatdırdı. Dedi ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Ali Baş Komandan qəti olaraq bildirdi ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır, qalmadı da. Düşmənə sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Ölkə Prezidenti ikili standartlardan əl çəkə bilməyən beynəlxalq təşkilatlara, o cümlədən bu ədalətsizliyə göz yuman dünya birliyinə də qəti mövqeyini açıqladı: “Azərbaycan xalqı bu mənasız danışıqlardan bezib. Ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu barədə düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil. Bu gün biz güclü ordu yaratmışıq. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh