“Daxili Qoşunların anti-koronavirus savaşı hərbçilərimizin fədakarlığına bariz nümunədir”

“Koronavirusa qarşı mübarizə çərçivəsində bütün dünyada olduğu kimi ölkəmizdə də həkim və polislərin, eləcə də media nümayəndələrinin səfərbər olunduğu, bu “qızıl üçlüyün” mahiyyət etibari ilə “müdafiə üçbucağı” əmələ gətirdiyi şübhəsizdir. Lakin bu mübarizənin digər bir halqası da mövcuddur ki, onların da əməyinin lazımınca dəyərləndirilməsi, təqdir olunması olduqca vacibdir. Polis, həkim və jurnalistlərlə yanaşı, koronavirusa qarşı mübarizə cəbhəsində yer alan daha bir qüvvə DİN-nin Daxili Qoşunlarıdır”.
Bunu jurnalist-tarixçi Seymur Əliyev bildirib. Jurnalistin sözlərinə görə, koronavirusa qarşı mübarizədə göstərdiyi fədakarlıq Daxili Qoşunlar tarixinin ən şərəfli səhifələrindən birinə çevriləcək:
“Məlum olduğu kimi, DİN-nin Daxili Qoşunları Qarabağ müharibəsinin gedişatında yaranıb və erməni işğalçılarına qarşı döyüşlərdə möhkəmlənib. Hesab edirəm ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda insanlarımızın həyatını erməni süngüsündən xilas edən Daxili Qoşunların bu gün eyni xilas əməliyyatını koronavirusa qarşı Bakı küçələrində həyata keçirməsi, bu qoşun növünün dövlətimiz və xalqımız üçün əhəmiyyətindən xəbər verir. Daxili Qoşunların anti-koronavirus savaşı hərbçilərimizin fədakarlığına bariz nümunədir. Bu mübarizə Daxili Qoşunların şərəfli döyüş yoluna, mübarizə tarixinə qızıl hərflərlə həkk olunacaq”.
“Daxili Qoşunlar dünyadakı əksər analoqlarından ciddi üstünlüyə malikdir”
Seymur Əliyev Daxili Qoşunların koronavirusa qarşı mübarizə əsnasında atdığı addımlar, ortaya qoyduğu əzmin digər dünya dövlərləri üçün də nümunə olduğunu vurğuladı:
“Koronavirusa qarşı mübarizə tədbirləri fonunda sadəcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində, eləcə də ABŞ-da müxtəlif hərbi birləşmələr, qoşun növləri, milli qvardiyalar bu savaşa cəlb edilib. Lakin biz beynəlxalq mediada yer alan məlumatların təhlili aparsaq görərik ki, Azərbaycanın Daxili Qoşunları bu mübarizədə nəinki dünyadakı analoji qoşun növlərindən geri qalmır, əksinə, nümunəvi xidməti, çevik reaksiyası, ciddi intizamı və xidməti borcuna hədsiz məsuliyyəti ilə onlar üçün örnəyə çevrilir. Koronavirusun doğurduğu psixoloji gərginlik fonunda belə vətəndaşlara münasibətdə özünəməxsus nəzakət sərgiləyən, polis əməkdaşları ilə birlikdə gecə-gündüz xüsusi karantin rejiminin şərtlərinə əməl edilməsinə nəzarət edən Daxili Qoşunlar, öz xidməti fəaliyyətləri ilə bütün dünyaya bu cür situasiyalarda necə davranmaq mesajını verməkdədir”.
“Onlar hər zaman görünən və görünməyən düşmənlərlə mübarizəyə hazırdır”
Seymur Əliyevin fikrincə, koronavirus olayları fonunda DİN-nin Daxili Qoşunların proseslərə aktiv müdaxiləsi bu qoşun növünün hədsiz çevikliyindən xəbər verir:
“Daxili Qoşunların qəfil meydana çıxan koronavirus xəstəliyi fonunda dərhal ayağa qalxması, mübarizə tədbirlərində aktiv rol oynaması bu qoşun növünün çevikliyindən, yüksək hazırlıq səviyyəsindən xəbər verir. Bu, DİN-nin Daxili Qoşunlaırnın görünən və görünməyən istənilən düşmənlə mübarizəyə hazır olduğunu, ən mürəkkəb situasiyalarda belə mətinlik, əzmkarlıq sərgiləməyə qadir olduğunu göstərir. Bu qoşun növündə çevik manevr qabiliyyətinin, situasiyaya dərhal uyğunlaşmaq və ona adekvat reaksiya vermək bacarığının ən yüksək səviyyədə qərarlaşması isə heç şübhəsiz DİN rəhbərliyi və Daxili Qoşunlar komandanlığının peşəkarlığı, qoşun xidmətinin düzgün təşkili ilə əlaqədardır.
İnanırıq ki, Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Daxili Qoşunlar 90-cı illərdə olduğu kimi, yenə də bu mübarizənin ön xəttində yer alacaq və hər zaman, hər cəbhədə olduğu kimi, burada da öz qəhrəmanlığı ilə yeni bir tarix yazacaqdır”.













