Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana gözlənilən səfəri iki ölkə arasındakı münasibətləri yenidən gündəmə gətirib. Azərbaycan və Türkiyə uzun illərdir siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq edir. Son dövrlərdə isə iki ölkə arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları da müzakirə olunur. Səfər zamanı tərəflər arasında hansı məsələlərin müzakirə olunacağı və yeni razılaşmaların əldə edilib-edilməyəcəyi diqqət çəkir.
Bəs Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına hansı yeni töhfələri verə bilər?
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Zəfər Günündə Azərbaycana nəzərdə tutulan səfəri iki ölkə arasındakı münasibətlər baxımından mühüm siyasi əhəmiyyət daşıyır:

"Azərbaycan və Türkiyə münasibətləri adi diplomatik əlaqələr çərçivəsindən kənara çıxaraq strateji müttəfiqlik, ortaq tarix, milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində formalaşıb. Bu baxımdan, Ərdoğanın Zəfər Günü kimi əlamətdar bir tarixdə Azərbaycana səfəri həm siyasi, həm də mənəvi mesaj daşıyır. Bu səfər iki ölkə arasında mövcud əməkdaşlığın daha genişləndirilməsi, iqtisadi və siyasi təşəbbüslərin müzakirəsi üçün əlverişli imkan yaradacaq. Son dövrlərdə Azərbaycan və Türkiyə arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqlarının gündəmə gəlməsi də diqqətdən kənarda qalmamalıdır. Lakin nəzərə almaq lazımdır ki, iki müttəfiq dövlətin bütün regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etməsi mütləq deyil. Hər iki ölkənin öz milli maraqları, dövlətçilik prioritetləri və müstəqil xarici siyasət xətti var. Əsas məsələ bu fərqli yanaşmaların qarşılıqlı münasibətlərə xələl gətirməsinə imkan verməmək, məsələləri qarşılıqlı hörmət və anlaşma şəraitində müzakirə etməkdir. Ərdoğanın səfəri zamanı mövcud fikir ayrılıqlarının müzakirəsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində mühüm addımlar atıla bilər. Bunun üçün ən doğru yol dövlət başçıları arasında birbaşa dialoqun davam etdirilməsi, diplomatik kanalların aktiv saxlanılması və həssas məsələlərdə qarşılıqlı mövqelərin nəzərə alınmasıdır. Müdafiə sənayesi, enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi münasibətlərin dayanıqlılığına əlavə töhfə verə bilər”.
Deputat əlavə olaraq qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi müzakirələrdən və müəyyən dövrlərdə ortaya çıxan fikir ayrılıqlarından daha geniş tarixi və strateji təmələ malikdir:
“Qardaşlıq münasibətləri yalnız ortaq mövqelərdə deyil, fikir ayrılıqlarının qarşılıqlı hörmət əsasında həllində də özünü göstərməlidir. Azərbaycan və Türkiyə bundan sonra da suverenliyə, müstəqil qərarvermə hüququna və qarşılıqlı etimada əsaslanan müttəfiqlik münasibətlərini inkişaf etdirməlidir".
Politoloq Zeynal Əmrəliyevin fikrincə isə, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir:

"Son zamanlarda baş verən soyuqluq müqabilində bu səfərin çox böyük əhəmiyyəti var. Çox təəssüflər olsun ki, Türkiyədəki bəzi dairələr iki ölkənin münasibətlərinə xələl gətirmək istiyirdilər. Yəni bunlar da sırf hakimiyyətdə olan AK Partiyaya (Ədalət və İnkişaf Partiyası) yaxın qüvvələr idi. Bu mümkün deyil, çünki Azərbaycan və Türkiyə bir-birinə o qədər sıx qardaşlıq telləri ilə bağlıdır ki, onların arasında nifaq salmaq, hansısa bir formada təhlükə törətmək, əlaqələri pozmağa çalışmaq alınan bir məsələ deyil. Hər iki dövlət başçısının apardığı siyasət də məhz bu cür bədnam qrupların fəaliyyətini heçə endirir. Rəcəb Tayyib Ərdoğan məhz həmin qüvvələri yerində oturtdu. Bu səfərdən sonra əlaqələrin daha da genişlənməsi baş verəcək və həmin qüvvələrə bir növ dərs xəbərdarlığı olacaq. Bundan sonra qardaşlıq münasibətlərinin genişlənməsi üçün imkanlar var. Türkiyə bizim qardaşımızdır və hər zaman da elə qalacaq. Bəzi şəxslər ki, var dil uzadırdılar bu tərəfə, onların da layiqli cavabını elə Türkiyə dövləti özü verdi".
Züleyxa
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir












