Ərşad Hüseynov Bakı-Gəncə-Ağstafa qatarından YAZDI

Ölkəmizdə qatarla sərnişin daşımaya yeni bir nəfəs gəlməkdədir. Ötən həftənin sonunda Bakı-Qəbələ-Bakı marşrutu üzrə rəmzi səfərdə mən də iştirak etdim. Bu gün isə daha bir xoş xəbər gəldi ki, Martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürət qatarının marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq.
Bakı-Gəncə-Ağstafa marşrutu barədə verilən məlumatlar bu marşrutun irəliyə doğru ciddi bir addım olduğunu göstərir.
ADY-nın (“Azərbaycan Dəmir Yolları” QSC-nin) yaydığı məlumata əsasən, sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq.
Qiymətlər Gəncəyə qədər standart sinif üçün 15, Tovuza 16, Ağstafaya isə 17 manatdır.
Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Qatar Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacaq. Ölkəmiz üçün kifayət qədər gözəl göstəricidir, çünki qatarın orta sürəti 90-100 km/saat təşkil edəcək. Müqayisə üçün bildirirəm ki, Bakıdan Ağstafaya yol hərəkəti qaydalarını, o cümlədən sürət rejimini pozmadan bu müddətdə minik avtomobili ilə getmək mümkün deyil. Avtobusla səyahət isə (təbii ki, qaydaları pozmamaqla) daha uzun müddət edəcək.
Ümumiyyətlə, dəfələrlə vurğuladığımız kimi, qatarla şəhərlərarası səyhət yerüstü nəqliyyatın qalan bütün növlərindən (avtobslardan, mikroavtobuslardan, taksilərdən və fərdi avtomobillərdən) əhəmiyyətli dərəcədə təhlükəsizdir.
Komfort da öz yerində. Qatarla səfər zamanı kitab oxuya, internetdə işlərinizi həll edə bilərsizniz. Çay və ya kofe içmək, yemək yemək də çox rahatdır. Sərnişin kresloları sizi yormur, avtomobildəki gərginlik, qəzaya düşmə qorxusu, cərimə olunma riski yoxdur. Bir sözlə, qatarla səyahət stressiz, hətta əyləncəli səyahətdir.
Düşünürəm ki, şəhərlərarsı marşrutlarda qatarların çoxalması ölkəmizdə yol hərəkəti təhlükəsizliinə də ciddi töhfə verəcək, minivenlərin, mikroavtobusların, minik avtomobillərinin Respublika yollarında düşdüyü qəzalar azalacaq. Bakı-Gəncə-Ağstafa marşrutu üzrə sürət qatarının işə düşməsi ölkəmizin qərb zonasında ictimai nəqliyyata da yeni nəfəs verə bilər. Gəncədə, Tovuzda və Ağstafada dəmir yol stansiyası yaxınlığında nəqliyyat mübadilə mərkəzi yaratmaqla multimodal daşımalar təşkil edilməsi mümkündür. Bu, baş verdikdən sonra Bakı-Gəncə-Ağstafa qatarı ilə Daşkəsən, Gədəbəy, Şəmkir, Samux, Göygöl, Qazax rayonlarına da rahat gedib-gəlmək mümkün olacaq.
Ümid edirəm və əminəm ki, çox uzaqda olmayan gələcəkdə ADY bizə Bakı-Ağdam-Xankəndi və Zəngəzurdan keçməklə Bakı-Naxçıvan qatar reysi barədə də məlumat verəcək. İnşallah, xalqımızın iradəsi və dövlətimizin gücü sayəsəndə bu da mümkün olacaq.
Ərşad Hüseynov













