Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin vurulmasına görə Rusiya tərəfi daha dəqiq terminlərlə üzr istəməli və kompensasiya ödənişi həyata keçirilməlidir.
Avtosfer.az xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 telekanalının efirində "İşgüzar səhər" verilişində deyib.
O qeyd edib ki, qəza ilə bağlı araşdırmanın açıqlanan ilkin nəticələri Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulduğunu açıq şəkildə göstərir.
"Azərbaycan tərəfi heç vaxt bildirməyib ki, Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini qəsdən vurub. Əlbəttə ki, bu, xoşagəlməz bir hadisədir. Amma bu qəsdən olmayan hərəkətə görə də Rusiya tərəfi açıq şəkildə tam olaraq üzr istəməlidir. Rusiya tərəfi hadisə ilə bağlı indiyədək olan açıqlamalarında "Rusiya hava məkanında baş verən bədbəxt hadisə" ifadəsini istifadə edib".
F.Hüseynəliyev vurğulayıb ki, bu, Rusiya hava məkanında bədbəxt hadisə deyil:
"Bu, Rusiya hava hücumundan müdafiə qüvvələrinin atdığı səhv bir addımdır. Hadisə ilə səhv fərqli anlayışlardır. Ona görə də düşünürəm ki, daha dəqiq terminlərlə üzr istənilməlidir", - deyə F.Hüseynəliyev vurğulayıb.
Agentlik direktoru onu da əlavə edib ki, növbəti mərhələdə kompensasiya ödənişi və təyyarənin vurulmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həyata keçirilməlidir:
"Rusiya tərəfinin hansı addımları atacağını proqnozlaşdırmaq bir qədər çətin olar. Çünki Rusiya tərəfi əvvəldən də tam aydın şəkildə hadisənin necə baş verdiyini bilirdi. Onların hansı addımları atacağını yaxın günlərdə görəcəyik. Ancaq reallıqdır ki, artıq Rusiya "Telegram" kanallarında ortaya atılan sərsəm iddiaların üstündən tam xətt çəkilir. Rusiya tərəfi də anlayır ki, bunu gizlədə bilməyəcək".
F.Hüseynəliyev hadisənin ilk günlərində baş verən məsələnin diplomatik yolla yatırılması cəhdlərinə də diqqət çəkib:
"Qəzanın hansısa diplomatik yollarla yatırılması cəhdləri də olurdu. Amma Azərbaycan tərəfinin qətiyyəti göstərdi ki, biz bu məsələdə hər hansı bir kənar istiqamətdə araşdırma aparılmasına imkan verməyəcəyik. Ona görə də "qara qutular" açılmaq üçün məhz Braziliyaya göndərildi. Halbuki Dövlətlərarası Aviasiya Komitəsi var və bu qurum MDB məkanında baş verən aviaqəzaların "qara qutuları"nın açılmasını da həyata keçirir. Amma qurum Rusiyada yerləşir. Sırf şəffaf araşdırmaya görə "qara qutular" Braziliyaya göndərildi".
F.Hüseynəliyev diqqətə çatdırıb ki, təyyarənin idarəetmə sistemləri itirildikdən yalnız səkkiz dəqiqə sonra "Kovyor" əməliyyatı barədə məlumat verilib:
"Təyyarə vurulandan səkkiz dəqiqə sonra Qroznıda həyata keçirilən "Kovyor" əməliyyatı barədə məlumat verilib. Açıqlanan ilkin nəticələr bunu deyir. Bununla həm də Rusiyanın istinad etdiyi təyyarə ekipajı "Kovyor" əməliyyatı barədə məlumatlı idi" tezisinin yalan olduğu üzə çıxır. Təyyarənin quş sürüsü ilə toqquşması və ya hava balonunun partlaması barədə ortaya atılmış fikirlərin də əsası olmadığı müəyyənləşib".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










