Millət vəkili beynəlxalq təşkilatlara səsləndi – Üzvlüyümüz bizə nə verir?

Məlum olduğu kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Həlak olanlar arasında, orduda çox böyük hörmətə malik olan, general-mayor Polad Həşimov da var idi.
Cənab Prezident öz çıxışlarında dəfələrlə bildirib ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Bu çox haqlı bir iraddır. Diplomatiya nədir? Diplomatiyanın bir çox istiqaməti var. Xarici İşlər Nazirliyinin, səfirliklərimizin apardığı iş ancaq bir istiqamətdir. Vətəndaş cəmiyyəti, Parlamentlərarası münasibətlər, media diplomatiyası və s. kimi müxtəlif istiqamətlər var. Və bu istiqamətlərin hər birinin öz yeri var, hər istiqamətdə ciddi işləmək lazımdır.
Mən Milli Məclisin deputatı və ölkəmizin AŞPA-dakı Nümayəndə heyətinin üzvü olaraq hazırda onlarla məktub hazırlayıram – müxtəlif ölkələrin deputatlarına, AŞPA-dakı komitələrə, beynəlxalq mətbuata, beynəlxalq təşkilatların katibliklərinə. Bilirəm ki, həmkarlarım da bunu edir. Bütün bu qurumlara Azərbaycanın mövqeyini çatdırmağa çalışmalıyıq. Yorulmamalıyıq, qətiyyətli olmalıyıq. Cənab Prezidentin söylədiyi kimi, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinməməliyik. Göndərilən 10 məktubdan 1-i bizim istədiyimiz nəticəni gətirərsə, bu da nailiyyətdir.
Mövqeyimə gəldikdə isə, o belədir ki, hal-hazırda Avropada, Avropa Şurası və ATƏT-in üzv dövlətlərindən biri olan, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş hüquqları kobud şəkildə pozulur. Avropanın ərazısində təhlükəsizlik və əməkdaşlıq prinsipləri pozulur. ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilarlar öz mandat və missiyalarında nəzərdə tutulmuş prinsiplərə üzv dövlətlər tərəfindən əməl olunmasını təmin edə bilmirsə, üzv dövlətlərdən biri beynəlxalq hüququn prinsiplərini, bu təşkilatların işinin təməl prinsiplərini pozursa, ya o dövlət təşkilatdan uzaqlaşdırılmalıdır, ya da təşkilat mandat və missiyasına yenidən baxmalıdır, sadə dillə desək fəaliyyətini dayandırmalıdır.
ATƏT-in sədri, Azərbaycan və Ermənistana ünvanlanmış, sərhəddə mövcud vəziyyətin deeskalasiyası və atəşkəsin bərpası ilə bağlı çağırış tərkibli bəyanat verir və bununla da kifayətlənir. Lakin biz bununla kifayətlənməməliyik!
Deeskalasiya və atəşkəsə çağırış əvəzinə ATƏT tərəflər arasında daimi sülhün bərpasına çağırış etməlidir və bu sülh ancaq ATƏT-in fəaliyyətinin başlıca prinsiplərindən olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslana bilər. Əgər ATƏT-in üzvlərindən biri olan Ermənistan bu prinsiplərə əməl etmirsə, bu prinsipləri kobud şəkildə pozaraq digər dövlətin ərazisini işğal edirsə, ya Ermənistan bu təşkilatdan çıxarılmalıdır, ya da ATƏT missiya və mandatına yenidən baxmalıdır, çünki hazırki vəziyyətdə onun fəaliyyəti mənasızdır.
Diplomatlar daha çətin terminlərlə danışa bilər, amma biz deputatlar daha sadə və açıq söyləməliyik, biz xalqın suallarını səsləndirməliyik. İndi əsas sual odur ki, sözdə bir şey söyləyən, əməldə isə elan etdikləri prinsiplərə əməl qoymayan beynəlxalq təşkilatlara üzvlüyümüz bizə nə verir?
Nigar Arpadarai,
Millət vəkili













