Naxçıvan-Bakı marşrutunda gediş haqqı artırıldı – Sərnişinlər etiraz edir

Gündəm 7 Yanvar 2016 17:13 Oxunub 1316
Naxçıvan-Bakı marşrutunda gediş haqqı artırıldı – Sərnişinlər etiraz edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etirazlara baxmayaraq sürücülər qiymətlərdə güzəşt etməyiblər

Naxçıvan-Bakı marşrutu üzrə işləyən avtobuslarda gediş haqqı bahalaşıb. Avtosfer.az xəbər verir ki, Naxçıvana İran ərazisindən gedən avtobusların gediş haqqı əvvəlki qiymətə nisbətən qalxıb. Bundan sonra Muxtar Respublikaya 16 manata yox, 26 manata getmək mümkün olacaq. Avtobusların qiymətlərinin qaldırılması əhali arasında narazılığa səbəb olub. Ötən gün Naxçıvana getmək istəyən sərnişinlərdən birinin aznews-a verdiyi məlumata görə, sərnişinlərlə avtobus sürücüləri arasında ciddi narazılıq yaranıb. Sərnişinlər belə bir vaxtda gediş haqqının artırılmasına etiraz ediblər. Lakin etirazlara baxmayaraq sürücülər qiymətlərdə güzəşt etməyiblər. Bəzi məlumatlara görə isə qiymətlər işbazların təklifi ilə qeyri-rəsmi şəkildə qaldırılıb. 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayevin sözlərinə görə, qiymət artımına səbəb dolların bahalaşması fonunda manatın dəyərdən düşməsidir: “Əvvəllər Naxçıvana getmək istəyən vətəndaşlar 16 manat ödəyirdisə indi bu qiymət 25 manatdır. Hazırda Naxçıvana reyslərin 50 faizini İran şirkətləri, qalan hissəsini isə yerli şirkətlər həyata keçirir. Beynəlxalq reyslər müştərək olduğu üçün onların qiymətinə Tarif Şurası yox, Nəqliyyat Nazirliyi nəzarət edir. Həmin İran şirkətləri ilə yerli şirkətlər də daşıma xərclərinin qaldırılması üçün Nəqliyyat Nazirliyinə müraciət etdilər. Azərbaycanın, Naxçıvanın və İranın həmin nazirlikləri qiymətləri araşdırıb 25 manat miqdarında olmasını təsdiq ediblər”.

Məhəmməd Abdullayev qiymət artımı ideyasının İran şirkətləri tərəfindən edildiyini açıqlayıb: “Onlar köhnə qiymətlərlə işləyə bilməyəcəklərini bildirdilər. Biz isə İran şirkətləri olmadan Naxçıvan reyslərini həyata keçirə bilməzdik. Ona görə də qiymətlər qaldırıldı”.

Mətbuat katibi vətəndaşlarla sürücülər arasında narazılıq yaranması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Bilet kassalarda satılır. Bu qiymətin isə sürücüyə heç bir aidiyyatı yoxdur. Bunu vətəndaşlar da başa düşür. Ona görə indiyə qədər sürücülərlə sərnişinlər arasında heç bir narahatlıq yaşanmayıb”.

Bakıdan Naxçıvavana və əks istiqamətə reyslər gün ərzində 3-4 avtobusla həyata keçirilir. Reys üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, yarım sutka ərzində ümumilikdə 500 kilometr məsafə qət edirlər.

Məlumat üçün bildirək ki, Naxçıvan-Bakı reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, 12-13 saat ərzində ümumilikdə 503 kilometr məsafə qət etməli olurlar. 

Xatırladaq ki, Naxçıvandan Bakıya avtobusla sərnişin daşınmasını 3 yerli və 1 İran şirkəti həyata keçirir. Bundan əlavə, Muxtar Respublika sakinləri istisna olmaqla Azərbaycanın digər bölgələrində yaşayan sakinlər Naxçıvana getmək üçün İran tərəfinə tranzit vizası üçün pul ödəməli olurlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh