“Polisdən qeydiyyatdan çıxarıldığım üçün vəsiqəm işləmir”

Gündəm 31 Yanvar 2023 19:34 Oxunub 812
“Polisdən qeydiyyatdan çıxarıldığım üçün vəsiqəm işləmir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı sakini Nəsrulla Ağamalıyev polisdə qeydiyyatdan məcburi çıxarılma qərarından sonra bir sıra çətinliklərlə üzləşib.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirir ki, uzun illər Yasamal rayonunda Hüseyn Cavid prospektində yerləşən mənzilində qeydiyyatda olub.

Daha sonra həyat yoldaşı ilə boşandığı üçün başqa evə köçməli olub. 2019-cu ildə isə keçmiş həyat yoldaşı onu məhkəmə qaydasında evdə qeydiyyatdan çıxartdırıb: “Mən də kirayədə yaşadığım üçün həmin evə qeydiyyata düşə bilmirdim. Buna görə də Yasamal Rayon Polis İdarəsinə qeydiyyata düşdüm. Həmin vaxtdan problemsiz şəkildə həyatıma davam edirdim. Lakin sonuncu qərar məni bir sıra çətinliklərlə üzləşdirdi. Ötən günlərdə avtomobilimi sığorta etdirmək üçün şirkətə getdim. Orada mənə bildirdilər ki, şəxsiyyət vəsiqəm etibarsızdır.

Daha sonra öyrəndim ki, Polis İdarəsində məni qeydiyyatdan çıxarıblar. İdarədən mənə deyirlər ki, get qohumunun evində qeydiyyata düş. Məni evinə qeydiyyata götürəcək qohumum isə yoxdur”.

N.Ağamalıyev bildirir ki, şəxsiyyət vəsiqəsi etibarsız hesab edildiyi üçün bir çox dövlət müəssisələrdə işlərini həll edə bilmir.  

Fotoda: Yasamal RPİ

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq. Xidmət rəsmisi Nurlan Əliyev bildirdi ki, burada hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir: ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə, qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. Bu baxımdan diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar.

Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da, polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməyiblər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb”.

Nurlan Əliyevin sözlərinə görə, araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır: “Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır. Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur.

Əgər vətəndaşın özünün və yaxın qohumlarının yaşadıqları evlərin müvafiq sənədləri yoxdursa, bu barədə ərazi üzrə polis orqanına məlumat verə bilərlər. Polis orqanı tərəfindən araşdırma aparılandan sonra müvafiq qərar veriləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh