Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.
Əziz bacı və qardaşlarım!
Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.
Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!"
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











