Pula görə general rütbəsini itirənlər... - FOTO
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib. Buna səbəb onun mənimsəmədə və rüşvət almaqda təqsirli bilinməsidir. Həsənov bu səbəbdən 10 il azadlıqdan məhrum edilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, daha öncə də yol verdiyi qanunsuzluqlara görə həbsə düşmüş və bu aqibətlə üzləşmiş yüksəkvəzifəli şəxslər olub.
Onlardan biri general-mayor rütbəsi əlindən alınan Mövlan Şixəliyevdir.
M.Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu almaqda təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib.
2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov da eyni aqibətlə üzləşib.
O, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da yoxdur.
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov isə “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
O, 2021-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsinin hökmünə əsasən, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.