Reklam

Qoşa Qala Qapılarının qarşısındakı meydanda əsaslı dəyişikliklər gözlənilir

Gündəm 2 Oktyabr 2024 22:21 Oxunub 692
Qoşa Qala Qapılarının qarşısındakı meydanda əsaslı dəyişikliklər gözlənilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması, əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükəyə çevrilir. Paytaxtın belə ərazilərindən biri də Qoşa Qala Qapılarının qarşısındakı meydan (Sabir bağı və Konstitusiya Məhkəməsi binasının yanındakı sahə), Əziz Əliyev küçəsi və İçərişəhərdir. Son zamanlar şəhərin bu hissəsində müşahidə olunan təhlükəli vəziyyət ictimaiyyət arasında və kütləvi informasiya vasitələrində də dəfələrlə müzakirə obyektinə çevrilib. Ancaq problemin həlli çox da uzaqda deyil – Ölkə paytaxtının görkəmini formalaşdıran tarixi məkanların cəmləşdiyi bu yerdə xüsusi layihənin həyata keçirilməsi planlaşdırılır. Avtosfer.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev bu istiqamətdə hansı tədbirlərin görülə biləcəyi və onların hansı dəyişikliklərə səbəb olacağı barədə "Report"un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Anar müəllim, gəlin ondan başlayaq ki, insanların çox sıx olduğu bu ərazidə yaranmış vəziyyət yalnız sürücü və piyadalara, o cümlədən çoxsaylı turistlərə deyil, həm də İçərişəhər sakinlərinə problemlər yaradır. Qoşa Qala Qapıları qarşısında meydanda və Əziz Əliyev küçəsindəki ərazi isə insanların və avtomobillərin xaotik hərəkət yerinə çevrilib. Bu barədə nə düşünürsünüz?

- Bunların səbəbi bir-biri ilə sıx bağlı olan bir neçə amildən ibarətdir. Məsələ ondadır ki, İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qapıları qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

image

- Ərazinin turizm baxımından cəlbediciliyini də nəzərə alsaq, ərazidə sıxlıq yarandığını və minik avtomobillərinin turist avtobusları, çoxsaylı qonaqlar, eləcə də sakinlərin təhlükəsiz hərəkətinə mane olduğunu da görürük.

- Tamamilə doğrudur. Qoşa Qala Qapıları qarşısındakı meydan və Əziz Əliyev küçəsindən əlavə, avtomobil sayının çoxluğu İçərişəhərin daxilində də xaotik vəziyyət yaradır. Bu, İçərişəhərin tarixi ruhuna mənfi təsir göstərir, çoxsaylı qonaqların burada cəmləşən görməli məkanlara marağının daha da artmasına, onların Bakının mərkəzində rahat gəzməsinə və istirahətinə mane olur. Bundan başqa, İçərişəhərdə mövcud parklanma yerləri geniş ərazini əhatə edir, ətrafda yerləşən tarixi binaların görkəmini korlayır, dar qədim küçələrdə nəqliyyatın sıx hərəkəti isə piyadaların, o cümlədən turistlərin təhlükəsizliyinə təhdid, səs-küy isə sakinlər üçün narahatlıq yaradır. Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.

Bütün bu qeyd etdiyiniz nüansların həlli üçün nəzərdə tutulmuş hər hansı bir layihə və ya hazırlanmış tədbirlər planı varmı?

- Mütəxəssislərimiz bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər. Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur.

Beynəlxalq təcrübəyə də nəzər salsaq, görərik ki, Rotterdamdakı Leynban küçəsi, Kopenhagendə Ströget piyada zonası, Moskvanın Arbat küçəsi, Londondakı Trafalqar meydanı və bir çox başqaları avtomobillərin hərəkəti üçün tamamilə və ya qismən bağlıdır - bu ərazilərdə prioritet piyadalara verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təklifləri hazırlayarkən Bakının sakinlər üçün şəhərə çevrilməsi konsepsiyasını rəhbər tutub.

image

- İçərişəhər sakinləri üçün şəxsi avtomobildən istifadəyə imkan yaradılırmı? Ümumilikdə ərazidə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması hansı üstünlükləri yaradacaq?

- Bəli, İçərişəhər sakinləri və bu ərazidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin avtomobilləri nömrətanıma sistemi ilə əraziyə daxil ola biləcək. Digər hamı üçün nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması bir sıra üstünlüyə malikdir. Bu, avtomobillərin sayını, səs-küyü azaltmaqla İçərişəhər sakinlərinin və qonaqların rahatlıq və təhlükəsizlik səviyyəsini yüksəldəcək və digər amillərlə yanaşı, paytaxtın əsas görməli yerlərindən birinin qorunub saxlanmasına töhfə verəcək.

Həmçinin ən əsası avtomobillərin hərəkətinin məhdudlaşdırılmasının müsbət cəhətlərdən biri də odur ki, tarixi abidələrin aşınmasının, infrastrukturun tez köhnəlməsinin qarşısını alacaq.

Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının turistlər arasında populyar olan bu məkana daha rahat çatmasına imkan verəcək.

Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq. Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq.

Təsəvvür edin ki, beləliklə Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaranacaq. İlk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağının ətrafında həyata keçirilib, hazırda isə bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.

- Müsahibə üçün çox sağ olun!

ŞƏRH YAZ
Ad

E-mail

Şərh