Reklam

“Rəhbərlik “prava”larımızı alıb girov saxlayırdı” - Avtobus sürücüsü

Gündəm 26 May 2015 16:36 Oxunub 1290
“Rəhbərlik “prava”larımızı alıb girov saxlayırdı”  - Avtobus sürücüsü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti məhkəmə iclası iyunun 2-ə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 piyadanı ölümünə səbəb olan marşrut avtobusunun sürücüsü Süleymanov Şəkərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ittiham olunan 30 yaşlı S.Şəkərov 2014-cü ilin noyabrın 1-də 50 saylı xətt üzrə hərəkət edən avtobusu 50 km/saat sürətlə idarə edərkən Babək prospektində 2 piyadanı vurub. Qəza nəticəsində piyadalar – 1970-ci il təvəllüdlü Zahid Rzayev və 1964-cü il təvəllüdlü Cavid Zeynalov hadisə yerində vəfat edib. İdarə etdiyi avtobusu saxlaya bilməyən S.Şəkərov yolun kənarında dayanan “Opel”, “Mercedes” və “Qaz – 31” markalı avtomobilləri də vurub, hər üç maşın əzilib.

Süleyman Şəkərov məhkəmədə ifadəsində bildirib ki, sürücülük vəsiqəsi olsa da, həmin vəsiqə iritutumlu avtobus sürmək üçün deyil: “Mənim sürücülük vəsiqəm “B” kateqoriyalıdır. On iki ildir maşın sürürəm. Dörd-beş ay öncə 50 saylı marşrutda işə götürüldüm. Məni Şahin İbrahimov işə qəbul etdi. Orada rəhbər Babək müəllimdi (Babək Aslanov – daşıyıcı), Vüsal da onun köməkçisidir. Onlar da mənim işə götürüldüyümü bildirdilər. Müdriyyət sürücülük vəqisəmi alıb girov saxladı ki, planı vaxtında ödəyim. Bizdə hamıdan sürücülük vəsiqəni alırlar, deyirlər ki, yolda polis saxlasa bizə zəng edin, polislə özümüz həll edəcəyik. Mən həbs olunandan sonra Şahin müəllim “prava”mı müstəntiqə verib. 

Bizim marşrutda plan 130 manat idi, 50 manat da benzin. Hər gün 180 manatdan çox pul qazanmalıydıq ki, özümüzə də nəsə qalsın. Günə 10-15 manat qazancımız olurdu. Səhər saat 6-dan axşam saat 11-ə kimi işləyirdik”. 

S.Şəkərov bundan sonra hadisənin necə baş verməsindən danışıb: “Mən öz yolumla gəlirdim. Solumda hərəkət edən “Hyundai” məni sıxışdırmağa başladı. Buna görə də sağ zolağa keçdim. Bu vaxt avtoservisin qabağında dayanan iki nəfər qaçıb yolu keçmək istədilər. Mən onları əvvəldən görmədim, yoxsa maşını kənara qaçırardım. Mən qəzadan sonra düşüb yaralılara kömək etdim. Hadisə təxminən axşamüstü saat 5-6 arasında baş verib. Həmin vaxt Babək prospektində tıxac olur deyə onsuz da maşını həmin sürətdən artıq sürmək olmur”.

Hadisə nəticəsində zədələnən 3 maşın isə həmin ünvanda yerləşən avtoservisdə təmir olunurmuş. 

Növbəti məhkəmə iclası iyunun 2-ə təyin edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh