Avtosfer.az | Reklam
Rusiya portalı Paşinyanın uğursuz cəhdlərindən yazır
Gündəm 28 May 2020 15:05 Oxunub 412
Rusiya portalı Paşinyanın uğursuz cəhdlərindən yazır
"Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir!"

Rusiyanın “info24.ru” portalında “Ermənistanın baş naziri kollaborasionist babasına görə özünə bəraət qazandırmağa çalışdı. Lakin işlər lap da korlandı” sərlövhəli məqalə dərc olunub. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı barədə əhvalat ətrafında qopan qalmaqalı ört-basdır etmək üçün rəsmi Yerevanın göstərdiyi uğursuz cəhdlərdən danışılır.

Həmin məqaləni təqdim edirik.

“Ermənistanın Xarici İşlər Nazirliyi ölkənin baş nazirinin babasının İkinci Dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı barədə informasiya səbəbindən qopan qalmaqalı ört-basdır etməyə çalışıb. Ermənistan məmurlarının qalmaqallı yazıların təkzib edilməsi üçün yaydıqları məlumat yanlış informasiya olub. Ermənistanın baş naziri Nikol Paşinyan Qələbənin 75 illiyi ərəfəsində sosial şəbəkədə elə Nikol Paşinyan adını daşımış babasının fotosunu paylaşıb. “138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun!”, - deyə Ermənistan hökumətinin başçısı yazıb.

Böyük Vətən müharibəsində həlak olanlar barədə informasiyanın toplanması üçün Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Memorial” təşkilatının ümumiləşdirilmiş məlumat bazasında Nikol Vartanoviç Paşinyan barədə məlumat var. Müdafiə Nazirliyinin məlumat bazasındakı materiallardan belə məlum olur ki, Paşinyanın babası əsirlikdə olub, düşmənlə əməkdaşlıq edib və Ukraynanın qərbində, Sviaxeldə (Zvyagel, indiki Novoqrad-Volınsk) həlak olub.

Ermənistan XİN qalmaqallı informasiyanı təkzib etmək məqsədilə məlumat yayıb ki, baba Nikol Paşinyanın adı adaşı ilə dolaşıq düşüb. Onların bəyanatına görə, Yenokovan adlı kənddən cəbhəyə kollaborasionist olduğu təsdiq edilmiş Nikol Vartanoviç Paşinyan və baş nazirin babası Nikol Arakeloviç Paşinyan yola düşüblər. İdarənin məlumatında deyilir: “Onu Rusiya Müdafiə Nazirliyinin yuxarıda adıçəkilən məlumat bazasında Qızıl Ordunun serjantı hərbi rütbəsində də tapmaq olar”.

Nikolay Arakeloviç feykdirmi?

Bu bəyanata baxmayaraq, “Memorial” Ümumiləşdirilmiş Məlumat Bankının saytında yalnız bir Nikolay Paşinyan - nasistlərin əlaltısı olan həmin o Vartanoviç barəsində məlumat var. Nikolay Arakeloviç Paşinyan axtarışın nəticələrində yoxdur. Bazada bir sıra Paşinyan soyadlı adam var, lakin ad (Nikolay) və təvəllüd ili (1913) Ermənistanın baş nazirinin babasının məlumatları ilə cəmi bir halda – Nikolay Vartanoviç Paşinyan barədə qeydlərdə üst-üstə düşür.

“Nikolay Arakeloviç Paşinyan” məlumatı üzrə axtarış göstərir ki, "Xalqın yaddaşı" saytında içərisində belə məlumat olan səhifə olub. "Google" keşindəki şəklə görə, sayta Ermənistanın baş nazirinin "rəsmi" babası barədə informasiya yüklənib, lakin mayın 26-na olan vəziyyətə görə, bu səhifə saytda tapılmayıb və ya silinib (səhv 404). "Xalqın yaddaşı" saytı üzrə axtarış da Nikol Arakeloviç Paşinyan barədə heç bir qeyd təqdim etməyib.

Keşdə saxlanılmış səhifə Nikol Paşinyanın babası haqqında rəsmi versiyanın təsdiqinin quraşdırılmasına cəhd ola bilərdi, lakin bu cəhdin ömrü uzun sürmədi. Görünür, saytın moderatorları məlumatları yoxlayan zaman həmin səhifəni siliblər. Beləliklə, hazırda müharibə iştirakçılarının məlumat bazalarında Nikolay Arakeloviç Paşinyan barədə heç bir məlumat yoxdur.

Baba Paşinyan kiminlə savaşıb?

Müharibə illərində 1913-cü il təvəllüdlü Nikolay Paşinyan müəyyən müddət itkin düşmüş sayılıb. Sonra məlum olub ki, o, düşmən tərəfə keçib. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin başçılıq etdiyi CC legionunun heyətinə daxil olub, yəni, nasist Almaniyası uğrunda döyüşüb. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə verdiyi müsahibədə Qaregin Njdeni belə xarakterizə edib: "Bu adam müharibə dövründə deyirdi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb".

Ermənistanın baş naziri ictimaiyyət qarşısında çıxışlarında Qaregin Njdenin əməllərinə dəfələrlə bəraət qazandırıb. O, Yerevanda Rusiya jurnalistləri ilə görüşündə Njdeni İvan Baqramyan və Vyaçeslav Molotovla müqayisə edib.

MDB ölkələrinin sammitinin mövzularından biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsinə hazırlıq işləri olub. Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın Njde barədə fikirlərini nümunə gətirərək, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi barədə məsələ qaldırıb.

Ermənistanın baş naziri ünvanına söylənən bu tənqidi şərh edərkən Njdeni yazıçı Aleksandr Soljenitsınla müqayisə edib və bu müqayisəni onların hər ikisinin düşərgədə məhbus olmaları ilə əsaslandırıb.

"Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir!", – deyə Prezident İlham Əliyev müsahibəsində qeyd edib. (Azərtac)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh