Reklam

Sabah nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

Gündəm 27 May 2015 18:09 Oxunub 1631
Sabah nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək

Mayın 28-də, Respublika Günündə I Avropa Oyunları ilə əlaqədar təlim və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar təklif edir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, mayın 28-də Bakıda I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradır: "Bununla əlaqədar mayın 28-də saat 10:30-dan etibarən məşqlər tam başa çatanadək paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar "Azneft" dairəsi, Neftçilər prospekti, "Azadlıq" meydanı, Yusif Səfərov küçəsi, "10-cu zavod" dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun "Koroğlu" stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yollar təklif edilir. Belə ki, "Azneft" dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də "Cavanşir" körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə "Azadlıq" meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək".

V.Əsədov qeyd edib ki, yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar təklif edir: "Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və "20 Yanvar" dairəsi istiqamətində hərəkət etmələri, eləcə də "20-ci sahə" dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət etmələri tövsiyə olunur. Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə doğru gələnlərin hərəkəti Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır. Bakının bu istiqamətdəki qəsəbələrindən isə metronun "Koroğlu" stansiyasına doğru şəhər şosesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla və yaxud 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti ilə körpünün üzərindən keçməklə Ziya Bünyadov prospektinə doğru rahat hərəkət etməklə mümkün olacaq. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur".

Bölmə rəisi əlavə edib ki, ümumiyyətlə, Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh