Aprel şəhidinin həyat yoldaşı: “Polad Həşimovun şəhid olması xəbəri ailəmizi ikinci dəfə sarsıtdı”
“Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq üç gün davam edən döyüşlərdə 12 hərbçimizi və bir mülki vətəndaşımızı itirdik. Bütün şəhidlərimiz ürəyimizi dağladı, amma şəhid general-mayor Polad Həşimovun ölüm xəbərini alanda çox sarsıldım”.
Avtosfer.az xəbər verir ki, bu sözləri 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.
Sevinc xanım deyir ki, Raquf Orucovun ətrafında çox insan olsa da, dost deyib güvəndiyi az sayda insan olub:
“Raquf ailəsindən çox Vətənin yanında olub. Ona layiqli xidmət edib. Tovuz istiqamətində gedən döyüşlər başlayan gün Raqufun doğum günü idi. Təəssüf ki, biz bu acı xəbəri aldıq. Strateji əhəmiyyətli postlar uğrunda döyüşlərdə 12 hərbçimizlə yanaşı, Raqufun yaxın dostu, güvəndiyi insanlardan biri general-mayor Polad Həşimovun da şəhid olduğu xəbəri gəldi. Bilirsiniz, Raquf iş barədə çox danışmazdı, hətta heç danışmazdı.
Amma yadıma gəlir, deyirdi ki, Polad Həşimovla birlikdə Murovda xidmətdə olublar. İkisi də bölük komandiri olmuşdu. Raquf Orucov kəşfiyyat bölüyünün komandiri, Polad Həşimov isə diviziyada bölük komandiri kimi başlayıb Vətənə xidmətə. Onların arasında illərin dostluğu, çox dərin bir məna var idi. Onun şəhid olması xəbəri bizim ailəni ikinci dəfə sarsıtdı”.
“Raquf şəhid oldu, amma mən qaldım...”
Sevinc xanım üçün bu barədə danışmaq çox çətindir. O deyir ki, Raquf Polad Həşimov haqqında hər zaman “o, çox yaxşı insandır, içi-çölü birdir” ifadəsini işlədirdi:
“Onlar həm işdə, həm də həyatda möhkəm dostluq edirdi. İşləri ilə əlaqədar heç çox görüşməyə belə vaxtları olmurdu. Amma bir neçə dəfə Raqufdan eşitdiyim söz bu olub ki, “Polad çox yaxşı oğlandır, özüm kimidir”. Raquf insanları sınaqdan keçirər, sonra etibar edərdi.
2012-ci ildə, yadıma gəlir, şəhid generalımız Raqufa zəng elədi. Görüşmək istəsələr də, həmin gün alınmadı. Raquf dedi ki, gələ bilmirəm, səngər komandiriyəm. Hər an nəsə ola bilər, uşaqları tək qoya bilmərəm. Polad Həşimov da həmçinin. Çox az vaxtları olardı onda da, ya Raquf gedərdi, ya da Polad Ağdama - Raqufun yanına gedib dəyərdi.
Raquf şəhid olanda, Polad Həşimov da qolundan yaralanmışdı. O halında belə bizim yanımızda oldu. Mənə dediyi söz bu gün də qulağımdadır. Dedi ki, nə deyəcəyimi bilmirəm, Raquf şəhid oldu, amma mən qaldım... Həqiqətən, bu söz məni o qədər üzmüşdü ki, izah edə bilmirəm.
Tez-tez soruşurdum, xəbər alırdım. Deyirdilər yaxşılıqdır, cəbhədədilər. Mən çox əmin idim ki, Raqufun, eləcə də digər şəhidlərimizin qisasını Polad Həşimov və onun kimi qəhrəman hərbçilərimiz alacaq. Ona görə, bir neçə gün özümüzə gələ bilmədik. Qəbul edə bilmədik ki, generalımız daha həyatda yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
S.Orucovanın sözlərinə görə, illərdir Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağı işğal altında saxlayan ermənilərin budəfəki təxribatı Qarabağ olmadı, Azərbaycan sərhədləri oldu:
“Ermənilərin iyulun 12-də Azərbaycan sərhədini Tovuz istiqamətində pozması artıq Qarabağ uğrunda mübarizə deyil. İşğalçı toplum artıq Azərbaycan sərhədlərinə də tamah salır. Bu, artıq başqa mənalar ifadə edir. Bu səbəbdən səfərbərlik üçün hər birimiz hazır şəkildə Ali Baş Komandanımızın əmrini gözləyirik.
Arzu edirəm ki, bundan sonra biz şəhid məzarları qoymayaq. Bu qədər şəhidimizin hər birinin adına qələbə meydanı quraq. Möhtəşəm bir abidə ucaldaq. Azərbaycan torpaqlarının ərazi bütövlüyü tam bərpa olunsun və bu qələbə meydanında bütün şəhidlərimizin ruhu da rahatlıq tapsın”.