Yeni publik hüquqi şəxs yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Avtosfer.az xəbər verir ki, Fərmanda deyilir:
“1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.
3. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
3.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;
3.1.3. Agentliyin yenidən təşkili və ləğvi;
3.2. Nazirliyə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. iki ay müddətində:
5.1.1. Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.2. Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Nazirlik:
6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI












