Azərbaycanda çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldü
Hadisə 23 Dekabr 2021 13:31 Oxunub 596
Azərbaycanda çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldü

Bu ilin 18 iyul tarixində İsmayıllı rayonunda keçirilmiş toy məclisində baş vermiş dava-dalaş hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avtosfer.az xəbər verir ki, İsmayıllı rayon Məhkəməsində hadisəni törədən 1996-cı il təvəllüdlü Hafiz Ağayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb. Bəlli olub ki, hadisəni törədən şəxs çağırılmasa da həmin gün İsmayıllı şəhərində yerləşən "Gülüstan” şadlıq evində keçirilən tanışı, 1993-cü il təvəllüdlü Abuzər Tahirlinin toyuna gedib. O, əvvəlcə toyda iştirak edən bəyin xalası oğlu, daha sonra isə bəyin qardaşı ilə dalaşıb. Bundan sonra toydan qovulan Hafiz bıçaq götürərək bəyin yaşadığı evə gedib.

Məhkəmədə ifadə verən zərərçəkmiş A.Tahirli hadisəni belə nəql edib: "18 iyul 2021-ci il tarixdə mənim toyum keçirilib. Toydan bir gün əvvəl toy axşamı dediyimiz məclisdə Hafiz də iştirak edib, həmin gün ona xoşgəlin də etmişəm. Səhərisi gün "Gülüstan” şadlıq sarayında toy baş tutdu. Toy təxminən 18 radələrində başladı və toya qardaşım İlkin nəzarət edib. Təxminən saat 21 radələrində xalam oğlu Asimin toya çağırılmadan gəklmiş Hafizlə mübahisə etdiyini toyda olan şəxslərdən eşitdim və onların mübahisə etdiyi yerə, yəni şadlıq sarayının foyesinə getdim. Foyeyə daxil olanda Hafizin oradan çıxdığını gördüm və buna görə də Asim ilə Hafizin nə danışdıqlarını və nəyə görə mübahisə etdiklərini bilmədim. Hafizin toya kimin dəvəti ilə gəldiyini bilmirəm. Toydan sonra saat təxminən 22 radələrində qohumum Sübhandan mənə siqaret gətirməsini xahiş etdim və küçəyə çıxıb onu gözlədim. Həmin vaxt Hafizin yaşadığım evin qapısına tərəf gəldiyini gördü. Hafiz mənə yaxınlaşaraq qardaşım İlkinin nəyə görə onu vurduğunu və ona söydüyünü soruşdu. Mən də Hafizə İlkinin onu vurub-vurmadığını görmədiyimi və "kişiyə kişi, peysərə peysər deyərlər” dəklində cavab verdim, bu zaman aramızda mübahisə yarandı. Belə ki, Hafizin narahat biri olduğunu, qardaşım İlkinə xəsarət yetirə biləcəyini təxmin edirdim. Buna görə də Hafiz ilə İlkinin qarşılaşmasına imkan vermək istəmirdim. Mübahisə zamanı Hafiz bizim ev tərəfə getmək istəsə də, ona evə tərəf getməyə imkan vermədim. Mübahisə edərkən Hafiz anidən yumruqla sinəmdən, bundan sonra isə bıçaqla 1 dəfə sinəmdən, daha sonra isə həmin bıçaqla 2 ədəd belimin sol aşağı hissəsindən vurdu. Bıçaq zərbələrindən sonra yerə yıxıldım. Bundan sonra gördüm ki, İlkin Hafizə tərəf gedir. Hafiz 1 dəfə bıçaqla İlkinin qolundan vurdu. Hafiz bıçaqla hamını qorxutduğu üçün heç kəs ona yaxınlaşmadı. Həmin vaxt Hafiz yaxınlıqda olan VAZ 2107 markalı avtomobilə əyləşərək oradan getdi. Məhkəmədən təqsirləndirilən şəxsi qanunla nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini xahiş edirəm”.

İfadə verən İlkin Tahirli də Hafizin həmin gün toya glərək dava-dalaş saldığını, daha sonra onu şadlıq sarayından kənarlaşdırdıqlarını deyib.

Təqsirləndirilən şəxs isə münaqişənin şadlıq evində bəyin qardaşı və xalası oğlunun onu vuraraq "peysər” deməsinə görə baş verdiyini bildirib və törətdiyi əməli etiraf edib

Qeyd edək ki, hadisə vaxtı 2 oğlunun bıçaqlandığını görən 1961-ci il təvəllüdlü Nəriman Səfəralıyev infarkt keçirərək vəfat edib.

Dekabrın 21-də fakt üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İsmayıllı rayon Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesin yekununda Hafiz Ağayevin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edilib.///Publika.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh