Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57/4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11.1 faiz çoxdur. Təkcə sentyabr ayında isə sektorda 282.3 milyon manatlıq məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 30.6 faiz artım deməkdir.
Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 faizə çatan İKT sektoru ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından perspektivli istiqamətlərdən biri hesab olunur. Son illərdə rəqəmsallaşma, texnoloji infrastrukturun inkişafı və İT sahəsinə investisiyaların artırılması istiqamətində atılan addımlar fonunda sektorda qeydə alınan artım xüsusi maraq doğurur.
Maraqlıdır, qeydə alınan artım tempi İKT sahəsində son vaxtlar atılan addımların səmərə verdiyini göstərirmi? Ümumiyyətlə, Azərbaycan mövcud templə region ölkələri ilə İKT sahəsindəki fərqi azalda biləcəkmi?
Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Diqqət insan kapitalının gücləndirilməsinə yönəlməlidir"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, cari ilin yanvar-sentyabr aylarında İKT sektorunda qeydə alınan artım son iki ildə bu sahədə atılan çoxşaxəli addımların real nəticələr verdiyini açıq şəkildə nümayiş etdirir.
Onun sözlərinə görə, dövlət rəhbərliyi səviyyəsində İKT sektoruna göstərilən diqqət və aidiyyəti qurumların intensiv fəaliyyəti rəqəmsal transformasiya prosesinə güclü təkan verərək artım dinamikasını əhəmiyyətli dərəcədə sürətləndirib:
"İnfrastrukturun yenilənməsi, genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi, elektron dövlət xidmətlərinin inteqrasiyası və İT ekosisteminin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Bu addımlar rəqəmsal iqtisadiyyatın fiziki həcmini genişləndirməklə yanaşı, sektorda xidmət dövriyyəsinin də indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatmasına zəmin yaradıb.
Əldə olunmuş artım tempinin uzunmüddətli və davamlı olmasını təmin etmək üçün növbəti mərhələdə iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinə nail olmaq vacibdir. Baza infrastrukturu qurulduqdan sonra diqqət insan kapitalının gücləndirilməsinə, süni intellekt və kibertəhlükəsizlik sahələrində yerli kadrların hazırlanmasına, proqram təminatı istehsalına və özəl sektorla elmi-tədqiqat layihələrinin genişləndirilməsinə yönəldilməlidir".

Regional rəqabətdəki boşluqlar
Region ölkələri ilə rəqabətdə mövcud olan boşluqlara gəlincə, mütəxəssis bildirir ki, xüsusilə İT xidmətlərinin ixracı, vençur kapitalı və startap ekosisteminin inkişaf səviyyəsi baxımından fərqlər mövcuddur:
"Bu fərqi aradan qaldırmaq üçün dövlət dəstəyi ilə qlobal İT nəhənglərinin ölkəyə cəlb edilməsi, vergi stimullarının daha çevik mexanizmlərlə tətbiqi və yerli şirkətlərin xarici bazarlara çıxışının dəstəklənməsi həlledici addımlar olacaq".
"Yalnız infrastrukturun inkişafı kifayət deyil"
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İnnovasiya Komitəsinin sədri Mircəlal Bağırov bildirir ki, Azərbaycanda İKT sektorunda müşahidə olunan artım müsbət tendensiyadır və son illərdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini göstərir:
"Xüsusilə proqram təminatının işlənməsi və məsləhət xidmətlərində 32.2 faizlik artım diqqətəlayiqdir. Lakin artım tempinin davamlı olması üçün yalnız infrastrukturun inkişafı kifayət deyil. Əsas diqqət yüksək ixtisaslı kadrların hazırlanmasına, innovasiyaların təşviqinə, yerli texnologiya şirkətlərinin inkişafına və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəldilməlidir.
Azərbaycanın əsas hədəfi texnologiyaları istehlak edən ölkədən texnoloji məhsul və xidmətlər yaradan, onları beynəlxalq bazarlara ixrac edən ölkəyə çevrilmək olmalıdır. Bunun üçün vençur maliyyələşməsi, universitetlərlə özəl sektor arasında əməkdaşlıq və innovativ bizneslərə dövlət dəstəyi daha da gücləndirilməlidir".

"Texnologiya bazarında daha böyük pay əldə etmək üçün ciddi potensial var"
Mütəxəssis bildirir ki, Azərbaycanın bu sahədəki inkişafını qiymətləndirərkən telekommunikasiya infrastrukturu, proqram təminatı sənayesi, texnoloji xidmətlərin ixracı və insan kapitalı ayrı-ayrılıqda nəzərdən keçirilməlidir:
"Beynəlxalq Telekommunikasiya İttifaqının 2025-ci il İKT İnkişafı İndeksində Azərbaycan 85.9 bal, Gürcüstan 89.5 bal, Qazaxıstan isə 90.5 bal əldə edib. BMT-nin 2024-cü il Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın mövqeyi 74-cü, Gürcüstanın 69-cu, Qazaxıstanın isə 24-cü olub.
Daha vacib fərqlərdən biri texnoloji xidmətlərin ixracında özünü göstərir. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, İKT xidmətlərinin ixracı Azərbaycanda təxminən 130 milyon ABŞ dolları, Gürcüstanda 1.29 milyard dollar, Qazaxıstanda isə 1.36 milyard dollar təşkil edib.
Bu rəqəmlər Azərbaycanın beynəlxalq texnologiya bazarında daha böyük pay əldə etməsi üçün ciddi potensialın mövcud olduğunu göstərir. Fərqi azaltmaq üçün ilk növbədə yerli İT şirkətlərinin beynəlxalq bazarlara çıxışı stimullaşdırılmalı, startapların maliyyələşmə imkanları genişləndirilməli, süni intellekt, kibertəhlükəsizlik, proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşma gücləndirilməlidir.
Eyni zamanda, dövlət və özəl sektorun rəqəmsallaşma layihələrində yerli texnologiya şirkətlərinin iştirakı artırılmalıdır. Beləliklə, ölkə daxilində formalaşan tələbat yerli texnoloji biznesin inkişafına və gələcəkdə ixrac potensialının yaranmasına xidmət edə bilər".

Ekspertin fikrincə, Azərbaycanın İKT sektorunda mövcud artım tempini qoruması və regional rəqabət qabiliyyətini gücləndirməsi mümkündür. Lakin əsas uğur meyarı yalnız sektorun həcminin artması deyil, həm də yaradılan texnoloji məhsulların, xidmət ixracının, innovativ şirkətlərin və yüksək ixtisaslı iş yerlərinin sayının çoxalması olmalıdır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












