Deputatın həyat yoldaşı cərimələndi - Hüquq-mühafizə orqanları işə qarışdı

Hadisə 19 Noyabr 2021 12:17 Oxunub 1448
Deputatın həyat yoldaşı cərimələndi - Hüquq-mühafizə orqanları işə qarışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Deputat İqbal Məmmədovla dövlət qurumları arasında növbəti dəfə insident yaranıb.

Bakupost.az -ın məlumatına görə, bu dəfəki hadisə Astarada baş verib.

Bir valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, azyaşlı övladının Astarada yerləşən “Relax” istirahət mərkəzində işlədildiyini bildirib.

Araşdırmalar zamanı məlum olub ki, “Relax”da bir yox, bir neçə yetkinlik yaşına çatmayan şəxs qanunsuz əməyə cəlb olunub. İstirahət mərkəzi vergi orqanlarında deputatın həyat yoldaşı Kəmalə Məmmədovanın adına sənədləşdirilib.

Lakin Kəmalə Məmmədovanı tapmaq əsl müşkülə çevrilib.

Belə ki, o, vergi orqanlarında göstərdiyi ünvanda yaşamır, təqdim etdiyi telefon nömrəsi isə mövcud deyil. İş prokurorluq tərəfindən Lənkəran regional Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Fakt təsdiqini tapdığından, fərdi sahibkar Kəmalə Məmmədova 3000 manat məbləğində cərimə olunub. Cərimənin ən aşağı həddə təyin olunmasının səbəbi İqbal Məmmədovun həyat yoldaşının onu nağd şəkildə və dərhal ödəmək istəməsi olub.

Astaradakı mənbələrdən əldə olunan məlumata görə, Astara şəhəri ərazisində yerləşən, 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş Məmmədov İqbal Nəriman oğlunun qohumları tərəfindən idarə edilən “Relax” istirahət mərkəzində yetkinlik yaşına çatmayan şəxsin əmək müqaviləsi olmadan işləyib əmək haqqını ala bilməməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, “Relax” istirahət mərkəzinin faktiki rəhbəri, İqbal Məmmədivun həyat yoldaşı Məmmədova Kəmalə Möhübbət qızı 2021-ci ilin may ayından etibarən 5 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan, 3 işçi ilə isə faktiki müqavilələri hüquqi qüvvəyə minmədən istirahət mərkəzində müxtəlif işlərin (aşpaz, ofisiant və s.) görülməsinə cəlb edilib.

Bu səbəbdən Kəmalə Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə icraat başlanılıb və sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. Xidmətin Lənkəran Regional Şöbəsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə Kəmalə Məmmədova 3000 manat məbləğində inzibati qaydada cərimə edilib.

Sahibkar Kəmalə Məmmədovanın inzibati qaydada cərimə edildiyini Dövlət Əmək Müfəttişliyi Xidmətindən təsdiqləyiblər

Qeyd edək ki, 2019-cu ilin avqustunda Lerikdə İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşma baş vermişdi. Nazirliyin əməkdaşları "Relax" İstirahət və Turizm Mərkəzinə vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün gediblər. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh