"Məni yandıracaqsan, yandır da" - YDM-də baş verən faciənin təfərrüatı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə bacısının keçmiş ərini öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında hadisə yerindən videogörüntülər nümayiş olunub, təqsirləndirilən Məhərrəm Hüseynzadə isə məhkəmənin suallarını cavablandırıb.
O bildirib ki, keçmiş kürəkəni Zəhmət Əhmədova yaxınlaşaraq onu sakitləşdirmək və avtomobilə mindirib ərazidən uzaqlaşdırmaq istəyib:
"Benzini tökəndən sonra mənə dedi ki, guya deyirdin məni yandıracaqsan, yandır da. Maşına yaxınlaşanda isə getməkdən imtina etdi. Mən siqaret çəkmirəm, avtomobilimdə də alışqan olmayıb. Məni tanıyan hər kəs bilir ki, maşınımda kiminsə siqaret çəkməsinə belə icazə vermirdim. Məhəlləyə çatanda Zəhmətin cibində həm siqaret, həm də alışqan vardı".
Zəhmət Əhmədovun həyat yoldaşı Aysel Əhmədova ifadəsində qardaşı ilə həyat yoldaşı arasında heç vaxt mübahisə olmadığını bildirib:
"Yəqin ki, məni qorxutmaq istəyirdi. O, indiyədək heç vaxt pis sözlər deməz, söyüş söyməzdi. Mən başa düşdüm ki, həmin an özündə deyildi. Xəstəxanada yanına gedəndə dedi ki, bu hadisəyə görə çox xəcalət çəkir və Məhərrəmin üzünə baxa bilmir".
Təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək zərərçəkmiş Zəhmət Əhmədovun xəstəxanada alınmış videoifadəsində psixoloji durumunun mütəxəssis tərəfindən qiymətləndirilməsini, hadisə günü onun davranışlarındakı qəribəliklərə baxmayaraq, psixoloji müayinədən keçirilməməsinin səbəblərinin araşdırılmasını, həmçinin hadisə yerindəki videokameraların görüntülərinin keyfiyyətsiz olması səbəbindən təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş edib.
Vəkil sual edib:
"Əgər Məhərrəmdə alışqan olubsa, onun yanıq xəsarəti alması mümkündürmü?"
Hakim Aytən Əliyeva vəsatətin müzakirəyə çıxarılmadığını elan edib.
Şahid Seymur Əhmədov bildirib ki, hadisədən bir gün sonra xəstəxanaya gedərək qardaşını ziyarət edib:
"Həkim mənə iki alışqan, siqaret və Zəhmətin şəxsiyyət vəsiqəsini verdi. Mən də bunları iki gün sonra müstəntiqə təqdim etdim".
Məhkəmə işi üzrə müstəntiqin və həkimin şahid qismində dindirilməsi üçün məhkəməyə çağırılacağı bildirilib. Növbəti məhkəmə prosesi 19 yanvar saat 14:00-a təyin edilib.
Xatırladaq ki, hadisə 29 may 2025-ci il tarixində gecə saat 01 radələrində Nizami rayonunun Fərzəliyev küçəsi, 2 ünvanında baş verib. Məhərrəm Hüseynzadə ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda olarkən bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş vəziyyətdə oraya gələrək səs-küy yaradıb.
Bina sakinlərini narahat etməmək məqsədilə Məhərrəm Hüseynzadə onu BMW markalı avtomobilə mindirərək ərazidən uzaqlaşdırmaq istəyib. Yolda aralarında yaranan mübahisə zamanı Zəhmət Əhmədovun nalayiq ifadələrindən əsəbiləşən Məhərrəm Hüseynzadə avtomobili yanacaqdoldurma məntəqəsinə sürüb. O, plastik qaba yanacaq dolduraraq Zəhmət Əhmədovun üzərinə töküb.
Zərərçəkən bir gün sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.
Faktla bağlı Məhərrəm Hüseynzadə həbs olunub. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.













