Banner

Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?

Maraqlı 16 Noyabr 2026 11:30
Azərbaycanın bitum ixracındakı üstünlüyü: Qonşu ölkələr kimdən asılıdır?
WhatsApp kanalımıza abunə olun

Yol tikintisi və avtomobil yollarının təmiri yalnız infrastruktur layihələri deyil, həm də böyük həcmdə neft məhsulları tələb edən iqtisadi sahələrdir. Bu prosesdə istifadə olunan əsas materiallardan biri də yol örtüyünün möhkəmliyini və davamlılığını təmin edən neft bitumudur.

Cənubi Qafqaz ölkələrinin bitum idxalı və ixracı ilə bağlı göstəricilər regionda maraqlı mənzərə yaradır. Belə ki, Ermənistan əsasən İrandan, Gürcüstan isə İraqdan bitum alır. Azərbaycan isə yerli istehsal hesabına daxili tələbatını təmin etməklə yanaşı, region ölkələrinə də məhsul ixrac edir.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, 2025-ci ildə Ermənistan ümumilikdə 103,8 min ton neft bitumu idxal edib. Bunun 102,7 min tonu İranın, 1,1 min tonu İraqın, 62 tonu isə Rusiyanın payına düşüb. Beləliklə, Ermənistanın bitum idxalının təxminən 98,9 faizi İran hesabına təmin olunub.

Gürcüstanın bitum idxalında isə əsas mövqeyi İraq tutur. Ölkə 2025-ci ildə ümumilikdə 108,3 min ton bitum idxal edib. Bunun 72,8 min tonu İraqdan, 17,1 min tonu Türkmənistandan, 8,8 min tonu Rusiyadan, 5,1 min tonu Türkiyədən, 4,36 min tonu isə Azərbaycandan gətirilib. Beləliklə, Gürcüstanın bitum idxalının təxminən 67 faizi İraqın payına düşüb.

Azərbaycanın bitum bazarında mövqeyi digər iki ölkədən fərqlənir. Ölkəmizdə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda illik 400 min ton layihə gücünə malik bitum qurğusu fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycanda 265 min ton bitum istehsal olunub. Bununla yanaşı, 2025-ci ildə ölkəmizdən Gürcüstana 4,36 min ton bitum ixrac edilib. Eyni zamanda, İraqdan Azərbaycana 2,4 min ton bitum idxalı qeydə alınıb.

Ekspertin sözlərinə görə, son illərdə regionun bitum bazarında İraqın mövqeyi xüsusilə Gürcüstan istiqamətində əhəmiyyətli dərəcədə güclənib. Belə ki, 2019-cu ildə Gürcüstan İraqdan cəmi 13,6 min ton bitum idxal etdiyi halda, 2024-cü ildə bu göstərici 87,4 min tona yüksəlib. 2025-ci ildə isə İraqdan tədarük 72,8 min ton təşkil edib. Başqa sözlə, 2019-cu illə müqayisədə 2025-ci ildə İraqın Gürcüstan bazarına bitum ixracı 5 dəfədən çox artıb.

Rauf Ağamirzəyev qeyd edib ki, bu dəyişiklikdə İranla bağlı sanksiyalar, tədarük marşrutlarının dəyişməsi və Gürcüstanın təchizat mənbələrini şaxələndirmək siyasəti mühüm rol oynayıb. 2020–2021-ci illərdə Azərbaycan Gürcüstanın əsas bitum təchizatçılarından birinə çevrilsə də, sonrakı illərdə İraqın bazardakı payı sürətlə artıb.

Ümumilikdə, mövcud göstəricilər Cənubi Qafqazda bitum ticarətinin fərqli təchizat modelləri əsasında formalaşdığını göstərir. Ermənistanın İran, Gürcüstanın isə əsasən İraq bazarından asılılığı diqqət çəkir. Azərbaycan isə istehsal imkanları sayəsində həm daxili bazarda, həm də regional ticarətdə iştirak edir.

Eltac Zülfüqaroğlu

Oxunub : 230
ŞƏRH YAZ
Ad

E-mail

Şərh