“Volqa”dan “BMW”yə: Vəzifəli şəxslərin maşınları bir əsr ərzində necə dəyişdi?

Maraqlı 5 Sentyabr 2026 16:59
“Volqa”dan “BMW”yə: Vəzifəli şəxslərin maşınları bir əsr ərzində necə dəyişdi?
WhatsApp kanalımıza abunə olun

Şirkət və ya dövlət qurumu rəhbərləri üçün nəzərdə tutulan avtomobil sadəcə daşınma, hərəkət ehtiyacı ilə məhdudlaşmır. Avtomobil rəhbərin statusunu, qurumun imicini əks etdirən mühüm atributlardan biridir. Bu baxımdan da dünyanın hər yerində, eləcə də Azərbaycanda rəhbərlər üçün xidmət avtomobillər xüsusi diqqətlə seçilir.

Maraqlıdır hansı avtomobillər rəhbərlər üçün layiq görülür? Ən əsası niyə məhz bu markalara üstünlük verirlər?

Əvvəlcə yaxın keçmişə nəzər salaq. Sovet dövrü göstərişdən uzaq sayılsa da əslində çox da sıx olmayan avtomobil yollarında, xüsusən də məhdud seçimlər arasında iri ölçülü, dəbdəbəli "Volqa"lar, "Çayka"lar əlbəttə ki göz oxşayırdı. Maşın kənardan elə "zəhmli" görünürdü ki, istər-istəməz onun içindəki şəxsin də sonuna ""iyyət" artırılırdı, çünki sanballı adam olduğu bəlli olurdu.

Dördtəkərli status

İttifaq respublikalarının ən yüksək rəhbərləri əsasən ZİL-114, ZİL-117, ZİL-41047, GAZ-13(14), "Çayka" kimi iri limuzin modellərdən istifadə edirdilər.

Nazirlər, rayon və şəhər soveti rəhbərləri daha çox GAZ-24 "Volqa", sonrakı dövrdə GAZ-3102-də "daşınırdı". Orta səviyyəli idarə rəhbərləri və müəssisə direktorlarına "Moskviç", sonrakı dövrlərdə isə "Jiquli" markaları təqdim olunurdu.

Azərbaycanda ən çox "Volqa" və "Çayka" yüksək statusun göstəricisi idi.

Bəs bu günün qurum rəhbərlərini hansı maşınlar "gəzdirir"?

Yerli "rəislər"i 1990-cı illərdə daha çox "Mersedes" modelləri gəzdirərdi. Günümüzdə isə əsasən BMW seriasından (5-7 Series, X5), eləcə də Audi (A6, A8) modellərindən olan avtomobillərdə görmək mümkündür. Bu maşınlar elə sələfləri kimi "ağır, sanballı" görkəmi ilə içində gəzdirdiyi şəxsin statusundan xəbər verir.

"Vəzifəli" maşınlar

Amma xidmət maşınları dedikdə təkcə yüksək rəhbər işçilər nəzərdə tutulmur. Hər hansı dövlət ya özəl qurumlarda aşağı vəzifələrdə olan işçilərin də daşınması üçün xidməti avtomobillər seçilir.

Avtomobil üzrə ekspert Oqtay Vəliyev Bizim.Media-ya bildirdi ki, seçim zamanı adətən əsas meyarlar komfort, qiymət, yanacaq sərfiyyatı, etibarlılıq, servis xərcləri və ehtiyat hissələrinin əlçatanlığı olur.

Ən çox rast gəlinən modellər təxminən bunlardır: xüsusən şöbə müdirləri üçün Toyota Corolla, idarə rəisləri üçün Toyota Camry və ya Hyundai Elantra, Hyundai Sonata seçilir. SUV tələb olunan işlərdə, xüsusən rayonlara səfərlərdə yüksək səviyyəli xidməti avtomobil kimi Toyota RAV4, Toyota Land Cruiser, Prado, işçilər üçün isə Ford, Mitsubishi kimi markaların Pick-up modellərinə üstünlük verilir.

Oxunub : 410
ŞƏRH YAZ
Ad

E-mail

Şərh