Banner

Bakıda göz dağı olan keçidlər: Piyadalar onlardan niyə istifadə etmirlər?

Xəbərlər 11 Oktyabr 2023 18:17
Bakıda göz dağı olan keçidlər:  Piyadalar onlardan niyə istifadə etmirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərində əhalinin təhlükəsizliyi baxımından son illər yeraltı və yerüstü piyada keçidləri inşa edilib. Bu keçidlərin əksəriyyətində pilləkən deyil, eskalatorlar quraşdırılır. Əslində, eskalatorlu keçidlər daha rahatdır. Ona görə ki, yaşlı sakinlərin pilləkənləri çıxmasına ehtiyac qalmır. Ancaq son illər piyada keçidlərində quraşdırılan bəzi eskalatorların işləməməsi vəziyyəti çətinləşdirir. Nəticədə insanlar keçidlərdən istifadə etməməyə, nəqliyyat vasitələrinin sıx olduğu yollarla hərəkət etməyə üstünlük verirlər. Bu isə təhlükəsizlik qaydalarına ziddir.

Avtosfer.az xəbər verir ki, həmin ərazilərdən biri də paytaxtın Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçididir. Hündürlüyü 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator quraşdırılmasına baxmayaraq, heç biri işləmir. Yaşlı, xəstə həmçinin hamilələr bu hündürlükdə pilləkənləri qalxa bilmədikləri üçün yolun hərəkət istiqamətinə üz tuturlar. Bu da nəqliyyatın intensiv oldu]u yolda qəzalara səbəb olur.

Bakı sakini Esmira Məmmədovanın sözlərinə görə, eskalator neçə aylardır ki, işləmir:

“Elə mən özüm də bu hündürlüyü qalxıb-düşə bilmirəm. Ona görə də keçiddən istifadə etmirəm. Düzəldiblər, amma işləmir. Belə düzəltməyə nə var ki?”

65 yaşlı Etibar Salmanov qeyd edib ki, keçidin varlığı ilə yoxluğu bilinmir:

“Ayaqlarım sözümə baxmır. 2 addım gedəndə yoruluram. Qaldı ki, bu hündürlükdə pilləkəni qalxım. Gündə bu yoldan 2 dəfə istifadə edirəm. Evimə getdiyim avtobus 35-40 dəqiqədən bir gəlir, bu keçidi keçənə kimi 2 avtobus keçər. Hamı evinə tələsir”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının saytımıza verdiyi açıqlamada bildirib ki, yerüstü piyada keçidləri ilə bağlı müəyyən standartlar var:

"Bu standartlar pozulmadan belə keçidlərin tikilməsi arzuolunandır. Ümumiyyətlə, şəhər daxilində sürət həddi aşağı olan yerlərdə yerüstü keçidlərə heç bir ehtiyac yoxdur. Amma bəzi yollarda piyadalar hərəkətin intensivliyinə mane olur və həmin yol işıqforla tənzimlənmirsə o zaman bəli, bu keçidlər tikilə bilər. Yerüstü keçidlər adətən yüksək intensivlik olan yollarda tikilir. Ümumiyyətlə, belə keçidlər çoxalmalıdır. Şəhərin bir çox yerlərində, xüsusən Qaradağ rayonunda Bakı kəndləri istiqamətində, məsələn, Buzovna, Maştağa və bu istiqamətlərdə aeroport yolunda belə keçidlərə çox ciddi ehtiyac var.

Tikilərkən bunlar mütləq layihələndirilməlidir, eskalatorla təmin olunmalıdır. Bu keçmiş dövr deyil ki, deyək ki, belə avadanlıqlar yoxdur və yaxud da deyək ki, bahadır. Hər biri tapılır, almağa imkan da var. Düşünürəm ki, bunu təmin etmək faydalı olar ki, insanlar da ondan istifadə eləsin. Yəni bu imkanlar yaradılmalıdır. O ki qaldı bəzi yerlərdə var, eskalator işləmir. Bunları təmir etmək, nəzarət etmək lazımdır. Amma bəziləri var ki, yəni orda eskalator yoxdur, pilləkənlə qalxmaq lazımdır. Bundan da istifadə etmək lazımdır".

Ekspert vurğulayıb ki, dünyanın heç bir yerində belə bir standart yoxdur ki, bütün yerüstü keçidlər mütləq eskalator və liftlə təmin olunmalıdır:

"Əvvəlki dövrlərdə tikilibsə, bundan sadəcə istifadə etmək lazımdır. İndiki dövrdə tikilibsə, yenə şərait yaradılır, onun mailliyi nəzərə alınır, hündürlük nəzərə alınır, uyğun sistem quraşdırılır. Necə olur ki, adamlar beşmərtəbəli, altımərtəbəli doqquzmərtəbəli binaya piyada düşüb-qalxırlar. Restorana gedəndə üçmərtəbəli restoranı piyada düşüb-qalxırlar. Piyada keçidinə gələndə deyirlər ki, mən qalxa bilmirəm. Yəni bu, bir az insanların tənbəlliyindən irəli gələn bir məsələdir. Həm də belə deyək də, yersiz tələblərdir. Yəni bu tikilib və hər bir halda istifadə etmək lazımdır. Biri var gedib özünü maşının altına atasan, bir də var ki, keçiddən yararlanıb təhlükəsizliyinin qayğısına qalasan.Əgər keçidin təyinatında lift və eskalator var, lakin işləmirsə, bu artıq problemdir. Aidiyyəti qurumlar da bu problemi mütləq nəzarətdə saxlamalıdır".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, piyada keçidinin enerji qidalamasında problem müşahidə olunub:

“Bununla bağlı olaraq adiyəti üzrə rəhbərlik tərəfindən tapşırıq verilib. Problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Yaxın günlər ərzində keçidin enerji qidalanması ilə tam təmin olunması baş tutacaq. Eskalatorlar tam işlək vəziyyətdə olacaqlar”.

Publika.az

Oxunub 840
ŞƏRH YAZ
Ad

E-mail

Şərh