Bakıda tozlu hava - Təhlükə haradan gəlir?

Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı normadan 1.8-2 dəfə artıq olub. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Artıq Bakıda demək olar ki, hər il mütəmadi olaraq tozlu havaları müşahidə edirik. Bu hal əvvəllər təəccüblü gəlsə də, paytaxtın küləyinə alışdığımız kimi tozuna da öyrəşirik.
Bəs maraqlıdır, tozlu havanın artıq Bakı üçün xarakterik olduğunu deyə bilərikmi?
Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Nizamsız tikintilər, idarəolunmayan daş karxanaları...
Ekoloq Qorxmaz İbrahimli deyir ki, transsərhəd toz kütlələrinin ölkəyə daxil olub-olmamasından asılı olmayaraq, Bakı ümumilikdə çirkli şəhərdir. Bunun əsas səbəblərindən biri şəhərin küləkli iqlimə malik olmasıdır: "Lakin problem təkcə küləklə bağlı deyil. Tikinti işlərinin nizamsız aparılması, daş mədənlərinin düzgün idarə olunmaması tozlanmanın miqdarını xeyli artırır. Badamdar dağlıq massivi də daxil olmaqla paytaxtın bir çox ərazilərində həm daş karxanaları fəaliyyət göstərir, həm də intensiv tikinti işləri aparılır. Ən kiçik külək belə şəhər daxilindəki bu amillərlə birləşərək toz dərəcəsini yüksəldir. Sadəcə olaraq, bəzi hallarda bu tozu hiss etmirik, amma orqanizmimiz onu qəbul edir".
"Bu, avqust-sentyabr aylarında təkrarlanır"
Ekoloq bildirir ki, bundan əlavə, müşahidə olunan transsərhəd toz kütlələrinin bir hissəsi əsasən Cənub-Şərq küləkləri vasitəsilə Türküstan bölgəsinin səhralarından ölkə ərazisinə daxil olur. Bu hal hər il avqust-sentyabr aylarında təkrarlanır və artıq hava şəraitinin bir hissəsinə çevrilib. Toz kütlələri Xəzər dənizi üzərindən keçərkən qismən azalsa da, ən incə toz hissəcikləri Abşeron yarımadasına qədər çatır. Bu hal əsasən Bakı, Ələt, Salyan və digər Xəzərsahili ərazilərdə müşahidə olunur. Ölkənin digər regionlarına bu toz kütlələrinin çatmamasının səbəbi isə hissəciklərin məsafəni aşmaq üçün kifayət qədər dayanıqlı olmamasıdır".
"Maska və qoruyucu eynəklərdən istifadə edilməlidir"
Mütəxəssis deyir ki, Bakıda qeydə alınan tozlu hava mövsümi meteoroloji baxımdan gözləniləndir, lakin bu, onu təhlükəsiz etmir: "Havada tozun miqdarı normadan yüksəkdir və bu, xüsusilə ürək, tənəffüs yolları, bronxial və göz xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaradır. Mütəxəssislər belə şəraitdə maska və qoruyucu eynəklərdən istifadəni tövsiyə edirlər. Lakin təəssüf ki, Bakının özü bu tozlu havadan qorunmaq üçün yetərli infrastruktur və mühafizə mexanizmlərinə malik deyil. Şəhərdə yaşıllıqların azlığı, tikinti işlərinin və daş karxanalarının çoxluğu fonunda bu kimi hallar daha da tez-tez baş verir".
"Problemin kökü şəhərin özündədir"
Ekoloq vurğulayır ki, toz problemi təkcə transsərhəd deyil, Bakı özü toz mənbəyidir: "Biz illərdir deyirik ki, Bakı şəhəri bu qədər əhalini daşıya bilməz, şəhər boşaldılmalıdır. Azərbaycanın şəhərləşmə prosesi düzgün aparılmayıb, nəticədə ölkə əhalisinin yarıdan çoxu Bakı və Abşeron yarımadasında cəmləşib. Bu isə artıq ekoloji və sosial cəhətdən bir faciədir. Bu problemi həll etmək üçün dövlətin ciddi tədbirlər görməsi zəruridir. Transsərhəd toz kütlələri bir neçə günə çəkilə bilər, amma ölkə daxilində, xüsusən də Bakıda yaranan tozlanma davam edəcək. Sadəcə, şəhərin küçələrinə, məhəllələrə, aparılan tikintilərə baxmaq kifayətdir. İki-üç mərtəbəli binalar kütləvi şəkildə sökülür, külək əsəndə isə toz havaya qalxır. Bu, daimi və yerli toz mənbəyidir. Yəni təkcə transsərhəd hava axınlarını günahlandırmaqla məsələ bitmir, problemin böyük hissəsi şəhərin özündədir".
Bakı üçün tipik meteoroloji hadisə
"Eko Monitorinq" Mərkəzinin direktoru Kənan Kərimli isə deyir ki, artıq tozlanmanı Bakı üçün müəyyən qədər tipik meteoroloji hadisə hesab etmək olar: "İqlim dəyişiklikləri, regionda səhralaşma meyilləri və transsərhəd toz daşınmaları səbəbindən Bakı və Abşeron yarımadasında mütəmadi olaraq tozlu hava müşahidə olunur. Bu proses xüsusilə ilin isti mövsümündə daha qabarıq şəkildə özünü göstərir. Buna görə də artıq toz hadisələrini Bakı üçün müəyyən qədər tipik meteoroloji hadisə hesab etmək olar. Əgər əvvəllər bu cür toz epizodları ildə sadəcə bir neçə dəfə qeydə alınırdısa, hazırda onların sayı nəzərəçarpacaq dərəcədə artıb".
"Toz havanın keyfiyyətini pisləşdirir"
Bakı şəhərinin coğrafi mövqeyinə gəlincə isə, mütəxəssis deyir ki, məlum olduğu kimi, şəhər dəniz səviyyəsindən aşağıda, Abşeron yarımadasının dar ərazisində yerləşir. Bu səbəbdən havada sirkulyasiya çətinləşir: "Şimal və cənub küləklərinin istiqamətindən asılı olaraq, toz burada yığılaraq uzun müddət qala bilir. Urbanizasiyanın intensivliyi, yəni yüksək tikinti sıxlığı, asfalt və beton örtüklərin çoxluğu, yaşıllıq sahələrinin isə nisbətən azlığı tozun çökməsinə və havada qalma müddətinin uzanmasına səbəb olur. Eyni zamanda, toz avtomobil emissiyaları ilə qarışaraq havanın keyfiyyətini daha da pisləşdirir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












