Banner

Turistlər Bakıya gəlir, regionlara getmir: Səbəb nədir? - EKSPERT

Xəbərlər 30 Oktyabr 2026 22:45
Turistlər Bakıya gəlir, regionlara getmir: Səbəb nədir? - EKSPERT
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda hotellərdə gecələmələrin sayının ötən ilin eyni dövrü ilə müqayisədə azalması turizm sektorundakı mövcud vəziyyəti yenidən gündəmə gətirib. Xüsusilə əcnəbi turistlərin gecələmələrinin azalması və xarici qonaqların böyük hissəsinin Bakıya üstünlük verməsi region turizminin inkişafı ilə bağlı suallar yaradır.

Avtosfer.az xəbər verir ki, hotellərdə gecələmələrin azalmasına hansı amillərin təsir etdiyi, bu tendensiyanın turizm gəlirlərinə mümkün təsirləri və regionların xarici turistlər üçün cəlbediciliyinin artırılması yolları müzakirə olunur.

Mövzu ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında hotellərdə gecələmələrin sayında müşahidə olunan azalma bir neçə amillə əlaqələndirilə bilər:

"Burada mövsümi dəyişikliklər, turistlərin səyahət istiqamətlərinin şaxələndirilməsi, regional rəqabətin artması və turistlərin fərqli yerləşmə vasitələrinə üstünlük verməsi müəyyən rol oynaya bilər. Lakin bu göstəriciləri Azərbaycanın turizm cəlbediciliyinin azalması kimi qiymətləndirmək düzgün olmazdı. Azərbaycan zəngin mədəni irsi, təbii turizm resursları, qastronomiyası və beynəlxalq tədbirləri ilə regionun mühüm turizm istiqamətlərindən biri olaraq qalır. Düşünürəm ki, hazırkı vəziyyət turizm sektorunda yeni yanaşmaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və daha rəqabətqabiliyyətli qiymət siyasətinin formalaşdırılması üçün bir fürsətdir. Xüsusilə regionlarda turizm infrastrukturunun inkişafı, qış və sağlamlıq turizminin təşviqi gecələmələrin sayının artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, yeni aviareyslərin açılması və beynəlxalq turizm bazarlarında Azərbaycanın daha fəal tanıdılması turist axınının genişlənməsinə şərait yaradacaq. Əsas məqsədimiz yalnız turistlərin sayını artırmaq deyil, ölkədə daha uzun müddət qalan, daha çox xidmətlərdən istifadə edən və turizm iqtisadiyyatına yüksək töhfə verən turistlərin cəlb olunması olmalıdır".

Ekspert qeyd edib ki, hotellərdə gecələmələrin böyük hissəsinin Bakıda cəmləşməsi region turizminin zəif olması kimi deyil, paytaxtın ölkəyə gələn turistlər üçün əsas giriş və yerləşmə mərkəzi olması ilə əlaqələndirilməlidir:

"Bakı beynəlxalq uçuşlar, biznes tədbirləri, mədəniyyət və əyləncə imkanları baxımından xarici turistlər üçün cəlbedici istiqamətdir. Bununla yanaşı, Azərbaycanın regionlarında da böyük və hələ tam istifadə olunmamış turizm potensialı mövcuddur. Şuşa, Zəngilan, Qəbələ, Şəki, Quba, Lənkəran və Naxçıvan kimi bölgələrimiz fərqli turizm məhsulları ilə beynəlxalq bazarlarda tanıdıla bilər. Xarici turistlərin bölgələrə marağını artırmaq üçün nəqliyyat əlçatanlığının genişləndirilməsi, hotellərin xidmət keyfiyyətinin yüksəldilməsi və vahid turizm marşrutlarının hazırlanması vacibdir. Xüsusilə Bakı ilə regionları birləşdirən çoxgünlük turizm paketlərinin təşviqi turistlərin ölkədə qalma müddətini artıra bilər. Eyni zamanda, qastronomiya, sağlamlıq, ekoturizm, kənd və qış turizmi kimi istiqamətlərin beynəlxalq sərgilərdə və rəqəmsal platformalarda daha fəal təbliğinə ehtiyac var. İnanıram ki, düzgün marketinq strategiyası və özəl sektorun fəal iştirakı nəticəsində Azərbaycanın turizm xəritəsində regionların payı daha da artacaq və turizmdən əldə olunan gəlirlər ölkə üzrə daha balanslı bölüşdürüləcək".

Fatimə

Oxunub : 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh