Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI

2026-cı ilin ilk 9 ayında Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta əməliyyatlarında özünü göstərib.
Avtosfer.az xəbər verir ki, Mərkəzi Bankın oktyabrın 29-da yaydığı məlumata görə, cari ilin 9 ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satış həcmini 759 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir ildə 3,3 faiz bəndi azalaraq 2026-cı ilin sentyabrında 25,7 faizə düşüb. Mərkəzi Bankın məlumatında bildirilir ki, valyuta bazarında tələbin kəskin azalması və təklifin artması fonunda qurum valyuta alışları həyata keçirib. Nəticədə, ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 33,4 faiz artaraq 15,4 milyard dollara yüksəlib.
Qeyd edək ki, bu il Yaxın Şərqdə gərginliyin artması fonunda neftin bahalaşması Azərbaycanın gəlirlərinə müsbət təsir göstərib. Lakin neft qiymətlərindəki artıma baxmayaraq, ölkədə iqtisadi fəallıq zəifləyib. Belə ki, 2026-cı ilin ilk 9 ayında ümumi daxili məhsul (ÜDM) cəmi 1,5 faiz artıb.
Neftin bahalaşmasına baxmayaraq, 2026-cı ilin ilk 9 ayında Azərbaycanın ÜDM artımının cəmi 1,5 faiz təşkil etməsi, eyni zamanda valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi tendensiyası uzunmüddətli perspektivdə manatın məzənnəsinə və iqtisadi artıma necə təsir göstərə bilər?
İqtisadçı Eldəniz Əmirov Avtosfer.az-a açıqlamasında bildirib ki, neftin qiymətinin yuxarı olması ölkəyə valyuta daxil olmalarını təbii şəkildə artırır. Valyuta ehtiyatları da Mərkəzi Bankda və Dövlət Neft Fondunda olduğu üçün manatın sabitliyini bütün bu proseslər tənzimləyir:

“Digər bir tərəfdən, valyuta bazarında təklif tələbi üstələyir. Yəni ki, manatın ucuzlaşma riski azalır. Bu nə deməkdir? Bu gün dollar satanlar daha çoxdur, nəinki dollar almaq istəyənlər. Buna görə də təklif tələbi üstələyir.
Digər bir tərəfdən də Mərkəzi Bankın doqquz ayda valyuta ehtiyatları 33,4% artaraq 15,4 milyard dollara çatıb. Gələcəkdə məzənnə risklərinin qarşısını almaq üçün kifayət qədər ciddi təminatdır.
O ki qaldı iqtisadi artma təsiri, neft bahalaşsa da ÜDM-in 1,5% artması iqtisadiyyatın digər struktur göstəricilərindən qaynaqlanır. Çünki ÜDM-in formalaşmasında neftin qiymətindən çox neftin hasilat həcmi rol oynayır. Çünki baza göstəricilərinə fokuslandığından hasilat həcmlərinin azalması ÜDM-in azalmasına gətirib çıxarır neft nə qədər baha olursa-olsun".
İqtisadçı əlavə edib ki, ümumiyyətlə, iqtisadi artımın hansı formada olmasından, neftin hansı formada olmasından asılı olmayaraq, hələ uzun müddət ölkədə manatın məzənnə sabitliyinin qorunub saxlandığını görə biləcəyik:
“Çünki hökumət, o cümlədən də cənab Prezident İlham Əliyevin manatın məzənnə sabitliyi ilə bağlı səsləndirdiyi fikirlər bunun ən yüksək səviyyədə dəstəkləndiyini göstərir. Yəni Azərbaycan birmənalı şəkildə ölkədə makroiqtisadi tarazlığın qorunması üçün manatın məzənnə sabitliyinə üstünlük verməkdə davam edəcəkdir".
Türkan Ülvi
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO












