DSX-nin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verildi - FOTO

Cari ilin 25 may tarixində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Bu barədə Dövlət sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar keçirilmiş açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şöbənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib.
Qısa müddət ərzində səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması, zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü bildirilib.
Hazırda DSX Sahil Mühafizəsinin dəniz mühitində istənilən çağırışa çevik reaksiya göstərərək Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqrasiyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməsi xüsusi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla birgə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şəraitinin yaradılması qeyd edilib.
Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Zəngilanın, Cəbrayılın, Xocəvəndin, Suqovuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub.
Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin rəhbərliyi altında heyət iştirak edib, cəmiyyətin dörd nəfər əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları ikimərtəbəli binada yaradılmış şəraitlə tanış olublar. Buradakı xidməti otaqlara, konfrans zalına, tibb otağına, yeməkxanaya, eləcə də şəxsi heyət üçün yaradılmış istirahət otaqlarına, idman meydançasına, dənizçi sərhədçilərin istifadəsində olan xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara baxış keçirilib.













