Keyfiyyətsiz mal hansı hallarda dəyişdirilə və qaytarıla bilər?

İstehlakçının əldə etdiyi lazımi keyfiyyətli qeyri-qida malı forma, ölçü, görünüş, rənginə görə istehlakçıya yaramırsa, yaxud da digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu aldığı 14 gün ərzində (satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə) oxşar mala dəyişdirmək hüququ var. Yaxud da, bu cür hallarda satışda uyğun mal olmadıqda isə istehlakçının onu qaytarmaq hüququ var.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Xidmətdən verilən məlumatda bildirilib ki, “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların Siyahısı”da adı qeyd edilən mallarda zəmanət müddəti ərzində qüsur və ya saxtalaşdırma halı aşkar edildikdə istehlakçının müəyyən hüquqları yaranır: “Belə olan halda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, istehlakçı öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir”.
“Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır”, - deyə məlumatda qeyd olunub.
Mal olduqda istehlakçının malı dəyişmək tələbi dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılan müddət ərzində dəyişdirilməlidir.
Qeyd edək ki, malın hansı qaydada alınmasından asılı olmayaraq, dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə təsdiq edilib. Aşağıdakı siyahıda adları qeyd olunan lazımi keyfiyyətli mallar dəyişdirilmir və qaytarılmır.
Qızıl və qızıl məmulatları.
Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
Parfümer-kosmetika malları.
Kişi, qadın və uşaq çimərlik paltarları.
Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
Məişət-kimyası malları.
Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
Uşaq oyuncaqları.
İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
(apa)
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












