Putinlə Paşinyanın “söz dueli”: Ermənistan qarşıdurma poliqonuna çevrilir

Xəbərlər 2 Aprel 2026 10:16
Putinlə Paşinyanın “söz dueli”: Ermənistan qarşıdurma poliqonuna çevrilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri seçkilərə hesablanmış gediş idi. Paşinyan Putinlə görüşdə iki hədəfə nail olmaq istəyirdi.

Birincisi, seçki öncəsi Rusiya ilə münasibətləri normallaşdırmaq, ən azı daxili auditoriyaya Putinlə “problemin olmadığı” mesajını vermək;
İkincisi, Rusiyanın seçki prosesinə müdaxiləsini neytrallaşdımaq;

Seçki öncəsi gərginliyin kəskinləşməsi fonunda Putinlə “təmasların davam etdiyi” pozu Paşinyan hakimiyyətinə lazımlı görünür. Çünki Ermənistan hakimiyyətinin əsas opponentləri Moskva ilə dərin əlaqələrə malikdir: Putinlə şəxsi dostluğu olan Robert Koçaryan onun dəstəyi ilə hakimiyyət dəyişikliyinə ümid edir; yeni “siyasi qüvvə” hesab olunan rusiyalı miyarder Samvel Karapetyanın İrəvanda “Kreml missiyası”nı icra etdiyi sirr deyil; Paşinyanın kilsə ilə mübarizəsində də Rusiya Qaregin dəstəsinin yanındadır;

Paşinyan seçkidə mümkün riskləri müxalifətin bağlı olduğu ölkədə həll etmək istəyir. Hərçənd, görüşdə Putinin səsləndirdiyi fikirlər fonunda buna nə qədər nail olduğunu demək çətindir.

1. Putin “Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkidə iştirak etməsini”, həmçinin, “Rusiyada yaşayan 2 milyon ermənini də səsvermə hüququnun təmin edilməsini” istəyib. Moskva bununla seçkidə Rusiyapərəst qüvvələrin yanında olduğunun mesajını verib.
2. Rusiya prezidenti İrəvan və Brüssel arasındakı təmasları “normal” qarşıladıqlarını bildirsə də, əlavə etdi ki, “Ermənistanın Avrasiya İqtisadi İttifaqında olduğu halda Avropa İttifaqına üzlüklə bağlı müzakirələri” qəbuledilməzdir.
3. Putin həmçinin, Rusiyanın Ermənistana verdiyi dəstəyi xüsusilə qabardıb: qazı aşağı qiymətə satdıqlarını bildirib; ticarət dövriyyəsinin 6 milyard dolları ötdüyünü vurğulayıb;

Rusiya-Ermənistan ticarət dövriyyəsinin 6 milyard dollara çatması reeksport prinsiplərinə - təkrar ixraca əsaslanır. Bunun da əsas səbəbi 2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyanın üzləşdiyi sanksiyalardır. 2021-ci ildə 2,6 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə fantastik həddə - 91,7 faiz artaraq 5,05 milyarda, 2023-cü ildə isə 7,4 milyard dollara çatıb. Sonrakı illərdə də artan xətlə davam edən ticarət dövriyyəsi Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq üçün verdiyi dəstəyin nəticəsidir. Qərb ölkələri bunu görsə də, susmağa üstünlük verir.

Putinin Paşinyana verdiyi mesajları belə oxumaq mümkündür: Ermənistan sanksiyalardan yayınmaq üçün Rusiyaya verdiyi dəstəyə görə ticarət dövriyyəsi artsa da, Moskva İrəvanda hakimiyyət dəyişikliyində maraqlıdır və bu məqsədlə rusiyapərəst qüvvələrə dəstək verəcək. Paşinyan da “Rusiya ilə münasibətlərdə maraqlıyıq” desə də, Putinə “mübarizə aparacaqlarının, təslim olmayacaqlarının” mesajını çatdırdı.

Paşinyan üçün ürəkaçan olmayan görüşdə səslənən fikirlər, xüsusilə Putinin dedikləri Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirilə bilər. Kreml açıq mətnlə seçki prosesinə müdaxilədən çəkinməyəcəyini elan etdi. Ermənistan hakimiyyəti Rusiyanın gözlənilən müdaxiləsinə qarşı Qərbin dəstəyinə ümid edir. Avropa İttifaqının Moldova ssenarisini Ermənistanda təkrarlamaq məqsədilə İrəvana “xüsusi missiya” göndərmək planı da bunu deməyə əsas verir. Ermənistanda hakimiyyətlə müxalifətin toqquşmasına, nəticədə siyasi azadlıqların pozulmasına Qərbin sərgilədiyi yumşaq siyasət də bundan qaynaqlanır. Qərb ölkələrinin yanaşması da Rusiya kimi Ermənistanın daxili siyasətinə aktiv müdaxilə hesab oluna bilər.

Və belə görünür ki, Ermənistanda Rusiya və Qərb qarşıdurması güclənəcək. Ermənistan de-fakto Qərb-Rusiya toqquşmasının poliqonuna çevrilib. Ukraynada hərbi müstəvidə üz-üzə gələn tərəflər – Rusiya və Qərb Ermənistanda “soyuq müharibə” prinsipləri ilə toqquşur. Bu, Ermənistan üçün mənfi perspektiv vəd edir, xüsusilə seçki ərəfəsində və seçkisonrası dövrdə daxili qarşıdurmaların kəskinləşməsi riskləri getdikcə artır.

Ermənistanla bağlı vəziyyət – qarşıdurma poliqonuna çevrilməsi Azərbaycanın həyata keçirdiyi siyasətin dövlət maraqları üçün nə qədər taleyüklü olduğunu da nümayiş etdirir. Prezident İlham Əliyevin bütün güc mərkəzləri ilə qurduğu əlaqələr – ABŞ və Çiinin timsalında həm qlobal oyunçular, həm Avropa İttifaqı və region ölkələri ilə milli maraqlara əsaslanan münasibətlər Azərbaycanı geosiyasi mərkəzə çevirib./publika.az

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh