“WOLT”un çatdırdığı məhsul istifadəyə yararsız çıxdı - AÇIQLAMA - FOTO

Son bir neçə ilə nəzər salsaq ölkəmizdə təqdim olunan xidmətlərin də müasir dövrün tələblərinə uyğunlaşdırıldığını görərik. Əksər ehtiyacların bir düyməyə basacaq qədər ödənilməsi insanların işini sözün əsl mənasında sadələşdirib. Artıq hər hansı bir ödənişi etmək, istədiyimiz qidanı, geyimi, əşyanı almaq, yaxud bir ünvandan digərinə çatmaq üçün nəqliyyat vasitəsini çağırmaq üçün yaradılmış sosial tətbiqlərdən istifadə edirik. Bu məqsədlə prosesi reallaşdıran çatdırılma şirkətlərinə tələbat da günü-gündən artır və ən yaxşı, seçilən olmaq üçün rəqiblərini ötüb keçmək prinsipi ilə hərəkət edirlər. Daha sərfəli qiymət şərtləri irəli sürmək, endirim kampaniyaları təşkil etmək, müxtəlif oyun və yarışlar keçirərək istifadəçiləri mükafatlandırmaq bu yolda atılan addımlardandır. Təbii ki, ən əsası insanlara güvən aşılamaq önəmli faktordur. Bu hissi istifadəçilərinə ötürən şirkət özünə daimi müştəri qazandırmış olur. Lakin işin müsbət, asan, xoşagələn tərəfləriylə yanaşı qaranlıq qalan, insanlarda güvənsizlik problemi yaradan nüanslarını da qeyd etməsək olmaz. Bu mənada çatdırılma şirkətləriylə bağlı kütləvi narazılığa səbəb olan başlıca məqam verilən vədin yerinə yetirilməməsi olur. Təəssüf ki, bəzi şirkətlər sadəcə reklam xarakterli şişirdilmiş variantlar təqdim edərək insanların ümidlərini boşa çıxarır. Çox uzağa getmədən günümüzü zəbt edən sosial şəbəkələrə göz atsaq bunun aydın şahidi olarıq. Xüsusilə bir sıra şirkətlər var ki, əksəriyyət tərəfindən hər zaman qınaq obyektinə çevrilir. Məsələnin acınacaqlı tərəfi isə bildirilən iradların gözardı edilərək fəaliyyətdəki nöqsanların aradan qaldırılmaması olur. Gündəlik ehtiyac siyahısına daxil olan qida fəaliyyətiylə məşğul olan iaşə obyektləri və
müştərək işlədikləri çatdırılma şirkətləriylə bağlı şikayətlər n qədərdir. Qeyd olunan vaxtdan gec çatdırılma, gətirilən qidanın xoşagəlməz formada təqdim olunması, isti yeməklərin soyuq halda verilməsi insanların narazılığına səbəb olan başlıca şikayətlərdir. Bu baxımdan qeyd edə bilərik ki, məsələ araşdırılmalı və hansı qurumun məhsuliyyətsizliyinin məhsulu olduğu müəyyənləşməlidir. Sadaladığımız problemlər daha çox çatdırılma şirkətinin təqsiri olsa da bəzən onlardan əlaqəsiz - sifariş edilən iaşə obyektlərinin səhlənkar davranışlarından qaynaqlanır. Elə bu məsələylə bağlı paylaşım edən bloqer “WOLT” şirkətinin çatdırdığı məhsulun istifadəyə yararsız olduğunu iddia etməsi bariz nümunədir.
Avtosfer.az xəbər verir ki, bu barədə vətəndaş şəxsi “İnstagram” hesabında paylaşım edib. Onun sözlərinə görə onlayn çatdırılma şirkəti olan “WOLT”un “endirimlər” bölməsindən iki salat sifariş verib, lakin salat ünvana çatanda istifadəyə yararsız olduğu məlum olub. Bu barədə şirkətə şikayət edən şəxs qarşılığında “biz həmin kateqoriyaya görə məsuliyyət daşımırıq” cavabını alıb.
Qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov saytımıza açıqlamasında bildirib ki, belə şirkətlər yalnız sifarişin çatdırılmasına cavabdehdir. Əgər qidada bir problem varsa buna görə birbaşa məhsulu göndərən ictimai iaşə obyekti məsuliyyət daşıyır. “Son zamanlar bəzi müəssisələrdə qida məhsullarının düzgün saxlanılmadığını müşahidə edirik. Bəzi qidalar var ki, onların saxlanma qaydaları fərqlidir. Əgər bir sahibkar çatdırılma ilə məşğul olursa, öncəliklə məhsulun nə qədər məsafə qət edəcəyini, yolun tıxac ola biləcəyini nəzərə almalı və bu kimi mövzulara diqqət etməlidir. Çatdırılma şirkətlərinin üzərinə düşən öhdəlik isə ictimai iaşə obyektindən bir neçə dəfə şikayət gəldikdə, həmin obyektlə birgə fəaliyyətini dayandırmaqdır”.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.
Nurlan Sakitoğlu














