Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO

Xəbərlər 25 İyun 2026 22:25
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə olun

Xəzər dənizinin sahillərində çirklənmə problemi uzun illərdir aktuallığını qoruyur. Xüsusilə neft qalıqları, məişət tullantıları və digər çirkləndirici maddələrin sahilboyu ərazilərdə qalması ictimai narahatlıq yaradır.

Avtosfer.az xəbər verir ki, sahillərin təmizlənməsi ilə bağlı aparılan könüllü aksiyalar mövzunu yenidən gündəmə gətirib. Belə ki, “İDEA” İctimai Birliyi mütəmadi olaraq dənizkənarı ərazilərdə və çimərliklərdə təmizlik kampaniyaları həyata keçirir. Lakin bu fəaliyyətlərin könüllülük prinsipi əsasında aparılması məsuliyyət bölgüsü ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Avtosfer.az-a açıqlamasında bildirib ki, “İDEA” İctimai Birliyi tərəfindən könüllülük əsasında dənizkənarı ərazilərdə və sahillərdə təmizlik aksiyalarının həyata keçirilməsi çox təqdirəlayiq haldır:

“Ətraf mühitin qorunması və təmiz saxlanılması hər bir vətəndaşın, eləcə də cəmiyyətin bütün üzvlərinin ümumi məsuliyyətidir. Bu baxımdan hər kəs yaşadığı mühitin qorunmasına öz töhfəsini verməlidir. Ümumiyyətlə, ölkəmizdə ictimai birliklər, dövlət qurumları, qeyri-hökumət təşkilatları, bələdiyyələr və digər qurumlar tərəfindən mütəmadi olaraq müxtəlif təmizlik və ekoloji maarifləndirmə aksiyaları keçirilir, ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görülür. Bununla yanaşı, dövlət tərəfindən də ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə müxtəlif proqramlar və layihələr həyata keçirilir”.

Deputat qeyd edib ki, vaxtilə ciddi ekoloji problemə çevrilmiş Balaxanı ərazisindəki neftlə çirklənmiş göllərin təmizlənməsi, Böyükşor gölünün ekoloji cəhətdən sağlamlaşdırılması və müasir istirahət məkanına çevrilməsi, eləcə də keçmiş sənaye və neft tullantıları ilə çirklənmiş “Qara şəhər” ərazisinin yenidən qurularaq müasir “Ağ şəhər” layihəsinə çevrilməsi dövlət vəsaiti hesabına həyata keçirilmiş mühüm ekoloji layihələrdir:

“Xəzər dənizinin sahillərinin qorunması, neft qalıqları və digər tullantılardan təmizlənməsi, habelə sahillərin yenidən çirklənməsinin qarşısının alınması ilə bağlı əsas dövlət qurumu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Nazirlik ətraf mühitin mühafizəsi, su hövzələrinin ekoloji vəziyyətinə nəzarət, çirklənmənin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində dövlət siyasətini həyata keçirir. Sahilyanı ərazilər müvafiq yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin balansında olduqda, həmin ərazilərin təmiz saxlanılması və abadlaşdırılması da onların vəzifələri sırasına daxildir. Eyni zamanda, sosial və ekoloji məsuliyyət çərçivəsində neftlə çirklənmiş ərazilərin bərpası və təmizlənməsi istiqamətində SOCAR və onun aidiyyəti strukturları tərəfindən də müxtəlif layihələr həyata keçirilir. Xüsusi mühafizə olunan təbiət ərazilərində, dövlət müəssisələrinin istifadəsində olan torpaqlarda və digər xüsusi təyinatlı sahələrdə təmizlik, mühafizə və ekoloji nəzarət funksiyaları həmin əraziləri idarə edən qurumların məsuliyyət dairəsinə aiddir. Beləliklə, Xəzər dənizinin sahillərinin mühafizəsi və təmiz saxlanılması təkcə bir qurumun deyil, müxtəlif dövlət orqanlarının, yerli özünüidarəetmə qurumlarının, təsərrüfat subyektlərinin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edən mühüm vəzifədir”.

Ekoloq Ənvər Əliyevin fikrincə isə, Xəzər dənizinin sahillərinin təmizliyi ilə bağlı məsuliyyət müxtəlif qurumlar arasında bölüşdürülüb:

“Sahilboyu ərazilər yerləşdikləri inzibati ərazilərə uyğun olaraq bələdiyyələrin, yerli icra hakimiyyətlərinin, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müəssisə və istehsalat sahələrinin məsuliyyət dairəsinə daxildir. Bu baxımdan sahillərin təmiz saxlanılması və çirklənmənin qarşısının alınması onların da öhdəlikləri sırasındadır. Xüsusilə neft məhsulları ilə çirklənmiş sahələr, eləcə də sahilboyu ekosistemlərdə mövcud olan bitki örtüyü, yosunlar və digər fitokütlə ehtiyatlarının qorunması xüsusi diqqət tələb edir. Lakin bəzi ərazilərdə nəzarət funksiyaları aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilir”.

Ekoloq vurğulayıb ki, təəssüf ki, bəzi hallarda müxtəlif mənbələrdən gizli şəkildə neft məhsullarının və digər tullantıların dənizə axıdılması faktlarına da rast gəlinir:

“Hətta bəzi çirkləndirici mənbələrin yeraltı və ya sualtı yollarla fəaliyyət göstərdiyi iddia olunur. Belə halların qarşısının alınması və araşdırılması aidiyyəti nəzarət orqanlarının səlahiyyətlərinə daxildir. Bu cür çirklənmələr həm ətraf mühitə, həm də iqtisadiyyata ciddi ziyan vurur. Çirklənmiş ərazilərin təmizlənməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda quşlar, balıqlar və digər canlılar da bu prosesdən zərər görür. Xüsusilə plastik tullantılar, sellofan torbalar və istifadədən çıxmış balıq torları dəniz ekosisteminə mənfi təsir göstərir. Azərbaycanın Xəzər dənizi boyunca təxminən 825 kilometrlik sahil xətti mövcuddur. Bu ərazilər böyük turizm və rekreasiya potensialına malik olsa da, mövcud problemlər həmin imkanlardan tam istifadə etməyə şərait yaratmır. Halbuki sahillərin təmizliyi və müasir infrastrukturun yaradılması ölkəyə əlavə turist axını qazandıra və iqtisadi gəlirləri əhəmiyyətli dərəcədə artıra bilər. Xəzər sahillərində ekoloji problemlərin həlli və təmizliyin təmin olunması gələcəkdə həm turizmin inkişafına, həm də ölkə iqtisadiyyatına mühüm töhfə verə bilər”.

Fatimə Dadaşova

FOTO QALEREYA
Oxunub : 260
ŞƏRH YAZ
Ad

E-mail

Şərh