Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...

Öyrənək 17 İyun 2026 15:30
Dəmir yolu keçidlərində səhv edən sürücü və piyadaları nə gözləyir? – Qaydalar pozulur və...
WhatsApp kanalımıza abunə olun

Dəmiryol keçidləri nəqliyyat təhlükəsizliyi baxımından ən həssas nöqtələrdən biri hesab olunur. Burada sürücülərin diqqətsizliyi və ya qaydalara tam əməl etməməsi ciddi qəza riskləri yarada bilər. Mövcud vəziyyət həm də hüquqi tənzimləmələrin və icra mexanizmlərinin nə dərəcədə effektiv olduğunu müzakirə etməyə əsas verir.

Bəs sürücülərin dəmir yolu keçidlərindən istifadə qaydalarına əməl edib-etməməsi, dəmiryol keçidlərindən istifadəsindəki hüquqi boşluqlar nələrdir?

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, dəmiryol keçidi yolun ən təhlükəli sahələrindən biri sayılır: “Çünki yol hərəkətində istifadə olunan digər nəqliyyat vasitələrinin - minik avtomobillərinin, avtobusların, velosipedlərin, kiçik elektrik nəqliyyat vasitələrinin, motosikletlərin, hətta kənd yerlərində də ola bilər, at-araba nəqliyyatının yolu, həm də piyadaların yolu qatarın yolu ilə kəsişir. Belə bir kəsişmələr olduğuna görə dəmir yolundan piyadalar, müxtəlif növ nəqliyyat vasitələri də keçir. Ona görə də dəmiryol keçidi yolun ən təhlükəli sahəsi hesab olunur və dəmiryol keçidində hərəkətin təhlükəsizliyinə, yol hərəkətinin təşkilinə xüsusi yanaşma olmalıdır.

Dəmiryol keçidindən istifadənin ayrıca qaydaları var və “Yol hərəkəti haqqında” qanunun 44-cü və 70-ci maddələrində dəmir yolu keçidlərinin siqnallaşdırılması, dəmiryol keçidlərindən keçmə qaydaları təsbit edilib. Hər kəs həmin qaydalara riayət etməlidir, kifayət qədər ciddi riayət etməlidir və həmin qaydalara ciddi riayət olunsa təhlükəsizlik maksimum dərəcədə təmin oluna bilər. Ümumiyyətlə, bir şeyi qeyd etmək lazımdır ki, ölkəmizdə dəmir yol xətlərində hərəkət intensivliyi artıb. Digər tərəfdən, diqqət yetirsək, görərik ki, Azərbaycanın dəmiryol şəbəkəsi tədricən dövlət müstəqilliyinin bərpası vaxtından bəri genişlənməkdədir. Düzdür, müəyyən işlər görülüb, amma görüləcək işlər də çoxdur. Bununla belə, yenə də dəmir yollarında qatarların hərəkət intensivliyi tədricən artmaqdadır. Həm yük qatarları, həm də müəyyən istiqamətlər üzrə, o cümlədən Bakı şəhəri ətrafında, Abşeron aqlomerasiyasında sərnişin qatarlarının hərəkəti”.

Ərşad Hüseynov əlavə edib ki, dəmiryol şəbəkəsinin özü, demək olar ki, dövlət müstəqilliyinin hələ ilk illərindəki vaxtlara heç qayıtmayıb: “Amma dəmir yolu keçidlərindən istifadə edən avtomobillərin və piyadaların sayı dəfələrlə artıb. Məsələn, ola bilsin ki, 90-cı illərdə hansısa bir dəmiryol keçidi var idi və həmin dəmiryol keçidində cəmi iki zolaq hərəkət hissəsi vardı, nəqliyyat üçün yol var idi və bəzən heç piyadalar üçün keçid yox idi. Yaxud da piyadaların da keçəcəyi yaxşı təşkil olunmamış bir yer var idi. Amma bu gün görürük ki, üstündən 35-40 il vaxt keçəndən sonra həmin dəmir yolu keçidlərində avtomobil yolunun eni iki dəfə, bəzən üç dəfə artıb və avtomobillərin sayı yenə də azı üç dəfə, bəlkə də hələ çox artıb, mikromobillik vasitələrinin, piyadaların sayı artıb. Ona görə də tələblər də yenilənməli idi.

Bizim qanunvericilikdə bununla bağlı boşluqlar varmı? Əslində, dəmiryol keçidindən keçmə qaydaları və onların siqnallaşdırılması ilə bağlı məsələlər kifayət qədər tənzimlənir. Xüsusən də “Yol hərəkəti haqqında” qanuna əlavə olunan yol hərəkətinin təşkili ilə bağlı standartlar bu məsələdə prioritet təşkil edir. Üstəgəl, həm də sırf dəmiryolçular üçün dəmiryol keçidlərindən istifadə qaydaları var. Həmin məsələ ilə bağlı Nazirlər Kabinetinin ayrıca qərarı mövcuddur. Bu qərarda da dəmiryol keçidindən istifadə qaydaları müfəssəl tənzimlənir. Amma hərəkətin təşkili ilə bağlı bəzi məqamlarda yeniliyə ehtiyac var. Yaxşı olar ki, konkret meyar müəyyən olunsun. Bu meyara əsasən, dəmir yolunun üzərində eynisəviyyəli keçidə yol verilməməlidir, ya tunellə, yəni dəmiryol keçidinin altından və yaxud da üstündən körpü ilə keçid olmalıdır. Bir növ qovşaq tipli vəziyyət yaranmamalıdır, yəni dəmiryolu ilə avtomobil yolu kəsişməməlidir. Bu gün həmin dəqiq meyar müəyyən olunmayıb və ən böyük boşluq odur. Çünki dəmir yolunun üzərində eynisəviyyəli keçidin olması və ondan istifadə həmişə risk yaradır. Nəzərə alsaq ki, yollarda avtomobil və piyada hərəkətliliyi həddindən artıq yüksəkdir və dəmiryol xətlərində qatarların da hərəkət intensivliyi tədricən artmaqdadır, ona görə də bu meyarların dəqiq müəyyən olunması bu dəqiqə ən aktual məsələdir”.

Hüquqşünas qeyd edib ki, dəmiryol keçidlərinin siqnallaşdırılmasına yanaşma dəyişə bilər:

“Hələ də müəyyən yol nişanları, çatışmayan dəmiryol keçidlərinə rast gələ bilərik. Yaxud da ola bilsin ki, orada yol nişanları var, amma 70-ci illərin tələblərinə uyğun yerləşdirilib deyə onların vizuallığında, hərəkət iştirakçıları tərəfindən qavranılmasında problem ola bilər. Ən azından onların yerləşdirilməsini elə maksimum yaxşılaşdırmaq lazımdır ki, hər kəs bunu görsün. Onun üçün də, məsələn, keçid qarşısında nişanları sadəcə sağ tərəfdə yox, yeri gəlsə yolun üstündə də asmaq lazımdır ki, bax, burada keçid var, bu qaydaya əməl etməyin zəruriliyini bildirir. Daha sonra, dəmiryol keçidlərində svetoforların işi ilə bağlı problemlərə rast gələ bilərik. Ola bilsin ki, bəzi yerdə dəmiryol keçidi svetoforlarına ehtiyac var. Bu istiqamətdə işlər görülməlidir ki, keçidlərdə siqnallaşdırmanı bu istiqamətdə də yaxşılaşdırsın.

Keçidlərin siqnallaşdırılmasının digər texniki vasitələri, şlaqbaumlar saz vəziyyətdə olmalıdır, yaxşı görünməlidir, onların vizuallığı daha yüksək səviyyəyə qaldırılmalıdır və həmişə də qatarların hərəkəti ilə sinxronlaşdırılmalı, dəqiq işləməlidir. Bir digər vacib məsələ iondan ibarətdir ki, bəzi dəmiryol keçidləri keçmək üçün narahatdır. Yəni oradan nəqliyyat, ya da piyadalar keçəndə əziyyət çəkə bilərlər. Narahatçılıq olduğuna görə nəqliyyat oradan çox aşağı sürətlə keçir, piyadalar da ola bilsin lazımsız hərəkətlər edirlər. Bu səbəblərdən də, piyada yıxıla bilər, velosiped idarə edən şəxs öz nəqliyyat vasitəsini keçidin birləşən nöqtələrində səviyyə fərqi olduğuna görə ilişdirə bilər. Ona görə də eynisəviyyəli dəmiryol keçidlərində nəqliyyatın hərəkətinin maksimum optimal sürətlə baş verməsi üçün, eləcə də piyadaların da çox rahat, fasiləsiz, təhlükəsiz keçməsi üçün keçidin səthi, keçiddə yol örtüyünün vəziyyəti, yəni o dəmir yolu ilə kəsişmə yerləri daha yaxşı tənzimlənməlidir.

Dəmiryol keçidlərinin təhlükəsizliyi ilə bağlı maarifləndirməyə ciddi ehtiyac var. Hələ də bəzi sürücülər dəmiryol keçidlərində qatarla toqquşurlar. Bunun əsas səbəblərindən biri qatarların dinamikası barədə cəmiyyətin məlumatının aşağı səviyyədə olmasıdır. Onlar bilmirlər, elə bilirlər, qatar da avtomobil kimidir, sürücü görəndə yaxın məsafədə dayanacaq, yol verəcək və təhlükənin qarşısını alacaq. Dediyim məsələlər həll olunsa, həm də yüksək maarifləndirmə işləri aparılsa, təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırmaq mümkün olacaq. Dəmir yolunun yaxınlığında və yaxud dəmir yolunda piyada hərəkət eləyənlərlə bağlı ciddi işlər görülməlidir. Təhlükəli sahələrdə dəmiryol keçidlərindən kənar qatarların təcrid edilməsi işləri icra olunmalıdır, çünki qatarların həm də sürəti artır”.

Erşad Hüseynov sonda bildirib ki, sürət artması şəraitində piyadaların diqqətsizliyi ilə yola çıxması fəlakətlərə gətirib çıxara bilir: “Bu istiqamətdə həm təbliğat işləri görülməlidir, həm də infrastruktur layihələri həyata keçirilməlidir ki, maksimum dərəcədə problemsiz şəkildə məsələlər həll olunsun. Keçiddən istifadə edən piyadalarla da təbliğat, təşviqat işləri aparılmalıdır ki, qatar avtomobil deyil, maşinist avtomobil sürücüsü kimi yol verə bilmir, onun yoluna qəflətən çıxmaq, xüsusən də, qulaqlıqdan istifadə edərək ətrafdan özünü təcrid edərək çıxmaq həyati dərəcədə təhlükəlidir. Düşünürəm ki, dəmiryol keçidləri daha təhlükəsiz ola bilər”.

Nəqliyyat eksperti Elədniz Cəfərovun fikrincə isə dəmir yolu keçidləri yol hərəkətinin ən yüksək riskli sahələrindən biridir və Azərbaycanda qüvvədə olan qaydalar sürücülərin davranışını kifayət qədər ətraflı tənzimləyir: “Yəni bu qaydalar artıq var. “Yol hərəkəti haqqında” qanun var, İnzibati Xətalar Məcəlləsi var. Sürücü qadağanedici siqnal yandıqda, şlaqbaum endikdə və ya qatar yaxınlaşdıqda keçidə daxil olmamalıdır. Bu elementar qaydadır. Yəni, təcrübəli sürücülər bunu bilirlər və bunu tənzimləmək üçün hüquqi baza var. Ümumilikdə də beynəlxalq standartlar var, ölkəmizdəki standartlar da ona uyğunlaşdırılıb”.

Ekspert vurğulayıb ki, praktikada bunun əksini görürük ki, bəzi hallarda sürücülər bu qaydalara əməl etmirlər və nəticədə də müəyyən problemlər yaşanır: “Dəmir yollarında qatarlarınbəzi hallarda gecikməsi müşahidə olunur, belə olanda da toqquşmalar yaşana bilir. Burada müəyyən hüquqi boşluqları indi deyə bilmirik, çünki lazım olan o ərazilərdə, keçidlərdə bu pozuntuları avtomatik olaraq qeydə alan hər hansı bir sistem mövcud deyil.

Ümumi biz deyə bilərik ki, bizim ölkəmizdə dəmir yolu keçidlərindən istifadə qaydalarının hüquqi bazası var. Ancaq təhlükəsizlik səviyyəsinin artırılması üçün həm normativ, həm də institutsional islahatlara ehtiyac var”.

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr" adlı layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Müəllif: Eltac Zülfüqaroğlu

Oxunub : 260
ŞƏRH YAZ
Ad

E-mail

Şərh