Buzlu yollarda 53 qəza: ölən və yaralananlar var – FOTOLAR
Bakıda yolların buz bağlamasına görə yol qəzalarının sayı artıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, paytaxt Bakıda hava şəraitinin kəskin dəyişməsi və qarlı havanın hökm sürməsinə görə yollar buz bağlayıb və nəticədə avtomobil qəzaları baş verib. Bölmə rəisinin sözlərinə görə, dünən axşamdan bu saata qədər paytaxtın müxtəlif yollarında 53 yol-nəqliyyat hadisəsi baş verib: “Təcrübəsiz sürücülər belə hava şəraitində avtomobili necə idarə etmək lazım olduğunu bilmirlər.
Nəticədə qəzalara səbəb olurlar. Biz xahiş edirik ki, avtomobilləri qışa hazır və buzlu yollar üçün tam təchizatlı olmayan sürücülər şəxsi avtomobillərindən istifadə etməsinlər.
Kimsə harasa getmək üçün tələsir. Amma bu zaman həm öz həyatını, həm də başqalarını həyatını təhlükəyə atmış olur. Ona görə də hər kəs maksimum dərəcədə məsuliyyətli olmağa çalışmalı, qəzaların baş verməməsi üçün ehtiyatlı olmalıdırlar”, - deyə V.Əsədov söyləyib.
Məlumat üçün bildirək ki, Bakı-Salyan yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində “Daewoo” markalı minik maşını yoldan çıxaraq dəmir səkiyə çırpılıb. Nəticədə iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb.
Bu gecə Bakının Sabunçu rayonunda, Zabrat-Kürdəxanı yolunda yüksək sürətlə hərəkət edən BYD markalı minik maşınının sürücüsü idarəetməni itirib. Yol sürüşkən olduğu üçün maşın fırlanıb və hərəkət istiqamətinin əksinə çevrilib.
Bu zaman arxadan gələn “VAZ-2107” markalı avtomobil BYD-yə çırpılıb. Hadisə nəticəsində 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev və Lətiv Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Paytaxtın buzlu yollarında daha bir qəzada isə yük avtomobilləri toqquşub. Belə ki, Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Fəxrəddin Vəliyevin idarə etdiyi “MAN” markalı iritonnajlı yük maşını buzlu yolda hərəkətini davam etdirə bilməyib. Maşın sürüşməyə başlayıb və yolda perpendikulyar dayanıb. Arxadan gələn və Əfqan Babaşovun idarə etdiyi “KamAZ” isə ona çırpılıb.
Qəza nəticəsində “MAN” markalı maşının sürücüsü Fəxrəddin Vəliyev xəsarət alıb.
Digər biz qəza isə Bakının Nərimanov rayonunda baş verib. Ziya Bünyadov prospektində qeydə alınıb. “Mercedes” markalı, “90 TR 273” dövlət nömrə nişanlı avtomobil prospektin Əhməd Rəcəbli küçəsində işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Elcan Abdullayev və onun qohumu, 1995-ci il təvəllüdlü Arzu Abdullayeva xəsarət alıblar.
Xəsarət alanlar avtomobildən çıxarılıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hazırda bütün faktlarla bağlı araşdırma aparılır.