Yol qəzasında sürücünün təqsiri belə müəyyənləşir - AÇIQLAMA

Zolaq dəyişmə və manevr etmə zamanı avtomobillərin toqquşması yol-nəqliyyat hadisələrində sürücülərin məsuliyyətinin müəyyənləşdirilməsi ilə bağlı suallar yaradır.
Bəs zolaq dəyişmə və manevr zamanı sürücülərin üstünlüyü hansı hallarda müəyyən edilir və əsas yola artıq daxil olaraq hərəkət edən avtomobilə digər zolaqdakı nəqliyyat vasitəsi toqquşduqda məsuliyyət necə müəyyənləşdirilir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, toqquşmalar, vuruşmalar və nəqliyyat vasitələrinin aşması yol-nəqliyyat hadisəsi hesab olunur.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin qiymətləndirilməsində standart yanaşma yoxdur:
“Hər bir hadisə fərdi qiymətləndirilir. Onun detalları və xüsusiyyətləri nəzərə alınır. Yəni avtomobillər müəyyən formada toqquşubsa, hər zaman bir sürücünün avtomatik olaraq təqsirli olduğunu demək olmaz. Hadisənin elə detalları ortaya çıxa bilər ki, hər iki sürücünün təqsirli olduğu və ya yalnız sürücülərdən birinin məsuliyyət daşıdığı müəyyənləşsin.
Məsələn, sürücü avtomobillə yolda hərəkət edir. Yolun ortasında başqa bir avtomobil qaydaları pozaraq yolun hərəkət hissəsində dayanıb. Sürücü onu görür və buna baxmayaraq avtomobillə həmin nəqliyyat vasitəsinə çırpılırsa, burada onun da hərəkətləri qiymətləndirilməlidir. Ona görə də hadisələrə yanaşmada standart yoxdur.
Amma qaydalar var və qiymətləndirmə zamanı əsasən həmin qaydalar nəzərə alınır. Zolaqdan zolağa keçəndə, zolaq dəyişəndə baş verən toqquşmalarla kənardan yola daxil olarkən baş verən hadisələr fərqli məsələlərdir.
Bir halda yolayrıcını keçmə qaydalarının və ya bitişik ərazidən yola çıxma qaydalarının pozulması, digər halda isə yanaşı zolaqda yerdəyişmə qaydalarının pozulması baş verə bilər”.
Ərşad Hüseynov əlavə edib ki, eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələri yanaşı zolaqlardadırsa, zolaq dəyişən sürücü digər nəqliyyat vasitəsinə yol verməlidir:
“Eyni istiqamətdə yanaşı zolaqlardırsa, kim digərinin zolağına keçirsə, öz zolağında düz hərəkət edən sürücü üstünlüyə malikdir. Məsələn, biri öz zolağı ilə düz hərəkət edir və həmin zolaqda yoluna davam edir. Digər sürücü isə sağdan və ya soldan onun zolağına keçmək istəyir. Zolaq dəyişən sürücü həmin zolaqda düz hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Hadisə baş verərsə, digər zolağa keçmək istəyən sürücü təqsirli ola bilər.
İkinci variant da mümkündür. Məsələn, iki paralel zolaqda hərəkət edən avtomobillər eyni vaxtda zolaq dəyişmək istəyirlər. Sağdakı avtomobil sola, soldakı avtomobil isə sağa keçmək istəyirsə, belə halda qaydalara əsasən sağdakı nəqliyyat vasitəsi üstünlüyə malikdir. Yəni soldakı avtomobil sağa keçərkən sağdakı avtomobillə toqquşarsa, soldan sağa keçmək istəyən sürücü təqsirli ola bilər.
Kənardan yola daxil olarkən qaydalar fərqli tətbiq olunur. Əgər bu, yolayrıcında baş verirsə və yolayrıcında üstünlük nişanları varsa, sürücülər həmin nişanların tələblərinə uyğun hərəkət etməlidirlər. Baş yolda hərəkət edən nəqliyyat vasitəsi üstünlüyə malikdir, ikinci dərəcəli yolda olan sürücü isə baş yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir.
Əgər baş və ikinci dərəcəli yol anlayışı yoxdursa, yəni eyni əhəmiyyətli yolların kəsişməsidirsə, bu halda sağdan gələn nəqliyyat vasitəsi üstünlüyə malikdir. Soldan gələn sürücü sağdan gələn nəqliyyat vasitəsinə yol verməlidir.
Amma üçüncü bir variant da var. Tutaq ki, söhbət bitişik ərazidən yola çıxmaqdan gedir. Məsələn, bir avtomobil həyətdən yola çıxır. Qanunvericiliyə əsasən, belə hallarda bitişik ərazidən, məsələn, həyətdən və ya yaşayış zonasından yola çıxan sürücü yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Yoldakı nəqliyyat vasitəsi ilə toqquşma baş verərsə və həyətdən, yəni yolun kənarındakı bitişik ərazidən çıxan sürücü yoldakı nəqliyyat vasitəsinə yol verməyibsə, hadisənin şəraitindən asılı olaraq həmin sürücü təqsirli ola bilər”, - deyə Ərşad Hüseynov fikrini tamamlayıb.
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO










