Banner

Gənclərin qurumlarda könüllü fəaliyyətinin arxa fonunda nə dayanır? – EKSPERT RƏYİ

Sosial 15 Yanvar 2026 18:45
Gənclərin qurumlarda könüllü fəaliyyətinin arxa fonunda nə dayanır? – EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə minlərlə gənc müxtəlif sahələrdə könüllü fəaliyyətlə məşğuldur və bu sahəyə maraq getdikcə artır. Könüllülər ictimai layihələrdə iştirak edir, sosial təşəbbüslərə dəstək verir, ekoloji, təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərirlər. Bu təşəbbüslər gənclərin aktivliyini artırmaqla yanaşı, onların sosial məsuliyyət, əməkdaşlıq və təşəbbüskarlıq və psixoloji bacarıqlarının inkişafına da imkan yaradır.

Gənclərin könüllü fəaliyyətlərdə iştirakı son zamanlar diqqət mərkəzindədir. Könüllülük proqramlarının gənclərin motivasiyasına, psixologiyasına və sosial məsuliyyət hissinə təsiri müxtəlif aspektlərdən qiymətləndirilir. Gənclərin iştirakı və fəaliyyətin effektivliyi barədə isə cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Maraqlıdır, görəsən, könüllülük gənclərin daxili motivasiyasına necə təsir edir və gənclərin könüllü fəaliyyətlərdə iştirakı sosial məsuliyyət hissini gücləndirirmi?

Bununla bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a bildirib ki, könüllü fəaliyyəti ilə məşğul olan insanların psixologiyasına baxdıqda, onların fədakar olduqları ilk növbədə diqqət çəkir:
“Fədakar insan ilk olaraq özündən keçir. Məsələn, “ASAN Xidmət” kimi yerlərdə rastlaşdığımız könüllülərin üzündəki təbəssüm insanları razı salmaq istəyindən yaranır. Onların fədakarlıq xüsusiyyəti əsas motivasiyalarını təşkil edir. Bu motivasiya içərisində insanlar istər müsbət, istər mənfi cavablarla qarşılaşsalar da, könüllülər təbəssüm və diqqəti əsirgəmirlər. Fədakarlıq onların psixologiyasında özünü göstərir və insanları yaxşı addımlar atmağa təşviq edir. Könüllü sözü yalnız fəaliyyətə deyil, həm də xarakterlərinə aiddir. Bu insanlar daha yaxşı, diqqətcil və səmimi davranışları ilə seçilirlər. Onların müsbət xüsusiyyətləri bir aura kimi ətraflarına yayılır. Onlara göstərilən təbəssüm və diqqət, könüllülər üçün ən böyük motivasiya mənbəyidir”.

Psixoloq deyib ki, könüllülük fəaliyyəti zamanı yaranan streslər təbiidir və ilk olaraq onları işlərindən küskünlüyə doğru yönəldə bilər:
“Bəzən insanlar könüllüləri tam anlamır və deyirlər ki, sən burada haqqını alırsan, bu sənin işindir, vəzifəndir. Amma onlar anlamırlar ki, qarşıdakı könüllü fədakarlıq edir, öz canından keçir. Buna görə də streslər daha çox ortaya çıxır. Müraciət edən insanlar arasında belə hallar müşahidə olunur ki, könüllü öz canından keçirərək işini görür, amma heç kim bir dəfə belə demir ki, afərin, sən bu işin öhdəsindən çox gözəl gəldin. Psixoloji xüsusiyyətlərində fərqlilik olmasa, təbii ki, insanlar fədakarcasına könüllü kimi çalışmazdılar. Buna görə də onların streslə üzləşməsi və psixoloji immunitetinin zəifləməsi əsasən bu səbəblərdən qaynaqlanır”.

Sosioloq Yusif Nəbiyev isə gənclərin könüllülük fəaliyyətlərinin sosial aspektlər və məsuliyyəti məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, bizdə gənclərin könüllü fəaliyyətlərdə iştirakı çox vaxt sosial məsuliyyət hissi ilə yox, CV doldurmaq məqsədilə baş tutur:
“Normalda könüllülük insanları cəmiyyətə bağlayan şəbəkələr, təşəbbüs qrupları formalaşdırmalıdır, amma bizdə bu şəbəkələr yaransa belə real münasibətlər olaraq yox, tədbirdən tədbirə yada düşən, CV dolduranda "işə yarayan" sertifikatlaşdırma münasibətləri kimi yaranır. Nəticə isə göz qabağındadır. Könüllülük bir vətəndaşlıq, sosial məsuliyyət məktəbi yox, şəxsi portfel doldurma platforması kimi fəaliyyət göstərir. Gənclərimizin bu fəaliyyətlərdə iştirakındakı motivasiyalarına baxanda sosial faydalılıq, adətən, o siyahının ən sonlarında yer alır. Ön sıralarda isə, dediyim kimi, təcrübə, tanınma və "birdən haradasa lazım olar" düşüncəsi dayanır. Hədəf cəmiyyətə xidmət yox, prestij və işgüzarlıq imici və nəticədə status qazanmaqdır. Bizdəki bu tip proqramlarda əsas boşluq məhz buradan qaynaqlanır. Davamlılıq və dərinlik yoxdur. Könüllülər layihənin bir subyekti yox, dekorasiyasıdır. Onlar real qərarvermə səlahiyyətinə sahib olmadıqları və onların üzərlərinə məsuliyyət yüklənilmədiyi üçün də belə layihələrin real sosial təsiri də olmur. Təəssüf ki, yekunda könüllülük fəaliyyəti çox vaxt cəmiyyətə xidmət yox, cəmiyyət qarşısında "mən də buradayam", "məni də görün" deməyin leqal və səliqəli yolu kimi qəbul olunur”.
Nurcan Babək

Oxunub 252
ŞƏRH YAZ
Ad

E-mail

Şərh