Banner

Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA

Sosial 8 Oktyabr 2026 16:41
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Cəzaçəkmə müəssisəsindən azadlığa çıxan şəxslərin cəmiyyətə yenidən inteqrasiyası uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Keçmiş məhkumların iş, yaşayış yeri və sosial xidmətlərə çıxış imkanlarının artırılması onların normal həyata qayıdışını asanlaşdırmaqla yanaşı, təkrar cinayətlərin qarşısının alınmasına da töhfə verə bilər.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov da müsahibə verib. O bildirib: “Ədliyyə Nazirliyi olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar. Amma 500 işəgötürən arasında rəy sorğusu apardıq və gördük ki, bu, birmənalı belə deyil”. Nazir açıqlamasında qeyd edib ki, bu stiqmaların qırlması məqsədilə tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb edə biliblər.

Mövzu ilə bağlı Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Avtosfer.az-a müsahibəsində bildirib ki, cəzasını çəkmiş insanın cəmiyyətə qayıdışı üçün ona real imkan yaradılmalıdır: 
"Azadlığa çıxan şəxs harada yaşayacağını, necə işləyəcəyini və çətinliklə qarşılaşanda kimə müraciət edəcəyini bilməlidir.

Cəmiyyət də onu yenidən öz üzvü kimi qəbul etməyə hazır olmalıdır. İnsan davamlı şəkildə damğalanırsa, iş və yaşayış imkanlarından kənarda qalırsa, onun normal həyata qayıdışı çətinləşir. Belə münasibət təkrar cinayət riskini artıra bilər.

Ona görə məhkumların inteqrasiyası ölkədə cinayətkarlığın qarşısının alınması siyasətinin ən mühüm istiqamətlərindən biridir. Cəzaların İcrası Məcəlləsinin 2.1-ci maddəsi məhkumların islah olunmasını və yeni cinayətlərin qarşısının alınmasını məqsəd kimi müəyyənləşdirir. Bu məqsədə çatmaq üçün azadlığa hazırlıq cəzanın icrası zamanı başlamalı, yardım azadlıqdan sonra da davam etməlidir.

Məcəllənin 175.1 və 175.2-ci maddələri hazırlıq işini, müəyyən müddətdə azadlığa buraxılması nəzərdə tutulan şəxslərin cəza müddətinin bitməsinə 3 ay qalmış siyahılarının aidiyyəti orqana təqdim edilməsini və ehtiyacı olanların razılığı ilə sosial adaptasiya üçün qeydiyyata alınmasını nəzərdə tutur. Təklif edirik ki, həmin hazırlıq hər şəxs üzrə konkret adaptasiya planı ilə tamamlanmış olsun.

Penitensiar müəssisələrdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunda da mühüm təminatlar nəzərdə tutulub.

Qanunun 10.2-ci maddəsi qeydiyyatda yaşayış yeri olmayan şəxslərin müvəqqəti yaşayışla təminatını, 11.1-ci maddəsi məşğulluq tədbirlərini, 6.1.6 və 6.1.8-ci maddələri sənədlərlə təminatı, psixoloji və informasiya yardımını nəzərdə tutur.

Burada əsas məsələ həmin normaların icrasıdır. Ehtiyacı müəyyənləşdirilən şəxslərin neçəsi yaşayış yeri, iş və ya müvafiq xidmət əldə edib, həll olunmayan müraciətlərin səbəbi nədir? Bu suallara konkret məlumatlarla cavab verilməlidir.

Komissiya üzvü onu da qeyd edib ki, inteqrasiya bütün iştirakçıların əlaqəli fəaliyyətini tələb edir.

“Penitensiar Xidmət məhkumların azadlığa hazırlığını, təhsil və peşə imkanlarını təşkil etməli, sosial ehtiyacları barədə məlumatları aidiyyəti xidmətlərə çatdırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq qurumları yaşayış və sosial xidmətlər məsələləri ilə, Dövlət Məşğulluq Xidməti isə peşə hazırlığı və məşğulluq imkanları ilə işləməlidir.
Müalicə ehtiyacı olan şəxslərin səhiyyə xidmətlərinə yönləndirilməsi də əvvəlcədən həll olunmalıdır. Eyni zamanda, əgər təhsillə bağlı problemlər varsa, burada müvafiq olaraq Elm və Təhsil Nazirliyi bu prosesə müdaxilə etməlidir. Şəxs azadlığa çıxanda əlaqə saxlayacağı konkret mütəxəssisi də tanımalıdır.
“Məşğulluq haqqında” Qanunun 1.1.22-ci maddəsi cəzaçəkmə yerlərindən azad edilmiş şəxsləri sosial müdafiəyə xüsusi ehtiyacı olan kateqoriyaya daxil edir. Qanunun 11.1-ci maddəsində əlavə məşğulluq təminatları, 24.9-cu maddəsində isə azad edilmiş şəxslər üçün özünüməşğulluqda üstünlük nəzərdə tutulur.
Bu imkanlardan daha səmərəli istifadə etmək üçün peşə hazırlığı şəxsin yaşayacağı ərazidə əmək bazarının ehtiyaclarına uyğun seçilməlidir. İşəgötürənlərlə əlaqənin azadlığa çıxmazdan əvvəl qurulması, işə yerləşdirilən şəxsin sonrakı vəziyyətinin izlənilməsi çox vacibdir. Özünüməşğulluğa başlayan insanın fəaliyyətinin qurulmasına və məhsulunun satılmasına da kömək göstərilməlidir.
Vətəndaş cəmiyyəti bu prosesin fəal iştirakçısıdır. Sosial adaptasiya haqqında Qanunun 5.3-cü maddəsi QHT-lərin  könüllülük əsasında iştirakını nəzərdə tutur. Hüquqi yardım, ailə əlaqələrinin bərpası, psixoloji dəstək, məşğulluğa yönləndirmə və xidmətlərin əlçatanlığının monitorinqi QHT-lərin təcrübəsində istifadə oluna bilər. Bu əməkdaşlıq dövlət qurumlarının öhdəliklərinin icrasına və şəxslərin problemlərinin vaxtında həllinə kömək göstərir.

Konstitusiya Araşdırmaları Fondu olaraq bizim penitensiar sahədə konkret, uzunmüddətli təcrübəmiz vardır. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihələrin keçirilməsi və cəzaçəkmə müəssisələrinin monitorinqi layihəsi çərçivəsində ötən il 11 müəssisədə monitorinq aparılmış, layihədə 452 məhkum iştirak edib”.
Əliməmməd Nuriyev qeyd edib ki, bu layihələr çərçivəsində 321 məhkuma ödənişsiz fərdi hüquqi yardım göstərilib.
“Bu təcrübədən çıxış edərək azadlığa hazırlıq və azad edilmiş şəxslərlə sonrakı iş istiqamətinin də genişləndirilməsini təklif edirik. Fond olaraq bir neçə müəssisə və rayonu əhatə edən pilot proqramın təşkilini də məqsədəuyğun hesab edirik.
Şəxsin razılığı ilə onun sənəd, yaşayış, məşğulluq və hüquqi yardım ehtiyacları qiymətləndirilsin. Aidiyyəti xidmətlərlə birlikdə fərdi plan hazırlansın. Azadlığa çıxdıqdan sonra hüquqi məsləhət, müraciətlərin hazırlanması və xidmətlərə yönləndirmə davam etdirilsin.
Hər iştirakçının görəcəyi iş, müddət və məsul şəxs də əvvəlcədən müəyyənləşdirilsin. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət bu istiqamətdə təcrübəli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı daha da genişləndirməyə çağırılır. Bu əməkdaşlıq vardır, amma hesab edirəm ki, onun genişləndirilməsi ümumi işimizə böyük dəstək verə bilər.
Bu sahə ayrı-ayrı QHT rəhbərləri və məhdud sayda təşkilatların inhisarında olmamalıdır. Əməkdaşlıq imkanları açıq meyarlarla müəyyənləşdirilməli, sahə təcrübəsi, peşəkar heyət və görülmüş işin nəticələri əsas götürülməlidir. İnsan hüquqları məsələlərində hüquqi yardım və monitorinq təcrübəsi olan təşkilatlar prosesə daha geniş cəlb olunmalıdır.
Yeri gəlmişkən qeyd edim ki, bununla bağlı Konstitusiya Araşdırmaları Fondu, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin çox yaxşı təcrübəsi vardır. Bir neçə il bu proses sistemli şəkildə davam etdirilmişdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu istiqamətdə layihələrə verdiyi dəstək də mühüm imkan yaradır.
Gələcək proqramlarda hazırlıqla azadlıqdan sonrakı yardımın əlaqəsini gücləndirmək, davamlı fəaliyyətə və ixtisaslaşmış təşkilatların birgə işinə yer vermək olar. Hüquqi yardım, psixoloji dəstək və məşğulluq üzrə təcrübəsi olan təşkilatlar vəzifələri bölüşdürərək daha əhatəli xidmət göstərə bilərlər.
Cəmiyyətin hazırlanmasına ayrıca diqqət yetirilməlidir. Ailə, işəgötürən, yerli icma və media cəzasını çəkmiş insanın yenidən işə  qəbul olunmasına ciddi təsir göstərir. Məcəllənin 174.1-ci maddəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla vətəndaş hüquqlarından istifadə edilməsini təşviq edir.
Keçmiş məhkumluq insanın bütün gələcəyini müəyyən edən damğaya çevrilməməlidir. Ona işləmək, ailə münasibətlərini bərpa etmək və etimad qazanmaq imkanı verilməlidir. Bu yanaşma törədilmiş əmələ hüquqi qiymət verilməsini və zərərçəkmişin hüquqlarını aradan qaldırmır.
Qanunvericiliyin təkmilləşdirilməsi üçün "Sosial Adaptasiyası Haqqında” Qanunun 6 və 7-ci maddələrində fərdi planın hazırlanmasının, məsul sosial işçinin müəyyənləşdirilməsinin və xidmətlərə yönləndirmə müddətlərinin konkretləşdirilməsini təklif edirik.
Qanunun 5.4-cü maddəsində nəzərdə tutulan əlaqələndirmənin icra qaydasında QHT-lərlə əməkdaşlıq prosedurları da aydın göstərilməlidir. Şəxsin razılığı, məlumatların qorunması və göstərilən yardımın nəticələrinin qiymətləndirilməsi də bu qaydalarda nəzərə alınmalıdır.
İşin nəticəsi keçirilmiş görüşlərin sayı ilə məhdudlaşmamalıdır. Neçə nəfərin sənədləri qaydaya salınıb, neçə nəfər sabit yaşayış əldə edib, işə düzəlib və işini saxlayıb – bunlar izlənilməlidir. Təkrar cinayətlərin göstəriciləri də ayrıca qiymətləndirilməlidir.
Dövlətin, vətəndaş cəmiyyətinin və ictimaiyyətin birgə fəaliyyəti insanın qanuni həyata  mülki qayıdışına yönəldikdə həm sosial inteqrasiyaya, həm də cinayətkarlığın azalmasına töhfə verə bilər".

Sosioloq Mayıl Yaqubun fikrincə isə, məhkumları cəmiyyətə inteqrasiya etməyin yollarından biri işəgötürənlərin onları sorğu-suala çəkməməsidir, onlara qucaq açmasıdır:

 


"Çünki işləyən adamın cinayətə tərəf getməsi ehtimalı azalır. İşləyən adam işiylə məşğul olur və pis vərdişlərdən, cinayətlərdən uzaqlaşmağa başlayır. Biz əgər məhkumları yenidən həbsxanaya göndərmək istəmiriksə, onlara qucaq açmalıyıq. İşəgötürənlər məhkumlara  məhkumluğu olmasın şərtini qoymamalıdırlar. Çünki o adam cəzasını çəkib və artıq məhkumluğunu bitirib, indi yenidən işə başlamaq istəyir. Cəmiyyət olaraq hər bir kəs öz məsuliyyətini başa düşməlidir. Hər bir şəxs, Peyğəmbərimizin buyurduğu kimi, məsuliyyət daşıyır. Onlara münasibəti aqressiv olmamalıdır, onları cəmiyyətdən təcrid etməməlidir. Onlar özlərini cəmiyyətdə yad bilməməlidirlər.  Çünki yad bilsələr, yenidən cinayətə qurşanmaq ehtimalı onlarda çoxalacaq. Bax, bu iki əsas addım atılmalıdır”.
Züleyxa

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh