Yeni binaların köhnə kabusu - "Kupça"sız həyat

Sosial 16 May 2026 23:00
Yeni binaların köhnə kabusu - "Kupça"sız həyat
WhatsApp kanalımıza abunə olun

Son illər paytaxtın müxtəlif ərazilərində bir-birinin ardınca yüksələn yeni yaşayış kompleksləri, göydələnlər müasir urbanizasiya görüntüsü yaratsa da, bu binalarla bağlı problemlər hələ də aktuallığını qoruyur. Parlaq fasadlar, bahalı mənzillər və cəlbedici reklamların arxasında sakinlərin illərlə həllini gözlədiyi ciddi çatışmazlıqlar dayanır. Ən maraqlısı isə odur ki, texnologiyanın və tikinti imkanlarının inkişaf etdiyi bir dövrdə belə, yeni binaların problemləri artıq “ənənəvi” hal almağa başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Metbuat.az yeni binalar üçün xarakterik olan problemləri araşdırıb. Məlum olub ki, ən çox narazılıq doğuran məsələlərdən biri qaz problemidir. Bir çox yaşayış kompleksində sakinlər mənzillərinə köçdükdən aylar, hətta illər sonra belə qaz xəttinin çəkilməsini gözləyirlər. Tikinti şirkətləri əvvəlcədən “qaz veriləcək” vədi versələr də, proses müxtəlif səbəblərlə uzanır. Nəticədə insanlar elektrik enerjisindən asılı qalır, bu isə həm əlavə xərc yaradır, həm də xüsusilə qış aylarında ciddi narahatlığa səbəb olur.
Digər geniş yayılmış problem “kupça” məsələsidir. Yeni tikilidən mənzil alan vətəndaşların bir hissəsi illərlə çıxarış ala bilmir. Hüquqi sənədləşmənin tamamlanmaması, tikintinin normativlərə tam uyğun aparılmaması və ya şirkətlərlə dövlət qurumları arasında yaranan problemlər sakinləri çətin vəziyyətdə qoyur. “Kupça”sız mənzil isə satılarkən, girov qoyularkən və ya rəsmi qeydiyyat zamanı müxtəlif maneələr yaranır.

Yeni binalarda lift problemi də ən çox şikayət olunan məsələlər sırasındadır. Xüsusilə çoxmərtəbəli binalarda liftlərin tez-tez sıradan çıxması sakinlərin gündəlik həyatını çətinləşdirir. Bəzi hallarda bir neçə bloklu binalarda cəmi bir lift fəaliyyət göstərir və bu da sakinlər üçün əlavə vaxt itkisi yaradır. radır. Texniki xidmətin zəif olması isə təhlükəsizlik risklərini artırır.

Paytaxtda inşa edilən bir çox yaşayış kompleksində qaraj və parklanma problemi də illərdir həllini tapmır. Reklamlarda “yeraltı parking” təqdim olunsa da, sonradan yerlərin məhdud olduğu məlum olur. Nəticədə sakinlər avtomobillərini bina ətrafında nizamsız şəkildə park etməyə məcbur qalırlar. Bu vəziyyət həm nəqliyyat sıxlığı yaradır, həm də fövqəladə hallarda xüsusi xidmət maşınlarının hərəkətini çətinləşdirir.

Mütəxəssislər hesab edir ki, yeni tikililərdə əsas problemlərdən biri də həyətlərin həddindən artıq dar salınmasıdır. Bir çox kompleksdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası və ya sakinlərin rahat istirahəti üçün normal məkan demək olar ki, yoxdur. Tikinti şirkətləri daha çox mənzil satmaq məqsədilə ərazinin böyük hissəsində binalar tikir, nəticədə insanlar beton divarlar arasında sıxılmış vəziyyətdə yaşayırlar.

Səs izolyasiyasının zəif olması, keyfiyyətsiz tikinti materiallarından istifadə, kommunal xidmət haqlarının yüksəkliyi və bəzi MTK-ların şəffaf fəaliyyət göstərməməsi də sakinlərin ən çox şikayət etdiyi məsələlərdəndir. Xüsusilə yeni təhvil verilən bəzi binalarda qısa müddət sonra divarlarda çatların yaranması, su sızmaları və havalandırma problemləri sakinlər arasında narahatlığı daha da artırır.

Sonda qeyd etmək yerinə düşər ki, tikinti sektorunda nəzarət mexanizmləri gücləndirilməsə, müasir görünüşlü göydələnlər illər keçsə də, köhnəlməyən problemlərin ünvanı olaraq qalacaq...

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh