Banner

Araz Vadisi İqtisadi Zonasında BU XİDMƏTLƏR GÖSTƏRİLİR - FOTOLAR

Texnologiya 3 Yanvar 2025 19:29 Oxunub 180
Araz Vadisi İqtisadi Zonasında BU XİDMƏTLƏR GÖSTƏRİLİR - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC fəaliyyətə başlayıb. Burada kənd təsərrüfatı təyinatlı texnikalar və yük avtomobillərinin lizinq yolu ilə satışı təşkil olunmaqla bərabər, həm də nəqliyyat vasitələrinə peşəkar texniki servis xidmətləri göstərilir.

Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Servis mərkəzinin rəisi Kərim Qurbanov bildirib ki, mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində şəbəkə rolunu oynayır. Burada işğaldan azad olunmuş ərazilərdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərmək potensialı var.

Mərkəzdə texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi, həmçinin təkər quraşdırma sahəsi fəaliyyət göstərir.

“Servis mərkəzində ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilib. Bununla yanaşı, mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərir ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradıb. Belə ki, ərazilərdə xidmət göstərən və ya tranzit hərəkət edən avtomobillər və digər texnikalarda nasazlıq yarandığı zaman şirkət nümayəndələri və ya sürücülər əlaqə saxlayaraq əraziyə mobil təmir və texniki servis briqadasını dəvət edə bilirlər. Əgər texnikaların yerində təmiri mümkün olmursa, servis mərkəzinə gətirilir və burada tam təmir olunaraq təhvil verilir. Avtomobillərin uzunmüddətli təmir olunması zamanı sürücülərə yataq və yeməkxana xidməti də göstərilir. Servis mərkəzində hazırda korporativ müştərilərə və şirkətlərə, o cümlədən də fermerlərin və iş adamlarının texnikalarına servis xidməti göstərilir. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə əməkdaşlıq müqavilələrinin imzalanması və birgə fəaliyyətlərin sayının artırılması planlaşdırılır”, - deyə K.Qurbanov əlavə edib.

MMC-nin ofisində, həmçinin kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin lizinq yolu ilə satışı da təşkil olunub. İşğaldan azad olunan ərazilərdə yaşayan sakinlər və iş adamları, o cümlədən də şirkətlər sərfəli lizinq şərtləri ilə bu texnikaları əldə edə bilərlər.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına 9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə də töhfə verəcək.

Qeyd edək ki, parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxın olan 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh