Formula 1 Azərbaycan Qran-Prisi: Maraqlı faktlar və statistika
ir aylıq fasilədən sonra Formula 1 üzrə dünya çempionatının həyəcanı Bakı şəhər halqasında davam edəcək. Paytaxtımız cari mövsümdə ilk sprint yarışına ev sahibliyi edəcək. Beynəlxalq Avtomobil Federasiyasının avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq.
Avtosfer.az Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı maraqlı faktları, statistikanı, həmçinin yenilənmiş təqvimi təqdim edir
Əsas məqamlar...
Mərhələ 24 mərhələnin dördüncüsü
Məsafə 6,003 kilometr
Yürüş məsafəsi 17 dövrə / 101,947 kilometr (sprint)
51 dövrə / 306,049 kilometr (əsas yürüş)
Hərəkət istiqaməti Saat istiqamətinin əksi
Döngələr 20 (12 sol, 8 sağ)
Əsas yürüş üzrə rekord 1 dəqiqə 43,009 saniyə Şarl Lekler
(“Ferrari”) – 2019-cu il
Təsnifat yürüşü üzrə rekord 1 dəqiqə 40,495 saniyə Valtteri Bottas(“Mercedes”)–2019-cu il
Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi
Sərbəst yürüş 28 aprel 13:30-14:30
Təsnifat yürüşü 28 aprel 17:00-18:00
Sprint üçün təsnifat 29 aprel 12:30-13:30
Sprint 29 aprel 17:30-18:30
Azərbaycan Qran-Prisi 30 aprel 15:00
Bakı küçələri 2016-cı ildən bəri 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahid olub. Dramatik hadisələr, trekdə qəzalar, partlayan təkərlər, bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlubiyyətlər Bakı üçün xarakterikdir.
Azərbaycan Qran-Prisində tamaşaçıların həmişə belə maraqlı yarışlara şahid olmasının səbəblərindən biri də Bakı şəhər halqasının quruluşudur. Spa, Ciddə və Las-Veqasdan sonra Bakı Formula 1 təqvimində 6,003 kilometr uzunluğu ilə dördüncü ən uzun trekdir.
Pilotlar üçün trek əyləncəsinin bir hissəsi Formula 1 avtomobillərinin burada, xüsusən də Xəzər dənizinə paralel uzanan 2,2 kilometr düzlük boyunca çatdıqları yüksək sürətin payına düşür.
Bakı Formula 1yarışları üçün mükəmməl məkan
Xəzər dənizi sahilində yerləşən Bakı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün mükəmməl yerdir. 2016-cı ildən bəri burada keçirilən altı yarışda, dənizdən təbii müdafiənin olmaması səbəbindən şəhər güclü küləkləri ilə tanınsa da, mülayim hava şəraiti hökm sürdüyü üçün heç bir yarışda yağış müşahidə olunmamışdır.
Azərbaycan Qran-Prisi Bakının zəngin idman irsinin illik əlamətdar hadisəsidir. Paytaxtımız birinci Avropa Oyunlarına, dördüncü İslam Həmrəyliyi Oyunlarına, futbol üzrə “Avro-2020, UEFA Avropa Liqasının finalına, həmçinin bir çox beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etmiş şəhərdir.
Bakıda keçirilmiş altı yarışdan dördündə qalibi ikinci yerdən ayıran sadəcə bir neçə saniyə olub. Ən yaxın qalibiyyət isə 2021-ci il Azərbaycan Qran-Prisində qeydə alınıb.
Belə ki, qalib “Red Bull Racing”in pilotu Serxio Peresi “Ferrari”nin üzvü Sebastyan Fetteldən cəmi 1,385 saniyə ayırırdı. Ondan əvvəlki yarışda isə buna yaxın nəticə ilə Valtteri Bottası (“Mercedes”) komanda yoldaşı Luis Hamiltondan 1,524 saniyə ayırmışdı.
Fərqli qaliblər və ya “Bakı sindromu”
Son altı yarışda qalib gəlmiş altı fərqli pilot eyni zamanda yarışın ən sürətli dövrəsinə imza atıb. İndiyədək Bakıda azarkeşlər bir çox hadisələrə - trek insidentlərinə, təkər partlamalarına, çoxsaylı qırmızı bayraqlara və təhlükəsizlik maşınlarına şahid olublar. Bundan əlavə, yarışlardan yalnız birində hər dövrəyə liderlik edən bir lider pilot olub.
Orta hesabla, hər il keçirilən Azərbaycan Qran-Prisində yarış boyu ilk üç pilot liderlik üzrə mübarizəyə qoşulub. Daha gərgin liderlik mübarizəsi ilə yadda qalan 2021-ci il yarışında isə bu rəqəm beşə yüksəlmişdi.
Şəhər treklərində yüksək nəticə göstərən Formula 1 pilotlarının sayı çox deyil. Bu baxımdan karyerası boyu şəhər yarışlarını uğurla başa vurmuş Serxio Peres fərqlənə bilib. O, ilk şəhər yarışı qələbəsini 2021-ci ildə Bakıda qazanıb.
Bundan sonra isə Monako, Sinqapur və Ciddədə qazandığı qələbələr ilə F-1 portfoliosunu zənginləşdirməyə nail olub. Ancaq pilotun bu statistikası bukmeykerləri onun Azərbaycan paytaxtında Maks Ferstappenin üzərində qələbə qazana biləcəyinə inandıra bilməyib. Bukmeykerlər yarışın favoriti kimi M.Ferstappeni göstərirlər.
“Bakı sindromu” - yerli azarkeşlər tərəfindən istifadə edilən terminə artıq dünya mediasında da rast gəlmək mümkündür. Bu, daha əvvəl keçirilmiş altı yarışın hər birində fərqli pilotun qalib gəlməsini bildirən termindir. Hələ ki, Bakıda təkrar pilot qalib gəlməyib və bu, Azərbaycan Qran-Prisinin gözlənilməz olması ilə bağlıdır.
Azertac