Bakıda yeraltı dünyanın qəhrəmanı - VİDEO-FOTO

Yazarlar 7 Noyabr 2016 20:07 Oxunub 7317
Bakıda yeraltı dünyanın qəhrəmanı - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Rəisə dedim ki, bir gün tualet üstündə bizi döyəcəklər”

“Bir öz halıma yanıram, bir də hər zaman eskalatorların aşağısında əyləşən nəzarətçinin halına. Bütün günü balaca bir kabinetdə əyləşib, bir istiqamətə baxıb, eyni səsi dinləmək olar?!” Bu sözləri aylar əvvəl sosial şəbəkədə oxumuşdum. Bəlkə də, cümlələr tam yadımda qalmadığı üçün bir az təhrif etdim, ancaq fikrin əsas məğzi bu idi. O vaxtdan hər dəfə eskalatordan istifadə edəndə yadıma düşür və qeyri-ixtiyari nəzarətçiyə baxıb gülümsəyirəm. Arzuolunmaz tıxaclarla zəngin paytaxtımızda metronun bakılılar və şəhərimizin qonaqları üçün sevimli nəqliyyat vasitəsi olduğunu nəzərə alsaq, yəqin ki, siz də ən azı bir dəfə bu haqda fikirləşmisiniz.

Onlar yeraltı dünyanın insanlarıdır. Gününün tam yarısını qapalı məkanda keçirən metropoliten işçiləri artıq yarım əsrdir ki, öz fəaliyyətlərini davam etdirir.

Sabah - 8 noyabr metropoliten işçilərinin peşə bayramıdır. Bu səbəbdən “Qafqazinfo” olaraq yolumuzu metronun “İçərişəhər” stansiyasından saldıq. Müsahibimiz isə mərkəzləşmiş məntəqə üzrə növbətçi Sədaqət Orucovadır. 43 yaşlı metro işçisi monitorlarla əhatələnmiş stolunun düz yanında bizə yer göstərir. Maraqla kadrlara baxdığımı hiss edərək “ilk baxışda bizə də qarışıq görünür, sonradan öyrəşirik” –deyib gülür.

- Sədaqət xanım, qarşıdan gələn peşə bayramınızı təbrik edirəm, hazırda əsas işiniz nədən ibarətdir?

- Çox sağ olun. Metropolitendə ilk dəfə “Nəsimi” stansiyasında qatarı qəbul edib yola salan növbətçi kimi işə başlamışam. O, bizim ibtidai məktəbimiz, metro işçilərinin əlifbasıdır. 2 ildir ki,“İçərişəhər” stansiyasında Mərkəzləşmiş məntəqə üzrə növbətçi vəzifəsində işləyirəm. Biz metronun nəzdində kurs oxuyub imtahan verməklə vəzifəyə qalxırıq. İşimiz bir az yüngülləşir, ancaq məsuliyyəti artır. Qatarların platformaya giriş –çıxış vaxtına, stansiyadakı vəziyyətə nəzarət edirik. Gecikmə olanda maşinistləri tələsdiririk.

Bu vaxt fotoqrafımız Nuran çoxdan axtardığı bir şəxsi tapmış kimi söhbətimizə qoşulur:

- Axşam saatlarında, hətta 20 dəqiqə qatar gözlədiyimiz vaxt olur, biz də maşinisti qınayırıq. Deməli, günahkar sizsiniz...

Müsahibim gülərək bu məqamda əslində nəzarətçilərin də günahsız olduğunu deyir:

“İntervalları dispetçerlər müəyyənləşdirir, biz nəzarət edirik. Axşam saatlarında xətdə qalan qatarların sayı azalır. Bu səbəbdən interval böyük olur. Axı onlar da vaxta uyğun olaraq depoya getməlidir.

Bayaqdan söhbətimizi dinləyən stansiya rəisinə nə qədər təkid etsək də, söhbətimizə qoşulmur. Haqqında bir onu öyrənirəm ki, artıq 25 ildən çoxdur ki, bu sahədə işləyir və qatarların o üzünə də, bu üzünə də yaxşıca bələddir. Onda yenidən qayıdırıq söhbətimizə.

- Günboyu ayaqüstə və eyni yerdə durmaq çox yormur ki? Üstəgəl gecəyarısı növbəyə qalmaq, yəqin, küçədə qızlara söz atan oğlanlarla yeraltı dünyada da qarşılaşmısız...

- Şəxsən mənim üçün çətin olmayıb. Çünki işimi, sərnişinlərə xidmət etməyi çox sevirəm. Bəlkə də buna görə heç yorulmuram. O ki qaldı, gecələr sərnişinlərin yaxınlaşıb qızlarımıza nəsə deməsinə, bu kimi hallarla tez-tez qarşılaşırıq. Ancaq nəzarətçi polisə xəbər verir və məsələ həll olunur. Son bir neçə ildə artıq qatarları qəbul edib göndərən növbətçi vəzifəsinə daha çox oğlan işçiləri götürülür. Çünki 12 saat ərzində platformada dayanmaq elə də asan deyil.

- Qadınlar uzun müddət eyni paltarı geyinə bilmir, ancaq sizin üçün standart forma var.

- Həmişə uniformalı bir işdə çalışmaq istəmişəm, bu geyimi çox sevirəm. Hətta işə də adi geyimdə yox, formada gəlirəm. Ən azı iki formamız olur, köynəklərim isə çoxdur. Formalarımızı çox sevirəm, ancaq qış aylarında platformalar çox soyuq olur. İnsan içində olduğumuz üçün vizuallıq baxımından qalın nələrsə geyinə bilmirik. Həm də geyimimizin öz standartları var. Məsələn, ətək diz boyunda və hərəkət üçün asan olmalıdır. Dar, qısa, uzun olmaz. Hər hansı bir hadisə baş verərsə, tez çatmağımız və təhlükəsizlik baxımından hündürdaban geyinmək olmaz. Çox şad olardıq ki, bizim üçün də qış aylarında enli və yaxud müəyyən standartlarda şalvar təşkil edilsin.

- Bəlkə də, ən çətin situasiyalar elə metrostansiyalarında yaşanır. Kiminin havasızlıqdan ürəyi gedir, kimi intihar etməyə çalışır, kimlərsə də dalaşır. Belə hallarla  tez-tez qarşılaşırsız?

- Hər psixologiyada adam var və biz bütün bu sadaladığınız situasiyalarda təmkinli olmağa çalışırıq. İlk vaxtlar adaptasiya olmaq bir az çətin olur. İşə hələ təzə başlamışdım, yaşıdım olan bir sərnişin yaxınlaşıb “xala, filan stansiyaya necə getmək olar?”-deyə soruşdu. Bir az duruxdum, sonra istiqaməti göstərdim. Mən ictimaiyyət arasında xanım deyə müraciət gözləyirdim. Sonradan xala sözünə də öyrəşdim, bacıya da. Bəli, çox insanın ürəyi tutur, nəfəsi çatmır. Düzü, özünü qatarın altına atmaq istəyəni görməmişəm, ancaq göz müayinəsindən çıxan bir sərnişin bilməyərək qatar stansiyaya girən zaman reyslərin üstünə düşdü. Ancaq tez bir vaxtda onu oradan çıxartdıq.

- Reyslərə düşən şəxsi elektrik vurmur?

- Təhlükəsizlik baxımından stansiyalardakı elektrik xətlərinin üstü bağlıdır. Ancaq alt tərəfi açıqdır. İşdi birdən, əlini oraya vursa, hə, elektrik vura bilər. Ona görə də, bu kimi hallarda sərnişinlərə tərpənməməyi məsləhət görürük. Özümüz lazımi qaydada çıxarırıq ki, hər hansı bir bədbəxt hadisə baş verməsin.

Daha yaxından tanış olmaq üçün platformaya çıxırıq. Deməli, elektrik xətləri kənarlardan gedən qırmızı boruların içərisinə yığılıb. Ancaq boruların altı açıq olduğu üçün hər hansı bir canlı dəydiyi zaman cərəyan vura bilər. Xətlər bu vəziyyətdə tunelə doğru 100 metr davam edir. Daha sonra isə təhlükəli zona başlayır. Elə platformada gəzdiyimiz müddətdə xeyli insan yaxınlaşıb gedəcəyi stansiyanı soruşur. Nəzərə alaq ki, hələ bu stansiyanın 1 çıxışı var və bütün qatarlar "Həzi Aslanov"a aparır…

- Sərnişinlər çox vaxt nəzarətçilərin ya səhv istiqamət göstərdiyindən, ya da kobud cavab verdiklərindən gileylənir. Yəqin ki, sualların sayı artdıqca, cavab verməyə həvəs qalmır.

- Əslində, bu bizim vəzifəmizdir və son dəqiqəyə kimi verilən bütün suallar gülərüzlə cavablandırılmalıdır. Mən bilirəmsə demişəm, bilmirəmsə də başqa bir şəxsə yönləndirmişəm. Elə hal olub ki, sonradan yanlış dediyimi bilmişəm. Eskalatora kimi sərnişinin arxasınca qaçmışam ki, oraya yox, əks istiqamətə çıxsın.

- Bildiyim qədər növbəli iş sisteminiz var. Gündüz insan çox olur, bəs gecələr yerin altında tək qalmaq necədir?

- İnanırsınız, bu platformada gecə gəzmək insana ayrı bir zövq verir. Axşam 8-dən səhər 8-ə kimi düz 12 saat burada oluruq. Gündüz işi bitəndən sonra gecə işi başlayır. Gecə iş əsas tunellərdə gedir. Reyslərə, onların sazlığına baxılır. 12 saat boyunca bu otaqda oturub monitorlardan nəzarət edirik. Biz yeraltı dünyanın işçiləriyik. Təmiz hava ilə havasızlıq eyni deyil. Məsələn qış aylarında da bizim otaqda kondisaner soyuq hava vurur, yoxsa burada oturmaq olmaz.

- Dünyada terror hadisələri artdıqca insanlarda metroya qarşı bir xof yaranır. Ötən aylarda metroda təhlükəli vəziyyətlə bağlı xəbərlər də yayımlanırdı.

- Bir var yerin üstündə nəsə bir hadisə baş versin, bir də var ki, yerin altında. Adicə qatar bir az gecikəndə sərnişinlərimiz təşvişə düşür. Biz xəbərdarlıq edirik ki, narahat olmasınlar. Hazırda metroda nəzarət də gücləndirilib. Şübhəli bir şəxs görənədə, kimsə 2-dən çox qatar intervalı gözləyəndə, xüsusilə də çantanı qoyub kənarda duranda tez yaxınlaşıb maraqlanırıq, bu kimi hallara ciddi diqqət yetirilir.

Ötən gün oxuduğum bir yazını müzakirə edirik. Deməli, girişdə polis ailəni yoxlamaq istəyən zaman, cavan oğlan “sən qadınımı yoxlaya bilməzsən”-deyə qışqırıb və bu səbəbdən də kiçik anlaşılmazlıq yaşanıb. Sədaqət xanım deyir ki, əvvəllər bu hallar tez-tez yaşanırdı. Ancaq son bir ildə insanlar terrora görə çox qorxub. Hətta elə hallar olur ki, onlar yoxlanılmağı tələb edirlər.

- Bizim burada ilk tibbi yardım çantamız var. Birdən kiminsə halı pisləşsə, ilk yardım göstəririk. Təcili yardım maşını gələnə qədər biz əlimizdən gələni etməyə çalışırıq. Bu yaxınlarda bir xəstənin ürəyinə stend qoyulmuşdu. Onun vəziyyəti pisləşən ərəfədə təsadüfən yanındakı sərnişin həkim olub. Təcili yardım gələndə dedilər ki, artıq hər şeyi etmisiniz.

- Metroda baş verən hadisələrdən danışa-danışa hər zaman eskalatorun baş ucunda görməyə öyrəşdiyimiz nəzarətçiyə yaxınlaşırıq. Bizi görüb 5 dəqiqəlik də olsa, diametri iş masamın diametrindən daha qısa olan kabinasından çıxır.

Sədaqət xanım deyir ki, bu vəzifə, bəlkə də, metropolitendə ən çətin işlərdəndir:

"Biz gündə 3 dəfə yarım saat onlara vaxt veririk ki, gözlərini dincəltsinlər. İnanırsınız, biz burada yarım saat əyləşə bilmirik. Göz bir nöqtəyə zillənib baxanda yorulur, eskalatorun səsi də adama lap yuxu gətirir. İçəri şəhər dərin özüllü stansiyadır və burada daha diqqətli olmaq lazımdır. əgər hər hansı bir yıxılma, büdrəmə, ilişmə halı baş verərsə, nəzarətçi tez eskalatoru dayandırmalıdır. Bu səbəbdən də, çox adam bu işdə qala bilmir. 
İcazə aldığımız yarım saat boyunca platformada gəzdikdən sonra yenidən kabinetə qayıdırıq. Sədaqət xanım monitorların qarşısında əyləşib tunellərdəki vəziyyətə, işıqforlara, daha sonra da kameralardan gələn-gedənə nəzər salır".

- Yeraltı yollarda da işıqforların olduğunu bilmirdim.

- Əlbəttə var. Məsələn, yolayrıcına çatan qatar işıqforun qırmızı işığı sönməmiş hərəkət edə bilməz. Elə ola bilər ki, işıq sönsün, qatarlar yarı yolda qalsın. Orada yaşıl işıq yanmamış qatar hərəkət edə bilməz.

Daha sonra qatarların qrafikinə nəzər salırıq. Düzü, qrafikdən bir şey anlaya bilməsəm də, sistem çox simmetrik və dəqiq görünür. Otağın bir hissəsində isə monitorlar vasitəsi ilə eskalatorlar, platformadakı sərnişinlər izlənilir. Hətta bəzi kameralarda maraqlı görüntülər də görürük.

“Bəzən çox mehribanlaşan gənc cütlüklərə xəbərdarlıq edirik ki, ehtiyatlı olun kameralar çəkir...”

- Çox adam kameraların onları izlədiyini unudur. Yəqin ki, izlədiyiniz zaman tez-tez maraqlı məqamların şahidi olursunuz.

- İki-üç gün bundan qabaq bir oğlan qulaqlıqda nəsə ritmik musiqiyə qulaq asırdı. Birdən mahnının ritminə uyğun olaraq oynamağa başladı. Bizim işçilərdən biri ona musiqi də qoymuşdu, çox maraqlı alınmışdı. Və yaxud bayaq gördüyümüz kimi cavanlarımız (qızla oğlan) mehribanlaşır. Bəzən mədəni şəkildə yaxınlaşırıq ki, kameralar sizi çəkir, ehtiyatlı olun. Olmaz demirik, sadəcə məlumatlandırırıq. Xüsusilə də, bura dəniz kənarında yerləşir, daha çox cütlüklər, istirahətə gələnlər, xaricilər olur. Bilirsiniz ki, təxribata görə, bizdə çəkilişə icazə yoxdur. Xaricilər də şəkil çəkdirmək istəyir. Müəyyən qədər onları incitməməyə çalışırıq.

- Xaricilər bir də stansiyalarda tualetlərin olmamasından gileylənir, hətta bununla bağlı davanın da şahidi olmuşam. Əvvəllər “İçərişəhər" stansiyasında bu xidmət var idi, bağlanmasının səbəbi nə oldu?

- Mən bu barədə fikrimi dəfələrlə stansiya rəisinə bildirmişəm. Dedim ki, rəis bir gün bunun üstündə bizi döyəcəklər. Mən deyə bilmərəm bu, nə dərəcədə düzdür, ancaq hər şey təhlükəsizlik baxımından edilib. Amma mən Almaniyada olanda müşahidə etdim ki, orada stansiyalarda sərnişinlər tualetlərdən istifadə edə bilir. Onlarda varsa, bizdə niyə olmasın?! Yaşlılar, körpə uşaqlar, hamilə qadınlar var, onlara etiraz edə bilmirik. Mən dəfələrlə öz nəzarətim altında buraxmışam. Körpə uşaqlar var, deyirik icazə yoxdur. Bəs birdən özünü saxlaya bilməyib metronu batırsa necə? Bu vaxt xadimələr gəlməlidir, sərnişinlər narahat olur.

- Bəs qatarlardakı müşahidə kameraları da daim izlənilir?

- Yox, onları müntəzəm izləmirik, əgər nəsə baş verərsə, o zaman xüsusi kodlarla baxmaq mümkündür. İşdi birdən xoşagəlməz hal yaşandıqda sərnişin maşinistlə əlaqə saxlayır, maşinist polisləri məlumatlandırır. Qatar stansiyaya çatdıqda şübhəli şəxsi polislər qarşılayır.

Söhbətimiz davam etsə də, monitorların şüası, kondisianerin vurduğu hava və balaca kabinetdə getdikcə yaranan havasızlıq gözlərimi yaşardır. Bunu hiss edən müsahibim yenidən platformaya çıxmağı təklif edir. Bu, müsahibəyə başladığımız 1 saat ərzində artıq 3-cü dəfə otaqdan çıxışımızdır. Ancaq nəzarətçilər 12 saat boyunca bu otaqda oturub gün ərzində cəmi 3 dəfə monitorların qarşısından qalxa bilirlər.

Platformada nəzarətçilər yanımızdan keçən şəxsi göstərib Tağı müəllimə bənzədiyini deyirlər. Keçmiş rəhbəri ilə bağlı xatirələrini bölüşən Sədaqət xanım vəzifədən çıxarılandan sonra onu bir də görmədiyini deyir:

"Çox yaxşı insandır, çox da sevirdik. Tağı Əhmədov deyəndə metro, metro deyəndə Tağı Əhmədov ağla gəlir. O, bu işin fəhləliyindən çıxıb. Biz həm ondan, həm də yeni rəisdən çox razıyıq. İndi çox yeniliklər olur, ancaq keçmişi də unutmaq olmaz axı. Biz işə qəbul olanda Tağı müəllim bizi bir-bir qəbul edirdi, baxırdı ki, kimik. Çıxandan sonra heç qarşılaşmamışıq, ancaq görməyi çox istəyərdim. Ümumiyyətlə, bizim iş mühitimiz çox gözəldir. Özü də bizdə evliliklər çox olur. Daha çox maşinistlərimiz qatarları qəbul edib yola salan növbətçilərlə evlənirlər. Əvvəllər qadınların metroda, xüsusilə də, gecə saatlarında işləməsinə pis baxırdılar. Ancaq son vaxtlar bu münasibət aradan qaldırılıb".

 

Sədaqət xanımın dili ilə desək, bu iş heç bir fiziki güc tələb etmir, ancaq stabillik gün sonunda insanın bütün əzablarını çökdürür. Hər işin öz çətinlikləri, hər peşənin tələbləri var. Odur ki, biz də bütün metropoliten işçilərini peşə bayramı münasibəti ilə təbrik edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh