Özümü deyirəm. Mənə ayıb olsun ki, bu qədər təcrübəmin olmasına baxmayaraq ən adi vəziyyətdə belə bir səhvi buraxdım. Nə səhv olduğuna gəlincə, sırasıyla nəql edirəm.
Diqqətli dostlarım xatırlar. Bir müddət öncə maşınımın ustada olduğu haqqında paylaşım etmişdim. Bu, doğrudan da belə idi. Amma sadəcə maşın xarab olduğu üçün deyil. Qəza törətdiyim üçün maşınımı ustaya aparmalı olmuşdum. Əhvalatsa belə baş vermişdi.
Yanvarın 14-də (şənbə günü) hər zamankı kimi saat 12.30 radələrində evdən çıxıb işə gedirdim. Kefim kökdü. Yuxudan da bir az gec durmuşdum. Yorğunluq filan da yoxdu. Normal, sakit bir tərzdə Neapol küçəsindən üzü aşağı – Ukrayna dairəsinə doğru hərəkət edirdim. Bu yolu əzbər bildiyim üçün rahat idim.
Sol tərəfi – dairədən gələn maşınları buraxmalıyıq burda. Hər zamankı kimi bu dəfə də ətrafı müşahidə etdim. Görüntü əla idi. Lap uzaqdan bir "Mercedes" gəlirdi. Təxminlərimə görə, o maşın çatana qədər mən arxayın şəkildə dairəyə daxil ola bilərdim. Elə də etdim. Daxil oldum və bir də onda ayıldım ki, sol tərəfdən gələn "Volkswagen" markalı maşını vurdum.
Mən, təbii ki, diqqətsizliyimdən onu görməmişdim. O da düz qarşısındakı qayda pozan maşını gördüyü halda qəzadan yayına bilməmişdi. Toqquşma oldu. Sürət az olduğu üçün zərər yalnız maşınlara dəydi. Tez maşından düşüb o maşına yaxınlaşdım. Qapılarını açıb içəri baxdım. Vurduğum maşının sürücüsü də mənə yaxınlaşdı. Ön tərəfdə yaşlı bir qadın oturmuşdu. Halı xoşuma gəlmədi. Rəngi ağarmışdı. Arxada isə iki balaca uşaq vardı. Anlaşılan bu idi ki, qorxmuşdular. Özümü itirmədim, psixoloji yardım etməyə başladım. Amma qadının halına görə narahat idim. Sürücü oğlu idi. Sakitcə mənə dedi ki, anasıdır, ağır şəkər xəstəsidir. Bunu eşidincə dərhal təcili yardım çağırılmasını istədim. Oğlan çağırmağa tələsməsə də ondan xahiş etdim ki, heç nə gözləmədən təcili yardım çağırsın. Mənsə sığortaçıları və polisi dəvət etdim.
Şükürlər olsun ki, təcili yardım da, polis də, sığorta da vaxtında hadisə yerinə gəldi. Qadını apardılar və sonrakı müayinə göstərdi ki, heç bir xəsarəti yoxdur.
Amma təcili yardıma müraciət edildiyi üçün işi sadəcə DYP-yə deyil, təhqiqata göndərdilər. Yəni bürokratiya işimiz bir az çox olacaq. Hazırda proses davam edir, məsələ qanunlar çərçivəsində, uyğun şəkildə həllini tapacaq. Təbii ki, araşdırmasız belə, qəzanın səbəbkarı olduğumu bilirəm və bunun cəzasını da çəkəcəyəm.
Burada maraqlı bir məqama da diqqət çəkmək istəyirəm. Bəzi şəxslər deyir ki, adətən belə qəza zamanı xəsarət alanları gizlədirlər, sürücülər öz aralarında dil tapırlar ki, cəza yüngül olsun. Amma sən zərərçəkən tərəf tələb etmədiyi halda belə təcili yardım çağırtdırıb öz işini çətinləşdirmisən.
Bəlkə də düz deyirlər. Lakin onlara dediyimi burda yazsam, yəqin ki, hər kəs mənimlə razılaşacaq. Yuxarıda qeyd etdiyim kimi, yaşlı qadının rəngi xoşuma gəlməmişdi. Ola bilər ki, fiziki xəsarət almasın (bu, zatən belədir). Amma yaşlı və xəstə bir insanın mütləq həkim qayğısına ehtiyacı yarana biləcəyini düşündüm o an. Allah eləməmiş, ya o qadına bir şey olsaydı? Hətta günah məndə olmasaydı belə ömür boyu vicdan əzabı çəkməzdimmi? Ona görə də düşünürəm ki, cəzamın ağırlaşmasına səbəb olmasına baxmayaraq o anda ən düzgün qərarı vermişəm. Yeri gəlmişkən, belə ekstremal durumlarda çox soyuqqanlı davranan birisi olmağım da ayıq başla qərar verməyimə kömək edir.
…Mən bir qəza törətdim, insanları pərişan etdim. Buna görə özümü heç cür bağışlaya bilmirəm. Maşındır, dəmirdir, düzələcək. Özüm də heç. Amma heç tanımadığım insanlara həyəcan yaşatmağım yaxşı olmadı. Ayıb oldu yəni. Mənə ayıb oldu.
Yuxarıda, maşınımın ustada olmasını yazdığımı qeyd etmişdim. Orada həm də zarafatla bərkgedən dediyim dostlardan xahiş etmişdim ki, mənə bir aylıq bir maşın təşkil etsinlər. Sağ olsunlar, dərhal reaksiya verdilər, kimisi şərhlərdə, kimisi də özəldən yazaraq maşını hara gətirmək lazım olduğunu belə soruşdular. Yəni bir neçə saat içində xeyli sayda virtual dostum həvəslə öz maşınını mənə təklif etdi. Hətta xanımlar belə. Açığı, buna sevindim.
Eləsi də oldu ki, maşınının mənə layiq olmadığını, amma yenə də istifadəmə təqdim etməyə hazır olduğunu yazdı. Mənə belə bir anda maşın təklif edə bilmədiyi üçün təəssüflənənlər də vardı.
Minlərlə km ötədən belə həvəslə yardımçı olmaq istəyənlər oldu. Hamısı sağ olsunlar. Mən onların hər birinin bu səmimiyyətinə görə çox təşəkkür edirəm. Var olun, dostlar. Belə bir anda sadəcə bu qədər açıq ürəkli olmağınız mənə yetərlidir. Maşınsızam, qorxusu yoxdur. Amma əsas olan sizin kimi gözəl insanların bir çağırışıma belə ürəkdən hay verməyinizdir.
Nə deyim? Keçmiş olsun və təkrar mənə ayıb olsun. Özümə güvənən, daim qayda-qanunla yaşayan birisi olaraq mən belə bir səhv buraxmamalı idim…
Sözardı: Yəqin ki, mənim kimi geniş əlaqələri və imkanları olan başqa birisi belə qəza törətsəydi, onu ört-basdır edər, heç kimin xəbər tutmaması üçün çalışardı. Mənsə bu haqda düşünmədim belə…
Azər HƏSRƏT,