Yeni istifadəyə verilmiş körpünün buraxılış imkanları artdı - FOTO

Yeniliklər 25 Dekabr 2019 18:45 Oxunub 1641
Yeni istifadəyə verilmiş körpünün buraxılış imkanları artdı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu ilin 11 ayı ərzində Azərbaycana gəlmiş 900 min Rusiya vətəndaşlarının 70 faizi yerüstü nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər

Əvvəlki körpüdən sutka ərzində təqribən 500 yük, 800 minik avtomobili keçirdi. Yeni körpünün buraxılış imkanı bundan iki dəfə artıqdır. Samur çayı üzərindəki yeni körpü üç səviyyədə mühüm iqtisadi və humanitar əhəmiyyətə malikdir. Buraxılış imkanları genişləndirilmiş yeni körpü Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin intensivliyini artıracaq. Körpü Dağıstanla Azərbaycan arasında sərhədyanı ticarət əlaqələrinə təkan verəcək və humanitar əlaqələr üçün əlverişli imkan yaradacaq. Samur körpüsünün daha geniş miqyaslı beynəlxalq əhəmiyyəti də var. Ona görə ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan avtomobil yolunun üzərində yerləşir. 

Yeni körpü Azərbaycanın həyata keçirdiyi bütöv bir avtomobil yolları strategiyasının tərkib hissəsidir. 

Hazırda Azərbaycanın tikintisini həyata keçirdiyi, yaşayış məntəqələrindən yan keçən Bakı-Rusiya sərhədi avtomobil yolu da yaxın illərdə istismara veriləcək. Bakı-İran sərhədi istiqamətində uzanan yeni magistral yol isə hazırda istifadədədir. Bununla Azərbaycan ərazisindən Şimal-Cənub və geriyə istiqamətlərdə avtomobil yükdaşımalarına sərf olunan vaxt iki dəfə azalmış olacaq. Bu yollar və Samur çayı üzərindəki yeni körpü birlikdə beynəlxalq yükdaşımalarının həcmini artıracaq, paralel olaraq daşımalara sərf olunan vaxta qənaət ediləcək. 

Körpü və yollar turizmin inkişafına da təkan verəcək. Belə ki, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana gəlmiş 900 min Rusiya vətəndaşlarının 70 faizi yerüstü nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər. 

Odur ki, yeni körpü Rusiya ilə Azərbaycan arasında 2020-2022-ci illər üçün nəzərdə tutulmuş "Turizm sahəsində əməkdaşlıq Proqramı"nı reallaşdırmağa imkan verəcək.


Körpü keçidinin ümumi texniki göstəriciləri:

yolun texniki dərəcəsi – II;

körpünün yanaşmalarla birlikdə uzunluğu – 812 m.;

körpü qurğusunun uzunluğu – 325 m;

yanaşmaların ümumi uzunluğu – 487 m (109 m+378 m);

körpünün ümumi eni – 17,3 m;

hərəkət zolağının eni – 3,75 m (2 zolaqdan ibarətdir);

təhlükəsizlik zolağının eni – 2,0 m (2 zolaqdan ibarətdir);

yol örtüyü – asfalt-beton;

piyada keçidi hissəsi:

eni – 1,5 m (2 hissədən ibarətdir);

hündürlüyü – 3,2 m

müasir yük daşınma standartlarına uyğun hesablanıb. 

Qeyd edək ki, körpünün açılış mərasimdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin iştirak ediblər. Həmçinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının Azərbaycandakı səfiri M.Boçarnikov, Dağıstan Respublikasının Başçısı Vladimir Vasiliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımov və agentliyin digər rəhbər şəsləri, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirak ediblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh