Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun yenidən qurulması yekunlaşır - FOTO

Yeniliklər 6 Oktyabr 2020 11:12 Oxunub 964
Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun yenidən qurulması yekunlaşır  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkir rayonunun Şəmkir-Zəyəm-Düyərli (18 km)-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sonuncu mərhələdədir.

Agentlikdən Avtosfer.az-a bildirilib ki, 17 km uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli  Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişirdi. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb. 

Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınıb, yolun texniki  parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilib.

Bundan başqa yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 paqon-metr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunub, boru başlıqları dəmir-betonla inşa edilib, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçidi inşa edilir, yolun 1-ci km-də yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur.

Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır. Yol əsası hazır olan hissələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Ümumilikdə 100 min kv.m sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub.

Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 km-lik Şəmkir-Zəyəm-Düyərli avtomobil yolunun 18-ci km-dən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan-Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh