«Avtoş» bəyi öz toyunda həbs ediblər – DYP-dən açıqlama

Yol polisi 1 Dekabr 2014 15:01 Oxunub 2563
«Avtoş» bəyi öz toyunda həbs ediblər – DYP-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lənkəranda toy karvanında avtoxuliqanlıq edənlərdən ikisi məsuliyyətə cəlb olunub

Baş Dövlət Yol Polisi İdarəsi Lənkəranda toy karvanında avtoxuliqanlıq edənlərlə bağlı Avtosfer.az-ın yaydığı məlumata münasibət bildirib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyevin saytımıza verdiyi məlumata görə, videoda görünən «VAZ-2107» markalı, 90 MZ 703 və «VAZ-2106» markalı, 42 BJ 942 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri barəsində inzibati protokol tərtib olunub: «Bu videoda sosial şəbəkələrdə 2014-cü ilin aprelində yayılsa da, bu hadisə 2013-cü ilin aprelində baş verib. Qeyd olunan hər iki avtomobilin sürücüsü avtoxuliqan kimi məsuliyyətə cəlb olunub. Bununla bağlı onlara protokol yazılıb. Videodan da görünür ki, orada maşınlar çoxdur. Yol polisi bu vəziyyətdə nə edə bilərdi? Onlar yol polisinin yanından keçib gedəndən sonra təhlükəli hərəkətlər edirlər. Hətta həmin vaxt yol polisi əməkdaşları toy karvanındakı maşınlardan birini hərəkətdən kənarlaşdırıb. Onların hamısı cəzalandırılıb. Bir nəfər sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş, onu da cəzalandırıblar. İki nəfər isə məhkəmənin qərarı ilə avtoxuliqan kimi məsuliyyətə cəlb olunub».

Avtosfer.az xəbər verir ki, videoda görünən 90 MZ 703 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxsin həmin gün toyu olub. Görünür, yol polisi onu ya toy günü, ya da toydan sonra cəzalandırıb.

Xatırladaq ki, bu videomaterial bu il aprelin 4-də özünü Xaliqziya Əliyev kimi təqdim edən şəxs tərəfindən Youtube sosial şəbəkəsində yayılıb. Video artıq 50 min dəfəyə yaxın izlənilib. Hadisələr isə Lənkəran şəhərində cərəyan edir. Toy karvanına başçılıq edən «VAZ-2107» markalı, 90 MZ 703 dövlət nömrə nişanlı avtomobilin bütün şüşələri plyonka ilə tündləşdirilib və avtomobilin salonu görünmür. Onu müşaiyət edən avtomobillərin də əksəriyyəti «VAZ» markalıdır və əksəriyyətinin də üzərində «taksi» nişanı var. Amma bu maşınları idarə edənlər yolda elə oyunlardan çıxırlar ki, onların «taksi» nişanı ilə «avtoş»luğu gizlətməyə çalışdığını anlamaq çətin deyil. Təxminən 20-dən artıq avtomobilin Lənkəran şəhərinin mərkəzi küçələri ilə təhlükəli hərəkətlər etməsi, qarşı yola çıxması, qəza şəraiti yaratması, təhlükəli manevrlər etməsi az sonra şəhərin mərkəzindəki dairədə də davam edir. Özü də burada 4 Yol-Patrul Xidməti avtomobili də var. DYP əməkdaşları onların gözü qarşısında hər cür oyundan çıxan sürücülərin hərəkətlərini əvvəlcə sakit qarşılayır. Sonra DYP maşınlarının bir neçəsi də toy karvanına qoşulur. İlk olaraq 10 YP 650 dövlət nömrə nişanlı DYP avtomobili «avtoş»ların arasında görünür. Bir qədər getdikdən sonra DYP əməkdaşları karvanın yarısını saxlayır. Bu zaman hətta «avtoş»lardan biri yol polisi avtomobilinin qarşısını kəsir. Sonra hərəkət yenidən davam edir və «avtoş»lar elə DYP-nin gözü qarşısında öz əməllərini təkrar edirlər. 

Bu videoda ən maraqlı məqam odur ki, 10 YP 967 dövlət nömrə nişanlı DYP avtomobili 90 MZ 703 nömrəli avtomobillə yan-yana dayanır. «07»nin sürücüsü pəncərədən DYP əməkdaşına sənəd və pul uzadır. DYP əməkdaşı sürücünün verdiklərini alır, amma az sonra nə fikirləşirsə, geri qaytarır. Sürücü yenidən polisə nəsə uzadır. Bu dəfə qəbul olunmur. Sonrakı kadlardan görünür ki, 10 YP 260 dövlət nömrə nişanlı DYP avtomobili də «avtoş»larla biryerdə hərəkət edir. Amma toy karvanını dayandırmırlar. Onlar hətta şəhərin mərkəzindəki dairədə əməlli-başlı şou göstərirlər.

Ən biabırçı məqam odur ki, DYP-nin bu hərəkəti və ya acizliyi ətrafdakı insanlar və karvandakı sürücülər tərəfindən gülüşlə qarşılanır. Onlar sanki DYP-ni ələ saldıqlarını düşünərək bundan zövq alırlar. 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh