Bakıda genişmiqyaslı reyd; bir gecədə 100 sürücü cərimələndi, həbs olunanlar var - FOTOLAR

Dekabrın 5-dən 6-na keçən gecə Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək məqsədilə, habelə sərxoş və avtoxuliqanlıq edən sürücülərə qarşı genişmiqyaslı reyd keçirilib. Reyddə 100-ə yaxın sürücü cərimələnib. Həbs olunanlar da var… Belə ki, paytaxtın bütün ərazilərini əhatə edən reyddə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri, bölmə və şöbə rəisləri, 8 və 11-ci tağımın, eləcə də eskort-müşaiyət tağımının şəxsi heyəti iştirak edib. Təxminən 50-yə yaxın yol polisi əməkdaşının qatıldığı reyd zamanı avtoxuliqanlıq edən, sərxoş vəziyyətdə avtomobil idarə edən, eləcə də yol polisinə qarşı kobudluq göstərərək tabe olmayan onlarla sürücü saxlanılıb.
Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata görə, reyd zamanı tabesizlik nümayiş etdirərək yol polisinə qarşı müqavimət göstərən 17 sürücü barəsində müvafiq tədbir görülməklə cərimələnib. Bundan əlavə, avtoxuliqanlıq edən 16 sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində protokol tərtib olunduqdan sonra rayon məhkəmələrinə aparılıb və hər biri barəsində müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarılıb.
Reyd zamanı sərxoş vəziyyətdə «avtoş»luq edən sürücülərə də rast gəlinib. Onların sayı 4 nəfər olub və saxlanılaraq məhkəmələrə aparılıblar. Ümumilikdə isə reyddə avtomobili sərxoş vəziyyətdə idarə edən 36 sürücü aşkar olunaraq barələrində tədbir görülüb. Həmin sürücülər cərimələnməklə yanaşı, avtomobilləri cərimə meydançasına aparılıb.
Yol polisindən qaçmağa çalışan 6 sürücünü saxlamaq üçün süni sıxlıq yaradalıb və onlar saxlanılıb. Yalnız bir sürücü Babək prospektində qaçıb aradan çıxmağı bacarıb. Yol polisinin qanuni tələbini yerinə yetirməyərək avtomobilin açarlarını və sənədləri təqdim etməyən bir sürücünün avtomobili isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb.
Gecə yarısı yol polisinə tabe olmamaqla yanaşı, fiziki güc tətbiq etməklə kobudluq edən, DYP maşınlarına qəza şəraiti yaradıb qaçmağa çalışan bir neçə sürücü isə Post-Patrul Xidməti əməkdaşları tərəfindən polis bölmələrinə aparılıb.
Artıq 20 gündür istifadəsi qadağan olunmasına baxmayaraq pərdə və plyonka ilə avtomobil idarə edən 6 sürücü də yol polisi tərəfindən cərimə edilib. Avtomobillərdən plyonkalar yerindəcə soyulub, pərdələr yığışdırılıb. Nəqliyyat vasitəsini heç bir sənəd olmadan idarə edən 3 sürücü də saxlanılıb. Onların hər üçünün maşının cərimə meydançasına aparılıb. Həmin sürücülərdən yalnız biri 3 saat ərzində sənədləri tapıb gətirdiyi üçün avtomobil cərimə meydançasından buraxılıb. DYP əməkdaşları avtomobili palçıqlı, dövlət nömrə nişanı görünməz halda idarə edən 2 sürücünü də cərimələyib. Reyd zamanı psixotrop maddənin təsiri altında avtomobil idarə edən 1 sürücü saxlanılıb.
Aeroport yolunda keçirilən reyd zamanı isə yüksək sürətlə hərəkət edən, səsboğucu qurğusuna müdaxilə olunduğu üçün gurultulu səs çıxaran 6 bayker saxlanılıb. Onların idarə etdiyi motosikletlər də cərimə meydançasına aparılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür reydlər mütəmadi keçiriləcək: «Çünki son vaxtlar yol hərəkəti qaydalarının pozulması halları narahatçılıq doğurub. Əsasən də gecə saatlarında sərxoş və avtoxuliqanlıq edən sürücülərlə bağlı məlumatlar əldə edirik. Belə hallara qarşı mübarizə aparmaq məqsədilə rəhbərliyin də iştirakı ilə genişmiqyaslı bir reyd keçirmək qərarına gəldik. Kütləvi informasiya vasitələrinin də qatıldığı reyddə məqsəd odur ki, kobud qayda pozuntusuna yol verən, yol polisinə qarşı hətta fiziki güc tətbiq edən sürücüləri aşkar edib cəzalandıraq. Həm də, ictimaiyyət belə sürücüləri tanısın. Hesab edirik ki, bu cür kobud sürücüləri ictimai qınağa cəlb etməklə qaydalara əməl etmək vərdişini aşılaya bilərik. Bu baxımdan, belə reydləri mütəmadi şəkildə keçirəcəyik».
P.S. Reydlə bağlı maraqlı video və fotoları, eləcə də daha ətraflı yazını az sonra təqdim edəcəyik.
Elməddin Muradlı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO
Bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə - DYP-dən XƏBƏRDARLIQ - VİDEO













































