Bakıda yol qəzalarının sayında azalma qeydə alınıb
Oktyabrın 22-də Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, bütün uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitiyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və təhlükəsşzliyin təmini sahəsində Daxili İşlər Nazirliyi və onun əsas qurumlarından biri olan Bakı Şəhər BPİ üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirib. Müşavirə iştirakçılarına 9 ay ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib. Məruzədə qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.706 (8.752) cinayət qeydə alınıb ki, onların da 81,6%-i (7.104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1.602-i) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%; qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%; adam oğurluğu faktları isə 2 dəfə azalıb.
Cinayətlərin 75,9%-nin (ötən il 70,1%), ağır növlərinin 77,9%-nin (72,4%), qeyri-aşkar şəraitdə baş verənlərin 64,7%-nin (57,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3%-i (91,2%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (90,7%), adam öldürməyə cəhdlərin 89,5%-i açılıb. Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılıb.
2015-ci ilin 9 ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1106 nəfərdən 65,6%-i (-2,2%, 725-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 456 nəfərdən isə 51,1%-i tutulub. Bununla yanaşı, 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.
Narkotiklərlə bağlı aşkar edilmiş 1074 (1112) fakt üzrə qanunsuz dövriyyədən 227 kq 156 qram (205 kq 568 qr) narkotik vasitə çıxarılıb.
Paytaxt ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,2%, həlak olanların sayı 19,2%, xəsarət alanların sayı isə 3,3% azalıb. Baş vermiş 497 (ötən il 579) yol-nəqliyyat hadisəsində 168 (ötən il 208) nəfər həlak olub, 645 (ötən il 667) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmış, bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən bütün aksiyaların qarşısı alınıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin gəlişi ilə bağlı tədbir və mərasimlər zamanı ictimai asayiş tam təmin olunub.
Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmamazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2015-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirmiş, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.
Elməddin