Banner

Baş DYP-nin əməkdaşları gecələr Bakıda bu küçələri mühasirəyə alır - FOTO

Yol polisi 12 Fevral 2015 03:15 Oxunub 5593
Baş DYP-nin əməkdaşları gecələr Bakıda bu küçələri mühasirəyə alır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Neolit» restoranın ətrafında sərxoş sürücüləri saxlayan DYP əməkdaşları onların sənədlərini alıb 412-ci otağa çağırır

Bir neçə aydır ki, Avtosfer.az-a müraciət edən sürücülər gecələr Baş Dövlət Yol Polisi İdarəsinə məxsus yol-patrul xidməti avtomobillərində xidmət aparan yol polisi əməkdaşlarının Bakı şəhəri ərazisində sürücüləri saxlayıb cərimələdiyini bildirirlər. Məlumata görə, 10 YP 742, 10 YP 743, 10 YP 749 dövlət nömrə nişanlı DYP avtomobilləri daha daha çox diqqəti çəkir. Belə ki, bu avtomobillər adətən «Neolit» restoranının yerləşdiyi küçədə və həmin küçə ilə kəsişən küçə və yollarda xidmət aparırlar. Səbəb isə məlumdur; sərxoş sürücülərlə mübarizə. Amma məsələ burasındadır ki, Bakı şəhərində bu qədər DYP əməkdaşı və DYP avtomobili ola-ola Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının da paytaxt ərazisində bu cür vahiməli hərəkətləri suallar yaradır. Əgər söhbət təhlükəsizliyin birgə təmin olunmasından, sərxoş sürücülərə qarşı mübarizədən gedirsə, niyə məhz «Neolit» restoranının ətrafındakı küçə və yollar nəzarətə götürülür? Bakıda yüzlərlə restoran, şadlıq evi, kafe var…

Avtosfer.az-ın əməkdaşı bir neçə gün əvvəl həmin avtomobillərdən birinin – 10 YP-749-un fotolarını «Neolit»in yanında çəkib. Fotolardan da görünür ki, DYP avtomobilində xidmət aparan yol polisləri sürücüləri saxlayıb yoxlama aparır. Sürücülər bildirir ki, həmin yol polisləri sərxoş sürücü aşkarladıqda, maşını cərimə meydançasını aparırlar, sürücünün sənədlərini isə özləri ilə götürüb, «sabah Baş Dövlət Yol Polisi İdarəsində 412-ci otağa yaxınlaşarsan» deyib, gedirlər.

Əməkdaşımızın apardığı müşahidələrdən məlum olub ki, həmin yol patrul xidməti maşınları hətta sürücülər üçün təhlükəli vəziyyət də yaradırlar. Onların qəflətən yola çıxıb sürücüləri təqib etməsi ərazidə, xüsusən də «Koroğlu» metrostansiyası tərəfə gedən yoldakı dairədə vahiməli vəziyyət yaradır və sürücülər çaşqınlıq içərisində qalırlar. Həmin ərazidə az qala dəqiqəyə bir maşın saxlayıb yoxlayırlar. Əksər hallarda isə sürücülərin ağzını iyləyib «Hoo» elətdirib yola salırlar. Hətta, vəziyyət o həddə çatıb ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının «Neolit»in yaxınlığında saxlayıb yoxladığı sürücüləri «Koroğlu» metrostansiyası yaxınlığındakı dairədə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yenidən saxlayıb yoxlama aparırlar.

Bu və digər hallar isə sürücülərin narazılığına səbəb olur. Belə çıxır ki, eyni funksiyanı yerinə yetirən DYP əməkdaşları ayrı-ayrı idarələri təmsil etdikləri üçün bir-birlərindən xəbərsiz işləyirlər, əlaqə qurmurlar.

Bakı şəhəri ərazisində saxlanılan sürücülər şəhərdən xeyli uzaqda yerləşən Baş DYPİ-yə çağırılmalarına etirazlarını bildiriblər. Onların dediyinə görə, əgər qayda pozulursa, DYP bunu aşkar edirsə, məsələ şəhər ərazisində həllini tapmalıdır: «Cərimə yazılıbsa, sənədləri nə üçün özlərində saxlayırlar? 412-ci otağa gedən sürücülərdən qanuni cərimədən qat-qat artıq pul tələb olunur. Üstəlik, vaxtımız da çox gedir. Bakı şəhəri ərazisində və yaxud da, qeydiyyatda olduğumuz ərazi üzrə DYP şöbəsində bu məsələləri daha tez həll etmək mümkündür. Həm vaxt, həm də qanuni cərimədən daha artıq pul itirmək xoş deyil. Başa düşürük ki, sərxoş halda maşın sürmək doğru deyil. Bakı şəhərində tutulan sürücülərdən eşidib bilirik ki, onların vaxtı çox getmir. Amma Xırdalana gedib Baş İdarədə məsələ həll eləmək çətin məsələdir».

Əslində, bizim üçün də qaranlıq qalan bir məqam var ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları niyə məhz gecələr və təxminən eyni küçədə bu cür vəziyyət yaradırlar. Bunu hansı əsasla, hansı təlimatla edirlər? Bəlkə, onların dislokasiya üzrə xidməti ərazisində «Neolit»in yanı yazılıb? Yazılıbsa da, bu məsələni Bakı şəhər DYP İdarəsi və ya rayon DYP şöbələri ilə birlikdə həll etmək olar ki, sürücülər ertəsi gün məsələni həll etmək üçün daha yaxın idarəyə müraciət etsinlər. Biz də tərəfdarıyıq ki, sərxoş sürücülərə qarşı mübarizə aparılmalıdır. Amma təkcə bir küçədə, bir restoranın ərazisində yox. Özü də, nədənsə Baş DYPİ-nin əməkdaşları «Neolit»in yanında yalnız gecə saat 9-dan 12-yə kimi «işləyirlər». 12-dən sonra yəqin, sərxoş sürücülər olmur. Ya da, plan dolur…

Hər halda, ümid edirik ki, Baş DYPİ bu məsələyə aydınlıq gətirəcək.

Sürücülərin verdiyi son məlumatlara görə, Baş DYP əməkdaşlarını gecə paytaxt ərazisində xidmətə çıxmalarını onunla əsaslandırıblar ki, idarə rəhbərliyi bununla bağlı göstəriş verib. İdarədə xüsusi tağım yaradılıb və bu tağımın əməkdaşları əsasən toy mövsümündə sərxoş sürücülərə qarşı reydlərə çıxırlar.

 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh