Bu gün onların günüdür – Şanlı Azərbaycan polisi – FOTO

Yol polisi 2 İyul 2016 02:55 Oxunub 17450
Bu gün onların günüdür – Şanlı Azərbaycan polisi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar polisdən çəkindiyi üçün əhatələrini genişləndirə bilmirlər

Bu gün onların günüdür – Azərbaycanın şanlı polisinin. Bu gün şablon cümlələri, standart düşüncələri bir kənara qoyub onlar haqqında yazmaq, səmimi fikirlərimi bölüşmək istəyirəm. Bəzən Avtosfer.az saytı olaraq birbaşa yol polisinin fəaliyyətinə tənqidi yanaşarkən bəziləri tənqidlə təhqiri səhv salır, çatışmazlıqları deyəndə onu həll etmək əvəzinə bizi qərəzli olmaqda günahlandırırlar. Lakin bugünlərdə tədbirlərin birində DYP-nin rəhbər şəxslərindən biri ilə görüşərkən «tənqid olmasa, inkişaf da olmaz» deyib mənimlə səmimi şəkildə görüşməsi çox xoş oldu və anladım ki, bizi normal qəbul edənlər heç də az deyil. Ona görə də evimizə oğru girəndə, cibimizdən bir manat oğurlananda, kiminsə dava etdiyini görəndə, haradasa qəza baş verəndə üz tutduğumuz, zəng edib çağırdığımız və inamla gəlməsini gözlədiyimiz Azərbaycan polisinin şanlı keçmişinə və bugününə qısa nəzər almaq qərarına gəldim.

Həqiqətən də, elə bir insan yoxdur ki, çətinliyə düşəndə, başına bir iş gələndə ilk olaraq polisə müraciət etməyi düşünməsin. Başqa dövlət qurumlarını demək çətindir, amma Daxili İşlər Nazirliyinin 102 qaynar xətti həqiqətən «qaynar xət»dir. Bura gün ərzində yüzlərlə insan ümidlə, inamla müraciət edir. Dərhal da reaksiyanı görür. Başqaları yeni-yeni «qaynar xətt» yaradanda Daxili İşlər Nazirliyi 102-ni təkmilləşdirdi və əlavə olaraq yol hərəkəti iştirakçıları üçün ayrıca 902 xidmətini istifadəyə verdi. Amma bu gün 102 yenə də çoxlarının ümid yeridir. Haqsızlıqla üzləşəndə, bir cinayətə şahid olanda, çətinliyə düşəndə ilk müraciət edilən ünvan məhz Daxili İşlər Nazirliyi – polis və onun 102 xidməti yada düşür. İnsanlar hadisə yerinə polisin gəldiyini görəndə rahat olur, arxayınlaşır, özünü güvəndə hiss edir.

Ola bilər ki, bəzən insanlar nədənsə narazı qalır, neqativ hallar baş verir. Lakin bunun da qarşısı alınır. Özü də birbaşa DİN-in rəhbərliyi, xüsusən də nazir Ramil Usubov tərəfindən. Ola bilməz ki, hansısa polisin fəaliyyətindən şikayət edən vətəndaş etdiyi müraciətin nəticəsini görməsin. Düzdür, bəzən vətəndaşlar da aqressiyaya qapılaraq polisə qarşı şər-böhtan «taktikasına» keçirlər. Lakin DİN rəhbərliyi bunun da çarəsini tapıb. Artıq yol polisi əməkdaşlarının hər birinin yaxasında xüsusi səsyazma cihazı var ki, onun vasitəsilə sürücü ilə yol polisi arasında gedən bütün söhbətlər qeydə alınır və DYP rəhbərliyi bunu izləyə bilir. Bundan əlavə, ölkəmizdə küçə və yollarda xeyli müşahidə kameraları var və bununla yanaşı, patrul maşınlarının özündə də kameralar yerləşdirilib. Bütün bunlar polislə vətəndaş arasında münasibətlərin şəffaf olmasına xidmət edən amillərdir. Odur ki, hər bir vətəndaşın, sürücünün polislə bağlı şikayəti araşdırılarkən səsyazma cihazının və kameraların verdiyi imkanlardan istifadə edilir. Fakt təsdiqini taparsa, həmin polisin cəzasız qalacağına inanmaq mümkün deyil. Lakin o da var ki, bəzən vətəndaşlar şər-böştana əl atır, səs yazısına qulaq asdıqda, videoya baxış keçirildikdə utanaraq başını aşağı salıb gedir. Belə hallar da çox olub. Məsələn, vətəndaş şikayət edib ki, polis məni təhqir etdi. Amma səs yazısına qulaq asanda məlum olur ki, vətəndaş polisin qanuni tələbini yerinə yetirmir, «mən filankəsəm, gör səni nə günə qoyacam» kimi küçə sözləri ilə qabaqdangəlmişlik edir. İstəyinə nail ola bilməyəndə isə polisə şər atıb şikayət edir. Amma vay o günə ki, polis doğrudan da vətəndaşın hüquqlarını pozsun, qanundan kənar hərəkət etsin…

Şəxsən mən dəfələrlə şahidi olmuşam ki, kiçik bir səhvə görə polisi ağır şəkildə cəzalandırıblar, rütbəsi azaldılıb, töhmət və ya şiddətli töhmət verilib, ən sonunda isə işdən azad olunanlar da az deyil. Bütün bunlar o deməkdir ki, polis ictimai asayişin qorunub saxlanmasına, cinayətkarlığa qarşı mübarizəyə, yol hərəkəti təhlükəsizliyinə nəzarət etdiyi kimi, polisin özünə də nəzarət var. Elə rəhbərliklə yanaşı, mətbuatın, vətəndaşların da «ictimai nəzarət» adlandırdığımız nəzarət funksiyası artıq işləyir. Bu gün nəinki Avtosfer.az saytında, digər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə polislə bağlı yayılan hər hansı məlumat, foto və video dərhal DİN rəhbərliyinin göstərişi ilə araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat verilir. Bəzi dövlət qurumları müxalifətyönümlü mətbuata reaksiya verməyi, hansısa yazıya cavab verməyi özünə rəva bilmədiyi halda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri və əməkdaşlarının az qala hər gün həmin mətbuat orqanlarında açıqlamalarını oxuyuruq. Məsələn, «Azadlıq» qəzetinin yazdıqlarına reaksiya verən, rəsmi mövqeyini bildirən yeganə dövlət qurumu bəlkə də Daxili İşlər Nazirliyidir. Başqaları düşünür ki, o qəzetin yazdığına cavab vermək və ya münasibət bildirmək günahdır, yaxşı olmaz və s. Amma DİN-in yanaşması belə deyil. Bu o deməkdir ki, DİN mətbuata fərq qoymur.

Mənim bildiyim qədəri ilə mətbuatda bu cür əməkdaşlağın qurulmasında şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun böyük əməyi var və buna görə bir jurnalist kimi cənab nazirə təşəkkür edirəm. Düşünürəm ki, mətbuatın yazdıqlarına diqqətlə yanaşan və araşdırılmasına göstəriş verən məmurların ilk üçlüyündə Ramil müəllimin də adını çəkmək olar.

Jurnalist o zaman sevinir ki, onun yazdığı yazıya reaksiya verilir, hansısa məsələ həll olunur. Şəxsən mən bu hissi Daxili İşlər Nazirliyi sayəsində dəfələrlə yaşamışam. Bu baxımdan, polisə inamım və etibarım sonsuzdur.

Cənab nazirdən xahiş edərdim ki, əvvəllər olduğu kimi, yenə də hərdən jurnalistlərlə görüşsün, suallarımızı cavablandırsın. Xatırlayıram, illər öncə Ramil Usubov jurnalistlərlə ildə ən azı 2 dəfə görüş təşkil edib bütün suallara cavab verirdi. Və bu cavablar aylarla müzakirələrə səbəb olurdu, müxtəlif məsələlər həllini tapırdı. Ümid edirəm ki, belə görüşlər yenə də baş tutacaq.

Ümumilikdə götürəndə jurnalistlərin polislə əməkdaşlığında elə də ciddi problem yoxdur. Məlumat almaq, hansısa xəbərə münasibət öyrənmək çətin məsələ deyil. Amma bu işi bir az da təkmilləşdirib cəmiyyət üçün təbliğat xarakterli daha böyük işlər görmək olar.

Biz sırf yol hərəkəti qaydalarının təbliği ilə məşğul olduğumuz üçün hesab edirik ki, yol polisi ilə birlikdə təbliğatı bir gün də dayandırmadan yüksək səviyyədə qurmaq olar. Bu gün cəmiyyətimizdə buna böyük ehtiyac var və dünya təcrübəsinə əsaslanaraq bu iş sistemli şəkildə və DİN-in birbaşa dəstəyi ilə qurulmalıdır. Yəni, sürücüləri, piyadaları, yol hərəkəti iştirakçılarını əvvəlcə öyrətmək, sonra əməl etməyi tələb etmək lazımdır. Bunun incə məqamları var. Bu baxımdan, belə məsələləri birlikdə müzakirə edib faydalı qərarlar qəbul etmək mümkündür.

Təbii ki, iş olan yerdə nöqsan da olur. Lakin bəzən polisin fəaliyyəti ilə bağlı elə ciddi nöqsanlar ortaya çıxır ki, cəmiyyətdə dərin iz buraxır və yaxşı qarşılanmır. Bu baxımdan, polislə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər daha da genişləndirilməlidir. Mən özüm bir jurnalist və qeyri-hökumət təşkilatının rəhbəri ilə dəfələrlə yol polisləri ilə ünsiyyətdə oluram və hər dəfə yazılan və yazılmayan qanunları müzakirə edib maraqlı fikirlər ortaya qoya bilirik. Məsələn, mən tam məsuliyyətimlə deyirəm ki, yol polisi əməkdaşları sürücülərə qarşı qayda-qanunu 100 faiz tətbiq etmiş olsa, əksəriyyət başını götürüb qaçar və ya maşın sürməz. Çünki qayda-qanuna əməl etmək istəyənlər və ya bunu bilənlər azdır. Nümunə üçün deyim ki, svetoforun qırmızı işığında dayanarkən stop xətti keçən sürücülərin sayı yüzlərlədir, lakin yol polisi dərinə getmir. Svetoforda piyada keçidinin üstündə dayananlar çoxdur, amma bəlkə də nadir hallarda cərimə olunurlar. Təhlükəsizlik kəmərini taxmayanlar, mobil telefondan istifadə edənlər o qədərdir ki, onların hamısına cərimə yazılsa, o zaman sürücülər başa düşəcək ki, yol polisi onlara indiyə kimi həqiqətən də hörmət edib. Sürücülər var ki, qayda pozsa belə yol polisi qarşısında səmimi etiraf və üzrxahlıq edirsə, onu da yola verirlər.

Əksər hallarda yazılmamış qayda-qanunlar da işləyir. Məsələn, qanunda olmasa da, əksər hallarda yol polisləri bilir ki, maşında ailə-uşaq varsa salona boylanmaq olmaz. Çox vaxt sürücü maşından düşənə kimi yol polisi maşının arxasında dayanıb gözləyir ki, sürücü ora yaxınlaşsın. Yəni, bütün bunlar bizim mental xüsusiyyətlərimizdir və qarşılıqlı şəkildə bir-birimizi anladığımızı göstərir.

Nöqsanlara gəlincə, nöqsan yenə də var və bunu gizlətmək doğru deyil. Məsələn, bəzən yol polislərinin sürücülərlə ünsiyyətində hələ də kobudluq müşahidə olunur. Getdikdə bu tendensiya azalsa da, rast gəlinir. Bu baxımdan, YPX əməkdaşları ilə psixoloqların işləməsini genişləndirmək lazımdır. Ən vacibi isə YPX əməkdaşlarının istirahət məsələsi həllini tapmalıdır. Hər dəfə demişəm, yenə də təkrar edirəm, Bakıda elə yol polisləri var ki, səhər saat 8-də xidmətə başlayıb axşam saat 12-də evə gedir. Təbii ki, bu, hər gün olmur, amma bu məsələ kökündən həll edilməlidir. Düşünürəm ki, gün ərzində 8 saat işləyən, normal istirahət rejimi olan polis əməkdaşından normal iş tələb etmək daha ədalətli olardı, nəinki 12-14 saat işləyənlərdən. 8 saat işləyən əməkdaş əlbəttə, nizam-intizamı qoruyacaq, vətəndaşla münasibətdə tez hövsələdən çıxmayacaq, yorğunluq və psixoloji gərginliyin acısını sürücüdən, vətəndaşdan çıxmayacaq.

Ümumilikdə, polislə bağlı görüşləsi işlər çoxdur və biz də bu işlərdə öz dəstəyimizi göstərməyə hər zaman hazırıq. 

Başda daxili işlər naziri, general-polkovnik Ramil Usubov olmaqla, şəxsən tanıdığım, qiyabi tanışlıq etdiyim, haqqında eşidib bildiyim bütün polis əməkdaşlarını Polis Günü münasibətilə təbrik edirəm. Polissiz bir günümüz olmasın. Polis vətəndaşın, cəmiyyətin və dövlətin dayağı, sarsılmaz ümid yeridir. Polis ictimai asayişi, təhlükəsizliyi, sabitliyi qorumaqla yanaşı, tarixi kökü olan mədəniyyətimizin də qorunub saxlanmasında rol oynayır. Polis olmasa cəmiyyətdəki mədəniyyətsiz ünsürlər öz iyrənc, ikrah doğuran davranışları və hərəkətləri ilə başqalarına da pis nümunə olub bizi uçuruma aparar. Onlar polisdən çəkindiyi üçün əhatələrini genişləndirə bilmirlər.

Sərhəddə sərhədçilər, cəbhədə əsgərlər Azərbaycanı qoruduğu kimi, daxildə də polis qoruyur. Kənardan kimin gəldiyini, kimin nə edəcəyini bilib qarşısını almaq asandır. Lakin daxildə kimin nə zaman nə edəcəyini bilmək olmur. Bu baxımdan, polisin işi çətin, məsuliyyətli və şərəflidir. Hər kəs polisə inanmalı və dəstək olmalıdır.

Sevindirici haldır ki, polis əsgərin də, sərhədçinin də, yanğınsöndürənin də, təcili yardımın da işinə kömək edir. Cəbhədə aprel hadisələrində polis əməkdaşı yaralandı, biz orada Yol-Patrul və Post-Patul xidmətlərinin əsgərlərimizə necə dəstək olduğunu gördük. Bakıda yanan binadan, evdən uşaqları xilas edən polisləri gördük. Ən əsası isə daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfərinin birinci Qarabağ savaşında şəhid olduğunu unutmayaq.

98 yaşlı Azərbaycan polisinə uğurlar arzulayıram…

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh